İrəvan sülh müqaviləsini imzalamağa məcbur qalacaq
“Trampın yenidən ABŞ-nin prezidenti seçilməsi Azərbaycanın maraqlarına cavab verir”.
Bu sözləri politoloq Elçin Xalidbəyli “Cümhuriyət” qəzetinə şərhində Donald Trampın növbəti hakimiyyəti dövründə ABŞ-nin Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
Onun sözlərinə görə, növbəti dörd il ərzində ABŞ-nin Cənubi Qafqaza diqqəti azala bilər.
“Əslində Trampın növbəti hakimiyyəti dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində ciddi dəyişikliklərin olub-olmayacağı barədə danışmaq bir qədər tezdir. Ancaq Trampın əvvəlki hakimiyyət dövrünü nəzərdən keçirməklə müəyyən ehtimallar irəli sürmək mümkündür. Tramp seçki kampaniyası dövründə ermənilərin xeyrinə bəyanatlar səsləndirsə də, erməni lobbisinin təsiri altında olmayan bir siyasətçidir. Əvvəlki hakimiyyət dövründə Tramp erməni lobbisinə heç bir əhəmiyyət vermirdi. Hətta Cənubi Qafqazda cərəyan edən proseslərə xüsusi diqqət yetirmirdi. İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun 44 gün ərzində erməni işğalçıları üzərində qələbəsi məhz Trampın hakimiyyəti dövründə baş verib.
Tramp administrasiyasının bu müharibəyə müdaxilə etməməsi Cənubi Qafqazda proseslərin müsbətə doğru getməsinə yol açdı. Budəfəki hakimiyyəti dövründə Trampın necə davranacağına gəlincə, bu, onun prezident səlahiyyətlərinin başlamasından sonrakı dövrdə bəlli olacaq. Belə ehtimallar irəli sürmək olar ki, Tramp bu dəfə də erməni lobbisinə əhəmiyyət verməyə, hətta ABŞ-nin Ermənistana əvvəlki diqqəti müşahidə olunmaya da bilər”.
Ekspert deyib ki, belə olacağı təqdirdə Ermənistanın mövqeləri daha da zəifləyəcək və Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində olacaq:
“Artıq bəzi məlumatlara görə, Trampın hakimiyyətə qayıdışı Ermənistan iqtidarında narahatlıq yaradıb. Ümumiyyətlə, belə hesab etmək olar ki, Trampın yenidən hakimiyyətə qayıdışı Cənubi Qafqazda geosiyasi proseslərin məzmun və keyfiyyətinin dəyişməsinə gətirib çıxara bilər. Belə güman etmək olar ki, Trampın növbəti hakimiyyət dövrü Azərbaycanın maraqlarına cavab verir”.
Yunis Abdullayev
“Cebheinfo.az”