"Bu, siyasi terrordur”: “Elə bil ki, Arazı keçiblər, dövlət sərhədimizi pozublar” - DEPUTAT

"Bu, siyasi terrordur”: “Elə bil ki, Arazı keçiblər, dövlət sərhədimizi pozublar” - DEPUTAT

Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.

İki nəfərin isə yaralandığı bildirilib. Xarici İşlər Nazirliyi də bu barədə açıqlama yayıb:

“27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir”.

Qeyd edək ki, son bir ildir ki, ardıcıl olaraq səfirliklərimizə hücumlar təşkil edilir. Ötən ilin avqustunda bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Məlumat üçün bildirək ki, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi 1961-ci il aprelin 18-də qəbul olunmuş Vyana Konvensiyası əsasında həyata keçirilir. Sənədə görə, diplomatik nümayəndəliklərin başçılarının razılığı olmadan konsulluq binalarına heç kim daxil ola bilməz.

Səfirliklərimiz hansı səviyyədə qorunur ki, bu cür hücum hadisələri baş verir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas Cebhe.info-ya açıqlamasında bildirilib ki, bu, siyasi terrordur:

"Bu terrordur, həm də birbaşa siyasi terrordur. Səfirliyə hücum olunub, bir ölkənin torpağına girilib. Səfirliyin binası həmin ölkənin ərazisidir. Elə bil ki, gəlib Arazı keçiblər, dövlət sərhədimizi pozublar. Bu, dipomatik qalmaqaldır. Səfirliyimiz lazımi səviyyədə qorunur. Mən səfirliklərimizdə olmuşam, nəzarət edilir. Amma burada artıq insan ölümü var. Heç kəs əlini sallayıb içəri keçə bilməz. Ancaq bilmək lazımdır ki, bu, öncədən hazırlan bir şeydir. ABŞ Prezidentinin otağına da bir o qədər mühafizəçi olmasına rəğmən girilmişdi. Yəni dediyim odur ki, səfirliklər ciddi mühafizə olunur. Bunu bizim səfirliyin üzərinə yıxmaq olmaz. Sadəcə olaraq, bu, hazırlanan terrordur".

Naibə
Cebhe.info