“Oqtay Eloğlu” tamaşası gənclərin təqdimatında səhnəyə qoyulacaq

“Oqtay Eloğlu” tamaşası gənclərin təqdimatında səhnəyə qoyulacaq

Martın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında hazırlanan “Oqtay Eloğlu” tamaşası oynanılacaq.

"Cebhe.info"xəbər verir ki, tədbir “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və ADA Universitetinin dəstəyi, “OCAQ” Teatr Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq. 

Qeyd edək ki, tamaşa 10 Mart – Milli Teatr Gününə həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd istedadlı gənclərin tanıdılması, eləcə də, müstəqil teatr cəmiyyətləri və klublarının birgə fəaliyyətini təşviq etməkdir.

1922-ci ildə yazılmış bu əsərdə vətənini və xalqını hədsiz məhəbbətlə sevən sıravi bir aktyorun, sadə bir vətən övladının milli teatr yaratmaq uğrundakı mübarizəsindən, onun bu yolda qarşılaşdığı çətinlik və məhrumiyyətlərdən bəhs olunur.

Əsərin əsas qəhrəmanı Oqtaydır. Oqtay aktyordur, yaradıcı bir sənətkardır. Oqtay öz qarşısına yüksək, lakin yüksək olduğu qədər də çətin bir vəzifə qoyub. Onun ən yüksək arzusu, həyat idealı Azərbaycan xalqının teatrını yaratmaq və onu inkişaf etdirməkdir. Onun nəzərində milli teatr xalqın özünüdərkidir.

Çünki millət özünü təsdiq etmək istəyirsə, öz teatrının, milli mədəniyyətini yaratmalıdır. Bunu isə millət üçün başqaları yox, ancaq öz qeyrətli övladları yarada bilər.

Tamaşanı izləmək istəyənlər biletləri iticket.az saytından əldə edə bilərlər.

"Cebhe.info"