Deputat : “İran səfirliyi Azərbaycanda ən yüksək səviyyədə qorunur”

Deputat : “İran səfirliyi Azərbaycanda ən yüksək səviyyədə qorunur”

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçi Orxan Əsgərov həlak olub, bir nəfər isə yaralanıb.

Cebhe.info-ya açıqlamasında ilahiyyatçı deputat Ceyhun Məmmədov bildirib ki, baş verən hadisə ilə bağlı İran məsuliyyət daşıyır:

"Dünyasını dəyişən şəxsə Allahdan rəhmət diləyirəm. üzücü hadisədir. Hazırkı dövrdə bu məsələlərə həssas yanaşmalıdır. Bu fonda Azərbaycan səfirliyinin təhlükəsizliyi daha da gücləndirilməli idi. Uzun müddətdir ki, İran Azərbaycan əleyhinə təbliğat aparır, düşmənçilik edir, nifaq salır. Düşünürəm ki, bu yanaşmanın da hadisənin baş verməsində çox böyük rolu var. İran bu məsələyə aydınlıq gətirməli, cinayət törədən, məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirməlidir".

Deputat bildirib ki, İranda Azərbaycan əleyhinə aparılan düşmənçiliyə, təbliğata son qoyulmalıdır:

"Hadisə ilə bağlı ciddi tədbirlər görülərək Azərbaycan tərəfə məlumat verilməlidir. Kimsə düşünürsə ki, Azərbaycanı mövqeyindən çəkindirəcək, təsir edə biləcək, səhv düşünür. İran öz siyasətini, yanaşmasıni dəyişsin. İran təhlükəsizliklə, kəşfiyyatla bağlı məsələlərə görə məsuliyyət daşıyır".

Parlament üzvü sonda qeyd edib ki, İran səfirliyi Azərbaycanda ən yüksək səviyyədə qorunur:

"Səfirliyin binası dövlətimiz tərəfindən mühafizə edilir. Eyni öhdəliyi İran da etməli idi ki, belə hallar baş verməsin".

Aylin
Cebhe.info