Güneyli fəal: “Zəngəzur dəhlizi Güney Azərbaycanın müstəqilliyinə yol açacaq”

Güneyli fəal: “Zəngəzur dəhlizi Güney Azərbaycanın müstəqilliyinə yol açacaq”

“İran Zəngəzur dəhlizini Cənubi Azərbaycanda milli şüuru gücləndirəcək strateji addım kimi nəzərdən keçirir”.

Bu sözləri iranlı politoloq Əhməd Həbiboğlu “GDH” xəbər platformasının saytında dərc olunan “Nə üçün İranla Rusiyanın maraqları Zəngəzur dəhlizində toqquşur?” adlı məqaləsində vurğulayıb. O hesab edir ki, İran Zəngəzur dəhlizinə öz ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid kimi baxır:

“Zəngəzur dəhlizi Azərbaycan türklərinin mədəni və milli identikliyinin möhkəmlənməsinin rəmzi ola bilər. İran üçün belə vəziyyət daxili sabitliyə risk kimi nəzərdən keçirilir və ölkənin bu layihənin əleyhinə belə sərt mövqe tutmasının əsas səbəblərindən biri kimi seçilir”. 

Məsələ ilə bağlı güneyli fəal, araşdırmaçı jurnalist Elyar Kamrani “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Zəngəzur dəhlizi siyasi və iqtisadi baxımdan Güney Azərbaycan üçün çox önəmlidir. “İran ilə Ermənistan arasında elə bir anlaşma yoxdur ki, Tehran Ermənistanın ərazi bütövlüyünə və təhlükəsizliyinə cavabdeh olsun. Eyni zamanda, Azərbaycanın da Ermənistanın ərazisinə müdaxilə etmək niyyəti yoxdur. 

Azərbaycan yalnız Ermənistan ərazisi vasitəsilə onun qərb bölgələrini digər ərazisi – Naxçıvanla birləşdirəcək dəhlizin açılmasını istəyir. 

Təkcə Türkiyə və Azərbaycan deyil, həmçinin beynəlxalq güc mərkəzləri – ABŞ, Böyük Britaniya, Rusiya və Çin də bu dəhlizin açılmasında maraqlıdır. Onlar dəhlizin açılması üçün əllərindən gələni edəcəklər. 

İranın da o qədər hərbi-siyasi gücü və qüdrəti yoxdur ki, dəhlizin açılmasının qarşısını almaq üçün Azərbaycana hücum etsin. Tehran heç bir zaman bu riskə getməyəcək. İran belə bir riskə əl atarsa, beynəlxalq müqavimətlə üzləşəcək. O ki qaldı Zəngəzur dəhlizinin İranda yaşayan 40 milyon Azərbaycan türkünə təsirinə, qeyd edim ki, 44 günlük Vətən müharibəsi dövründə biz güneylilər İranın Ermənistana hərbi yardım etməməsi üçün əlimizdən gələni etmişik. Bu, danılmaz faktdır ki, Güney azərbaycanlılar Zəngəzur dəhlizinin əhəmiyyətini və dəyərini çox yaxşı bilirlər, bu koridorun açılmasını dəstəkləyirlər”. 

Həmsöhbətimiz bildirib ki, Zəngəzur koridorunun açılması, həqiqətən Güney azərbaycanlıların milli-siyasi və ictimai şüurunun oyunmasına çox ciddi təsir göstərəcək: 

“Bu, güneylilərin azadlıq uğrunda mübarizəsinə təkan verəcək. Güney azərbaycanlıların nə zamansa öz müstəqilliyinə nail olmasına və müqəddaratını təyin etməsinə yol açılacaq”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”