Deputat: “Budurmu İrandakı molla rejiminin Azərbaycana minnətdarlığı?” 

Deputat: “Budurmu İrandakı molla rejiminin Azərbaycana minnətdarlığı?” 

"İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum və səfirliyin mühafizəçilərindən birinin ölümü və 2 nəfərin yaralanması Azərbaycanın ərazi bütövlüyünə təhdid sayılır".

Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva Tehrandakı səfirliyimizdə baş verən insidentlə bağlı danışarkən deyib.

Deputat bildirib ki, beynəlxalq konvensiyaya görə, ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və yerləşdiyi dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır:

"Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün Azərbaycanın hava məkanından istifadə etməsinə, Azərbaycan dövləti İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı?! Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləmişdir".

Milli Məclis üzvü bildirib ki, baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir:

"Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir. Çox təəssüflə qeyd etmək istəyirəm ki, törədilmiş terror hadisəsi ilə əlaqədar İran Azərbaycan dövlətindən üzr istəmək, cinayətin arxasında duran qüvvələrin tapılması üçün müvafiq tədbirlər görmək əvəzinə, hadisənin məişət zəminində baş verməsi barədə hər kəsi hiddətləndirən bəyənatla çıxış etdi. Cinayət törətmiş şəxsi tələsik media qarşısına çıxararaq planlaşdırılmış şəkildə müsahibə alıb yayımladılar. Bu da bir daha bu terrorun arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını sübut etmiş oldu. BMT, ATƏT kimi beynəlxalq təşkilatların baş katibləri, ABŞ, Böyük Britaniya, Fransa və bir çox böyük Qərb dövlətləri səfirliyimizə edilən terror hadisələrini pisləyən bəyanatla çıxış etdilər. Bütün dünya İranın irəli sürdüyü faktı absurd hesab etdi. Bununla da İran bir daha Azərbaycan qarşısında acizliyini nümayiş etdirmiş oldu".

Aylin
Cebhe.info