Qərbi Azərbaycana kimlər qayıdacaq? - Qaçqınların 100 minlik siyahısı...” - İcma sədri  

Qərbi Azərbaycana kimlər qayıdacaq? - Qaçqınların 100 minlik siyahısı...” - İcma sədri  

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması vaxtilə Ermənistandan köçkün salınan soydaşlarımızın dədə- baba torpaqlarına qayıdışı üçün vətəndaşları siyahıya alır, görüşlər təşkil edir.

İcmanın qarşısında duran vəzifələr, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə tədqiqi, nəşri və təbliği məsələləri də müzakirə edilir.

Son siyahıyaalınma ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Cebhe.info-ya danışıb. Deputat hazırda nə qədər insanın siyahıya alınmasından söz açıb:

"Sonuncu deportasiyadan bizi 34 il ayırsa da, insanlarımızın öz dədə-baba torpaqlarına bağlılığı bir an belə itməyib. Biz bunu sonuncu deportasiya, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın adlı siyahısını çıxararkən də gördük, şahidi olduq.

Biz bu siyahıyaalmanı Qərbi Azərbaycanın bütün kəndləri və rayonları üzrə aparırıq. Bilirsiniz ki, sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan 300-ə yaxın yaşayış məntəqəsindən soydaşlarımız qovulub. Qərbi Azərbaycan İcması olaraq strukturumuzda indiki Ermənistanın hər kəndi və hər rayonu üzrə icmalarımız fəaliyyət göstərir. Eyni zamanda, həmin icmaları idarə edən koordinatorlarımız var. Həmin icmalar vasitəsilə biz bütün kəndlərimiz üzrə 1998-91-ci ildə Qərbi Azərbaycandan qovulmuş qaçqınlarımızın adlı siyahısını tərtib edirik. Məlumat verdiyimiz kimi, 160-dan kəndin artıq siyahısı tərtib olunub. 100 mindən artıq soydaşımızın adlı siyahısı hazırlanıb".

Deputat bildirib ki, digər kəndlər üzrə də siyahıyaalınma aparılır. Bir çoxu yekunlaşmaq üzrədir:

"Yaxın zamanlarda siyahıyaalınma prosesini tamamilə bitirmək fikrindəyik. Əldə edəcəyimiz dəqiq statistikanı geniş şəkildə ictimaiyyətə açıqlayacağıq".

Aylin
Cebhe.info