Rəfail Becanov: “Makron Paşinyan, Sarkisyan və Köçəryandan daha çox ermənilik edir” 

Rəfail Becanov: “Makron Paşinyan, Sarkisyan və Köçəryandan daha çox ermənilik edir” 

“Fransanın məkri davam etməkdədir. 30 illik ATƏT-in Minsk qrupunda təmsil olunduğu zamanda apardığı siyasətdən fərqli siaysət aparmır”.

Bu sözləri “Cebhe.info” saytı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Fransanın davranışlarını şərh edərkən deyib. 

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra da Fransa həmin mövqeyindən geri çəkilmir:

“Bunun arxasında Qafqaza soxulmaq cəhdi dayanır. Bunun üçün də Makron Paşinyan, Sarkisyan və Köçəryandan da daha çox ermənilik edir. Səbəb də, bəhanə də, nəticə də aydındır. Səbəb Ermənistanı özünün şəxsi forposta çevirib Qafqaza girişini təmin etməkdir.

Bəhanə ermənilərin, onların hüquqlarının guya müdafisəçisi obrazında görünməkdir. Nəticə isə onun bütün planlarının alt-üst olacağıdır. Ermənistan özünün belə rəsmi səviyyədə Qarabağı könüllü şəkildə tərk edən ermənilərin qayıtmasını müzakirə etmir”. 

Baş redaktor bildirib ki, Makron isə bunu təkrarlamaqdan usanmır:

“Bununla da Qafqazda dayanıqlı sülhə mane olur. Paşinyanın son Paris səfərindən sonra sülh üçün yeni bir təhlükə ocağı yandırmağa çalışdılar. Fransa üzərinə Ermənistanı silahlarla təmin etmək öhdəliyi götürüb.

Bu isə Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərində gərginliyin davam etdirilməsi cəhdidir. Fransanın apardığı siyasət Cənubi Qafqazda sülhün qarşısını almağa hesablanıb. Ermənistan Fransanın əlində alət olmaqla, özünü regionda yenidən çətin duruma salır. 

Regional kommunikasiyalardan kənarda qalmaqla Fransa kimi ölkələrdən daha çox asılılığa düşür. Bununla da müstəqil dövlət imici olmayan Ermənistan həm də özünün siyasi təhlükəsizliyini təhlükəyə atır”.

“Cebhe.info”