Rəfail Becanov: "Azərbaycanın şərtlərinə əsaslanan sülhü kim dəstəkləyəcəksə..."

Rəfail Becanov: "Azərbaycanın şərtlərinə əsaslanan sülhü kim dəstəkləyəcəksə..."

“Bizim üçün ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar və yekun sülh sənədinin imzalanması daha məqbuldur. Rusiya isə bu problemin birdəfəlik sona çatmasını istəmir”.

Bu fikirləri Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında Qərb-Rusiya mübarizəsinin proseslərə təsirindən danışan “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, görüşlərin harada keçirilməsindən asılı olmayaraq, Azərbaycan əsas söz sahibidir:

“Danışıqların məkanından asılı olmayaraq, nəticənin Azərbaycanın mövqeyinə və istəyinə uyğun olacağını düşünürəm. Çünki Ermənistan da, danışıqlara vasitəçilik edən istər Rusiya, istər ABŞ, istərsə də Avropa İttifaqı olsun, hər biri reallığı düzgün qiymətləndirmək məcburiyyətindədir. Döyüş olmadan torpaqlar danışıqlar masasında müəyyən şərtlərlə qaytarılsaydı, bəlkə də, Azərbaycanın hansısa güzəştlərə gedə bilcəyini düşünmək olardı.

Lakin Azərbaycan torpaqlarını işğaldan müharibə yolu ilə azad edib. Müharibənin isə qaydası var, döyüşü udan diplomatik masada da üstündür. İndiki situasiya budur. Azərbaycanın danışıqlar masasında müharibənin davamı olan növbəti zəfəri əldə edəcəyindən əminik. Ermənistan isə sülh müqaviləsini məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalayacaq".

O qeyd edib ki, Qərbin və Moskvanın rəqabəti sülh prosesinin yekunlaşmasına mane olur:

"Bizim üçün ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar və yekun sülh sənədinin imzalanması daha məqbuldur. Rusiya bu problemin birdəfəlik sona çatmasını istəmir. Qarabağ məsələsi ilə Rusiya illərdir Güney Qafqazda öz varlığını qoruyub saxlayır, Ermənistanı özündən asılı vəziyyətə salıb, hərbi baza yerləşdirib. İndi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla, tanıdığını elan etməsi ilə vəziyyət dəyişir. Bu şifahi açıqlama sənədlə təsdiqləndikdən sonra Rusiya sülhməramlılarının Qarabağda fəaliyyətini davam etdirməsinə heç bir ehtiyac qalmayacaq. Yəni orada yaşayan ermənilər ya bizim qanunlarla yaşayacaqlar, ya da köçüb gedəcəklər.

Bu isə Rusiyaya sərf etmir. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin birdəfəlik həllini özü üçün Cənubi Qafqazın itirilməsi baxımından təhlükə hesab edir. Ona görə də danışıqların da, sülh prosesinin də təkbaşına iştirakçısı olmaq istəyir. Bu prosesdə əsas söz Azərbaycanındır. Bizim şərtlərimizə əsaslanan sülhü kim dəstəkləyəcəksə, danışıqların əsas mərhələsində də vasitəçiliyi o tərəf edəcək. Deməli, iki tərəfin rəqabətinin də orbitri bizik".

R.Becanovun fkrincə, rəqabətə və müqavimətə baxmayaraq, istər Qərbin, istər Rusiyanın vasitəçiliyi ilə keçirilən danışıqlar real nəticə və sülh müqaviləsinin imzalanması ilə sonuclanacaq:

"Çünki Ermənistanın başqa yolu, vasitəçilərin isə heç bir formada təsir elementləri yoxdur ki, Azərbaycan sülh danışıqları prosesinin də ATƏT-in Minsk Qrupunun fəaliyyəti kimi illərlə davam etməsinə imkan versin.

Təbii ki, Ermənistan və onun indiki hakimiyyəti üçün reallığı qəbul etmək heç də asan olmayacaq. Ermənistanda revanşistlər tam zərərsizləşdirilməyib. Rusiya onları təsir dairəsində saxlayır. Bu saxtakarlar kütlə düşüncəsinə malik erməniləri aldadırlar. Erməni xalqı isə kənardan aparılan təbliğatla böyük görünsələr də, kütlə şüurundan irəli getməyiblər”.

Cebhe.info