Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? - Ekspert rəyləri

Vətən müharibəsi və qəhrəmanlarla bağlı filmlər niyə çəkilmir? - Ekspert rəyləri

Bu gün 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından 4 ilə yaxın vaxt keçib.

Aradan uzun müddət keçməsinə baxmayaraq, tarixi qələbəmizlə bağlı ərsəyə gətirilmiş film görmürük. Hansı ki, bu cür filmlər Vətən müharibəsi, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün körpü rolunu oynaya bilər.

Maraqlıdır, bu cür filmlər niyə çəkilmir? Azərbaycan film industriyası belə kinoların ərsəyə gətirilməsinə hazır deyilmi?

Məsələ ilə bağlı Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, müharibənin elmi fəlsəfəsi, görünən və görünməyən tərəflərinin psixologiyası tam öyrənilməlidir, ortaya böyük ədəbi əsər ortaya çıxmalıdır:

"Kinonun mənbəyi ədəbi materialdır. Ssenari olmalıdır və peşəkar Azərbaycan kinostudiyası tam bərpa olunmalıdır. Bizim texniki, maddi imkanlarımız ağır müharibə mövzuları çəkmək üçün hələ hazır deyil. Necə deyərlər, şapalaqla üz qızartmağa da ehtiyac yoxdur.

Düşünürəm ki, müharibə, onun timsalında şəhidlərimiz, qazilərimiz, səfərbər olunan dövlətimiz də, o cümlədən müharibənin arxasında dayanan satqınlar da bütün təfərrüatı ilə bütün dünyaya bəllidir.

Müharibə insanların tarixində faciədir, həm də böyük bir xalqın tarixidir. Bunlar kompleks şəkildə hazırlanılmalıdır. Kino böyük bir istehsalat tələb edən sintetik bir sənətdir, bura bütün sahələr təhkim olunur.

"Şərikli çörək", "Tütək səsi" kimi müharibə mövzulu filmlərimizdə müharibənin öz epizodlarını göstərə bilməsək də, müharibənin insanların həyatında yaşatığı faciələri göstərmişik, bu da top-tüfəngdən daha təsirlidir. Bizdə o zamanlar kinostudiya peşəkar idi və hər bir şərait də vardı. İndi isə kinostudiya dağıdılmış vəziyyətdədir".

Kinorejissor qeyd edib ki, kiçik özəl prodakşınların çəkdiyi filmlər isə uşaqların dava-dalaşına bənzəyir:

"Müharibə elə top-tüfəng davası deyil, ideologiya, insan taleyi ilə bağlı düşüncələrdir. Ona görə elə bir film çəkməliyik ki, tarixi qələbəmiz özfəaliyyətə çevirərək gələcək nəsillərə gülməli bir oyuncaq miras qoymayaq.

“Ucuz ətin şorbası olmaz" deyirlər, düzdür, keyfiyyətli film çəkmək böyük maddiyat tələb edir. İşlər gedir, ssenarilər yazılır. Nazirlikdə kino ilə bağlı böyük planlar, layihələr var.

Dövlət başçımız İlham Əliyevin kinomuza qayğıs bizə ümid verir ki, milli kinomuz bərpa olunacaq. Özəl prodakşınlar Azərbaycan üçün kino tarixi yaza bilməzlər, yarada bilməzlər. Bizim çox istedadlı kadrlarımız var, onlar üçün şərait lazımdır. Bu istiqamətdə də işlər gedir, gözləmək lazımdır".

Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev isə bildirib ki, bu mövzuda filmlərin çəkilməməsinin səbəbi 44 günlük nəhəng tarixi bir hadisənin rejissorlar tərəfindən mənimsilməməsidir:

"Hadisə böyükdür, sənətkarlar isə balacadır. Adamlar deyir ki, pul olsa, hər şey düzələcək. Düzdür, lakin büdcə, islahat və s. bunlar ikinci dərəcəli məsələlərdir. Qeyd etdiyim kimi, əsas məsələ burada təfəkkür səviyyəsidir".

Ləman İsmayıl
"Cebhe.info"