Nazirdən rus bölməsinə tarixi YANAŞMA
Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır.
Hazırda Azərbaycanda müxtəlif dillərdə tədrisin həyata keçirildiyi orta məktəblər var ki, onlardan biri də rus dilidir. Hazırda ölkəmizdə 324 orta məktəbdə tədris həm də rus dilindədir. Azərbaycan Respublikasının Konstitusiyasında və “Təhsil haqqında” Qanunda qeyd olunur ki, hər bir şəxs öz ana dilində, eyni zamanda istədiyi dildə təhsil almaq hüququna malikdir.
Bu, Azərbaycanda sistemli şəkildə təmin olunur. Bununla yanaşı, ölkəmizdə yaşayan hər bir vətəndaş Azərbaycan dilini mükəmməl bilməli, danışmalı, dinləməli, anlamalı, özünü ifadə etməyi bacarmalıdır. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı müfəssəl biliklərə malik olmalıdır. Dünyanın bütün ölkələrində belədir, hər bir insan milliyyətindən asılı olmayaraq vətəndaşı olduğu ölkənin dilini və tarixini öyrənməlidir.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, 2022-2023-cü tədris ilindən ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində tədris edilir.
Bu gün elm və təhsil naziri rus dilində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənninin elə Azərbaycan dilində tədrisi ilə bağlı fikirlərini bildirib. Nazir qeyd edib ki, ölkəmizdə yaşayan, oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir:
"Burada rus bölməsi olması fərq etmir. Şagird öz tarixini, öz ədəbiyyatını öz dilində oxumalıdır. Burada xüsusi məntiq axtarmağa ehtiyac yoxdur.
Şagirdlər onsuz da Azərbaycan dili fənnini öyrənirlər. Azərbaycan tarixi fənnini keçəndə artıq onların ana dili bilikləri olmalıdır. Məqsəd də budur ki, o bilik formalaşsın. Rus bölməsindəki şagirdlərin Azərbaycan dili səviyyəsi ilə bağlı narahatlığımız var. Şagirdlər rus dilində tədris ala bilər, amma onların Azərbaycan dili yüksək səviyyədə olmalıdır".
Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması ilə bağlı qərar təqdirəlayiqdir. Çünki Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi dövlət dilimizin tətbiq sahəsini və təsir imkanlarını daha da genişləndirir, ölkənin tarixinə hörməti artırır. Hər bir şəxsin dövlət dilini bilməsi şərt olduğu kimi, vətəndaşı olduğu ölkənin tarixini də dövlət dilində oxuması vətənpərvərlik, dövlətçilik ənənəsinin formalaşması baxımından zəruridir.
Onu da qeyd edək ki, bu gün rus bölmələrinin şagirdləri də Azərbaycan dili, yəni dövlət dilindən imtahan verir. Rus bölməsində Azərbaycan tarixi fənninin azərbaycanca davamlı tədrisinə başlanılsa, valideynlər uşaqlarının dövlət dilini yaxşı bilməsi üçün daha çox çalışacaq, buna diqqəti artıracaqlar.
Eyni zamanda, statistika göstərir ki, orta məktəbi rus dilində bitirən şagirdlər Azərbaycan dili imtahanından çox zəif nəticə əldə edirlər. Azərbaycan tarixinin ana dilində tədrisi bu baxımdan müsbət təsirini göstərə bilər, yəni şagirdlər başqa bir fənnin də mənimsənilməsi üçün dövlət dilini daha yaxşı öyrənmək məcburiyyətində olacaqlar.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə edərək spesifik ixtisasların, fənlərin Azərbaycan dilində tədris edilməsini ancaq müsbət qiymətləndirə bilərik. Bu, tədrisi fərqli dildə olan məktəblərdə təhsil alan şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması kimi başa düşülməməlidir.
Onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlarsa, Azərbaycan dili qədər Azərbaycan tarixini də bilməli, bunu dövlət dilində öyrənməli, fikirlərini də bu dildə ifadə etmək bacarıqlarına yiyələnməlidirlər.
Nigar Abdullayeva
“Cebheinfo.az”