Deputat: “Siyasi partiyalar demokratik proseslərin inkişafına təkan verirlər”
“Siyasi partiyalar siyasi sistemin əsas komponentidir”.
Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib. O bildirib ki, Azərbaycan Respublikasında demokratiyanın və parlamentarizmin inkişafında siyasi partiyaların rolu danılmazdır:
“Siyasi partiyalar cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını təmsil edərək, demokratik proseslərin inkişafına təkan verirlər. Siyasi partiyaların fəaliyyəti ölkəmizdə fərqli baxışların yaranmasına şərait yaradır. Bu isə öz növbəsində siyasi sistemin daha da təkmilləşməsinə, onun dinamik və çoxşaxəli inkişaf etməsinə töhfəsini verir.
Ulu Öndər Heydər Əliyevin işlək mexanizmə çevirdiyi demokratik-hüquqi dövlət konsepsiyası dövlətçilik institutunun yaradılmasının əsasını təşkil etdi. Bu gün ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün qanunvericilik bazası mövcuddur.
Cənab Prezident İlham Əliyevin islahatları sırasında yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin dayanıqlılığını və inkişafını təmin edir. Məhz bu səbəbdən, müasir Azərbaycanın siyasi mühitində partiyaların institusional fəaliyyəti özünü müxtəlif aspektlərdə göstərir və müasir çağırışlara cavab verir”.
Millət vəkili qeyd edib ki, parlamentdə təmsil olunan partiyaların siyasi sistemdə aktiv iştirakı demokratiyanın və parlamentarizmin müasir tələblər səviyyəsində formalaşmasına daha geniş imkanlar yaradır:
“Siyasi partiyaların Milli Məclis platformasında iştirakı təkcə müxtəlif aktual məsələlərin ictimailəşməsində və qanunların qəbul olunması ilə kifayətlənmir, həm də siyasi partiyaların demokratiya və parlamentarizmin inkişafında rolunu gücləndirir, səmərəliliyini artırır.
Əminəm ki, parlamentdə təmsil olunan siyasi partiyalar ölkəmizin siyasi sisteminin təkmilləşməsinə və bunun dövlətçiliyimizin güclənməsində oynamış olduğu rolu əsas götürərək, parlamentarizmin və demokratiyanın inkişafına töhfə verəcəklər”.
Elmir Mustafa
“Cebheinfo.az”