Növbədənkənar parlament seçkisinə maraq yüksəkdir

1 sentyabrda ölkə VII çağırış parlamentin formalaşması üçün növbədənkənar seçkilər keçiriləcək. Artıq seçki prosesi başlayıb və hazırda siyasi partiyalar, müstəqil şəxslər namizədliklə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edirlər.
Xatırlatma üçün qeyd edək ki, cari ilin iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab verib. İyunun 28-də isə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilsin”, -deyə sənəddə qeyd edilir.
1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinə istər siyasi sferada, istərsə də cəmiyyətdə maraq kifayət qədər yüksəkdir. Bütün siyasi partiyaların seçkidə iştirakla bağlı bəyanatla çıxış etməsi, seçki prosesinə qoşulması aktivliyin yüksək səviyyədə olduğunu göstərir. Bu seçkiləri digərlərindən fərqləndirən əsas amil isə seçkilərin Azərbaycanın bütün suverən ərazilərində keçiriləcəyidir. Bundan əvvəl, yəni bu ilin 7 fevralında baş tutan növbədənkənar prezident seçkiləri də ilk dəfə bütün Azərbaycan ərazisində keçirildi.
Hazırda ölkə üzrə seçici sayı isə 6 milyon 334 min 444 nəfərdir. Bu rəqəm 2024-cü il 28 iyun tarixinə aiddir. 1 sentyabra-seçki gününə qədər 18 yaşı tamam olan hər bir Azərbaycan vətəndaşı da seçici siyahısına daxil ediləcək. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i artıq seçkilərdə iştirak edəcəyini rəsmən açıqlayıb.
Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərini boykot etməklə bağlı qərar verib. Qalan 25 partiya seçkilərdə iştirakını rəsmi qaydada elan edib.
Belə ki, Yeni Azərbaycan Partiyası, Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Yeni Zaman Partiyası növbədənkənar parlament seçkilərində namizədlər və müşahidəçilərlə iştirak edəcək.
Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq keçirdiyi iclaslarda son məlumatlarla bağlı informasiyaları açıqlayır. Son-15 iyulda keçirilən iclasda MSK sədrinin müavini Rövzət Qasımov həmin günə qədər ümumi olaraq 150 yerli müşahidəçinin qeydə alındığını deyib. Deputatlığa namizəd olmaq istəyənlərin sayı isə 401 nəfər olub. Onlardan 168 nəfər 13 partiyanı təmsil edir.
Partiyalarla yanaşı, müstəqil namizədlərin də seçkilərə marağı yüksəkdir. Cəmiyyətdə tanınan, mediada müxtəlif mövzularla bağlı yazı və açıqlamalarla çıxış edən ekspertlərdən də namizəd olacaqlarını açıqlayanlar xeyli saydadır. Onu da bildirək ki, artıq bir sıra namizəd olmaq istəyən şəxslərə imza vərəqələri də təqdim olunub və imzatoplama kampaniyasına start verilib.
Yaddaş üçün namizəd və müşahidə qismində seçkidə iştirak etmək istəyən şəxslərə 1 sentyabrda baş tutacaq növbədənkənar parlament seçkilərinin seçki təqvimindən qısa çıxarış təqdim edirik:
*Seçkiləri bütün seçki dairələrində müşahidə etmək istəyənlər 22 avqusta qədər aidiyyatı üzrə Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər;
*Yalnız 1 seçki dairəsinin ərazisində müşahidə aparmaq istəyənlər isə 27 avqusta qədər müraciət edə bilərlər;
*Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməs isə 2 avqust tarixində saat 18:00-da başa çatacaq. Bu müddətə qədər deputat olmaq istəyən şəxslər aidiyyatı üzrə müraciət edərək namizəd olmaq imkanı qazana bilər;
*Yekun olaraq avqust ayının 12-sinə qədər bütün dairələr üzrə qeydə alınan namizədlərin siyası Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunacaq.
Son olaraq onu da əlavə edək ki, seçkiqabağı təşviqatın aparılması prosesi isə avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır. Yəni seçkiqabağı təşviqat üçün namizədlərə 21 gün vaxt verilir. Bu proses başa çatdıqdan sonra 24 saat sükut günü olur və 1 sentyabrda səhər saat 08:00-da səsvermə başlayacaq və həmin gün 19:00-da başa çatacaq.
Vilayət Muxtar
“Cebhe.info”