Saç ustası ağ saçlar haqqında miflərdən danışdı

Saç ustası ağ saçlar haqqında miflərdən danışdı

"Ağarmış saçları qoparmaq düzgün yanaşma deyil. Bu, bir mifologiyadır".

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı məşhur saç ustası, "İqrı razuma" saç rəngləmə məktəbinin əsasını qoyan, "Pilyul" saça qulluq brendinin yaradıcısı Tatyana Lisina deyib və bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb.

O, ağ saçların çıxarılmasının bu prosesi dayandıra biləcəyi fikrini təkzib edib.

“Belə bir mif var ki, bir saçı qoparanda əvəzində yeddi saç böyüyəcəkdir. Amma bu da doğru deyil. Bu cür miflərə inanmaq olmaz”, - deyə o bildirib.

Daha sonra Lisina növbəti mifdən - ağaran saçların qarşısını alan və saçın təbii rəngini bərpa edən dərmanlar haqqında danışıb.

Mütəxəssis bunun sadəcə marketinq hiyləsi olduğunu vurğulayıb.

“Vaxtı geri qaytara biləcək vitaminlər yoxdur. Olsa da, bu tezliklə baş verməyəcək, əks halda bütün dünyada saç ustaları (kolorist-red.) müştərilərini itirəcəklər. Bu heç kimə sərfəli deyil”, - ekspert mövzuya aydınlıq gətirib.

Lisina izah edib ki, saçların tez ağarması irsi olur:

"Bundan əlavə, bu proses maddələr mübadiləsi ilə bağlı problemlər və ya B qrupunun vitamin çatışmazlığı ilə bağlı ola bilər.Bunun üçün xüsusi maskalar və balzamların köməyi ilə saçlarınızı kənardan vitaminlərlə qidalandıra bilərsiniz, həmçinin tərkibində E vitamini olan qidalar yemək lazımdır", - deyə o əlavə edib.

“Belə bir fikir var ki, saçlar stress səbəbindən ağarır. Ancaq burada, çox güman ki, stressli anlarda bədəndə baş verən hormonal dəyişikliklərdən danışmaq lazımdır. Hormonal pozğunluq, öz növbəsində, melatonin istehsalının pozulmasına səbəb olur. Beləliklə də, saçlar ağarmağa başlayır", - deyə Lisina qeyd edib.

Bildirək ki, mütəxəssis ağ saçların uzanma prosesinin sürətlə getməsini təsdiqləyib:

"Ağ saçlar ayda orta hesabla iki santimetr uzanır, amma ağarmamış saç ay ərzində bir santimetrdən çox uzanmır", - deyə o izah edib.
Onun sözlərinə görə, bu faktın heç bir elmi izahı yoxdur.

Sevinc Tapdıqqızı
Cebhe.info