Azərbaycanda doğulan yəhudi şair: “Günah dəli liderlərdədir"

"İrana həsr etdiyim bir şeirim var.
Bu, çox qəribə görünə bilər, amma İranın böyük keçmişinə, mədəniyyətinə, ədəbiyyatına sevgi və məcburi hörmətim var. Sədi, Hafiz, Xəyyam - bu adları mədəni koddan silmək olarmı? Yox.
İranı sevmək istərdim,
Çünki mən Sədini sevirəm.
Baraban müharibə üçün vurmasın,
Yalnız sevgi üçün vursun.
Uçan raketlərin səslərini eşitməmək üçün
Ancaq Xəyyamın şeirləri səslənsin.
Mən yəhudi şairiyəm
İstərdim İslam evində sevimli olum..."
Bunu Azərbaycanda doğulmuş yəhudi əsilli şair, Azərbaycan Yazıçılar İttifaqının və İsrail Yazıçılar Birliyinin üzvü Mixail Salman "Cebheinfo.az"-a İranla İsrail arasında münasibətlərdən danışarkən deyib. O bildirib ki, şeirdə ifadə etdiyi arzu həyata keçməkdən uzaqdır:
"Təbii ki, bu mənim, ölkəmin və onun hökumətinin günahı deyil. İran rəhbərliyinin İsrailin nəyin bahasına olursa-olsun məhv edilməsi ilə bağlı fikrinə toxunmaq istəmirəm. İsrailə qarşı belə fikirlə razılaşmaq çətindir. Lakin bu ideya təkcə İranı deyil, İsraillə qonşu olan bütün ölkələri də ələ alıb.
Belə bir şəraitdə İsrail orta əsr düşüncələri ilə qarşı qarşıyadır. Mənim sevimli Azərbaycanımı da daxil etdiyim Qərb sivilizasiyasının borcu qaranlıq və ağır dini təəssübkeşliklərin yox, işığın tərəfini tutmaqdır”.
Həmsöhbətimiz bildirib ki, İsrail öz məqsədlərinə çatana qədər “Hizbullah”la qarşıdurma davam edəcək:
“Məqsəd ölkənin şimalında yaşayan sakinlərə təhlükəsizliyi, sülhü və gələcəyə inamı qaytarmaqdır. Mən çox istərdim ki, İranın İsrailə qarşı başlatdığıl nifrətə baxmayaraq, regionumuzda sülh və mehriban qonşuluq hökm sürsün.
İsrail dünyaya açıqdır. Qoy, dünya da onun üçün də açılsın.Livanın liderlərinin əsassız siyasətindən əziyyət çəkən bədbəxt mülki əhali üçün çox təəssüflənirəm. Amma həyat qəddardır və günah xalqları fəlakətə aparan dəli liderlərin üzərinə düşür".
Səbinə Uğur
“Cebheinfo.az”