Deputatdan Avropa Parlamentinə ETİRAZ
“Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanla bağlı qətnamə qəbul etmək isə Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil:
“Buna görə də Avropa Parlamentinin ölkəmizlə bağlı son qətnaməsi suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir.
Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur. Özləri insan hüquqlarından, demokratiyadan danışırlar.
Ancaq 30 ildən artıq bir müddərdə torpaqlarımızın işğal altında qalmasını görmədilər, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzü, onların düçar olduğu faciələri görmədilər, Azərbaycanın ədalətini görmədilər, haqqını tapdalayıblar”.
Millət vəkili Avropa Parlamentinə suallar ünvanlayıb:
“Avropa Parlamenti niyə susdu?! Niyə bir milyondan çox insanın məhz azərbaycanlı olduğu üçün pozulan insan hüquqlarını müdafiə etmədi? Niyə işğala və işğalçıya “dur” demədilər? Azərbaycanda insan hüquq və azadlıqları, söz və mətbuat azadlığı tam təmin olunduğu halda reallığı əks etdirməyən belə bir qətnamənin qəbul olunması absurddur, qərəzdir və iftiradır! Bu sənədi hazırlayanların heç Azərbaycan reallıqlarından xəbəri yoxdur”.
Jalə Əliyeva vurğulayıb ki, Avropa Parlamentinin həmin sənədi qəbul etməsi ölkəmizi, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir:
“Bu kampaniyanın təşkilatçıları isə Azərbaycandakı sabitliyi, ölkəmizdəki sosial-iqtisadi inkişafı gözü götürməyən qüvvələrdir. Azərbaycanın böyük Zəfərindən və müstəqil şəkildə həyata keçirtdiyi "Dəmir yumruq" siyasətindən narahat olan Qərb ölkəmizə qarşı qərəz püskürtməkdədir. Xüsusilə, COP29-un Azərbaycanda keçirilməsi ərəfəsində Qərbin bu kimi addımlar atacağı gözlənilən idi.
Biz belə qarayaxma cəhdlərinin çox şahidi olmuşuq. Prezident İlham Əliyev müstəqil dövlətin rəhbəri kimi, müstəqil siyasət yürüdür, Azərbaycanı analoqu olmayan inkişaf yolu ilə irəli aparır, ölkəmizi dünyanı çalxalayan böhranlardan və çirkin siyasi çəkişmələrdən bacarıqla qoruyur.
Xalq da Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun yürütdüyü siyasəti tam dəstəkləyir. Bu kimi hadisələr bir daha onu göstərir ki, biz daha fəal və ehtiyatlı olmalı, qabaqlayıcı tədbirlər görməli, dövlətimizin müdafiəsində vahid cəbhədə, Prezidentin ətrafında daha sıx birləşməliyik”.
Elmir Mustafa
“Cebheinfo.az”