Davosda İlham Əliyevin səsləndirdiyi fikirlər dünyanın diqqət mərkəzində oldu

Davosda İlham Əliyevin səsləndirdiyi fikirlər dünyanın diqqət mərkəzində oldu

Azərbaycanın bütün sahələrdə dinamik inkişafı, əldə etdiyi nailiyyətlər, müəllifi olduğu layihələr və onların effektli nəticələri dünya dövlətlərinin diqqət mərkəzindədir. Beynəlxalq aləm Azərbaycanın durmadan artan qüdrətini dərindən anlayır və dünya üçün son dərəcə əhəmiyyətini yüksək qiymətləndirir. Bu gün ölkəmiz mövzusundan və təyinatından asılı olmayaraq bütün qlobal əhəmiyyətli tədbirlərin əsas iştirakçısıdır və aparılan müzakirələrdə fəal iştirak edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü beynəlxalq təşəbbüslər yüksək səviyyədə dəstəklənir və qlobal problemlərin həllində birmənalı şəkildə nəzərə alınır. Həmçinin Prezidentimiz iştirak etdiyi tədbirlərdə dövlət maraqlarından çıxış edərək ölkəmizi layiqli şəkildə təmsil edir. İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun 53-cü iclası da ölkəmiz üçün əhəmiyyətli oldu. Məlumdur ki, Davos Forumu dünyanın iqtisadi həyatında mühüm rol oynayır və beynəlxalq siyasətə təsiri kifayət qədər böyükdür. Bu baxımdan Forum ölkəmizin iqtisadi imkanlarının, yaradılmış əlverişli investisiya mühütünün təbliği baxımından unikal bir platformadır.

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra səmərəli görüşlər keçirdi, Azərbaycanın malik olduğu potensialı qarşı tərəflərin diqqətinə çatdırdı: “Görünən odur ki, dünyanın aparıcı şirkətləri Azərbayacanın iqtisadi gücünü real dəyərləndirir və bu sahədə ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. İlk növbədə, bu, uzun illərdir ölkəmizdə bərqərar olan sabitliklə bağlıdır. Həmçinin burada əlverişli biznes mühüti formalaşıb, investisiya baxımdan münbit şərait var. Əsas məqamlardan biri etimad məsələsidir ki, bu sahədə Azərbaycan ən etibarlı ölkələrdəndir. Dövlətimizin başçısı atdığı hər bir imzasına hörmətlə yanaşır, sözü ilə əməli eynidir”.

“Prezident İlham Əliyevin Latviya, Litva, Xorvatiya, Monteneqro, Niderlandın dövlət və hökumət başçıları, Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə faydalı görüşləri oldu. Görüşlər zamanı aparılan danışıqlarda iqtisadi məsələlərlə yanaşı, siyasi məqamlar da yer aldı.

Dövlətimizin başçısı regiondakı vəziyyət, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın səyləri, Laçın-Xankəndi yolunda baş verən hadisələrin əsl həqiqətlərini qarşı tərəfin diqqətinə çatıraraq ölkəmizə qarşı aparılan yalançı təbliğatları iflasa uğratdı. Məlumdur ki, Ermənistan və bəzi ermənipərəst qüvvələr bölgədə baş verən real vəziyyəti gizlədərək dezinformasiya ilə məşğuldurlar. Təəssüflər olsun ki, bəzən onların bu tipli yalan təbliğatlarına uyanlar da olur. Amma Prezidentimiz Forum çərçivəsində keçirdiyi görüşlər vasitəsi ilə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı”, - Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev əlavə edib ki, ümumilikdə 53-cü Davos Forumu ölkəmiz üçün uğurlu oldu, Azərbaycanın beynəlxalq aləmdə artan mövqeyini və dünya iqtisadiyyatının inkişafındakı rolunu göstərdi.

Cebhe.info