Sabiq nazir: “Əli Kərimli bundan da betər addımlar atsa, təəccüblənmərəm”
Məlum olduğu kimi, ABŞ Konqresinin bir qrup ermənipərəst üzvü Azərbayacana qarşı müraciət imzalayıb.
Onların bu absurd addımı ölkəmizdə hiddətlə qarşılanıb. Çünki rəsmi Vaşinqton hər zaman olduğu kimi, yenə də ölkəmizə qarşı ikili standartlardan çıxış edərək, işğalçı Ermənistana dəstək nümayiş etdirib. Demokratiyadan və insan hüquqlarından dəm vuran bir ölkənin belə cəfəng addımları beynəlxalq hüquqa ziddir.
Milli Məclisin bir qrup deputatı ABŞ ilə imzalanan bir sıra müqavilələrin ləğv olunması üçün xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ölkəmizə qarşı çıxan ABŞ konqresmenləri ilə eyni mövqeyi bölüşüb, onların təkliflərini dəstəkləyib.
Sabiq maliyyə naziri Fikrət Yusifov məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Əli Kərimli həmişə bu prizmadan çıxış edib:
“Demək olar ki, ermənilərin mövqeyi ilə Əli Kərimlinin mövqeyi 99 faiz hallarda üst-üstə düşür. Bu gün də eyni vəziyyət yaşanır. Bu da təəccüblü deyil. O hesab edir ki, Azərbaycan dərhal qeyd-şərtsiz Ermənistanla sülh müqaviləsi imzalamalıdır. Baxmayaraq ki, Ermənistanın Konstitusiyasında Azərbaycana açıq-aşkar ərazi iddiaları var. Həmçinin, Ermənistanın Müstəqillik Bəyannaməsi və Milli Təhlükəsizlik Strategiyasında ölkəmizə qarşı təhdidlər yer alır.
Bütün bunlar ortada ikən Əli Kərimli təcili şəkildə ermənilərlə sülh müqaviləsi imzalamağımızı istəyir. Amma sabah ermənilər konstitusiyalarında olan maddələri əsas götürərək, torpaqlarımıza yenidən iddia qaldıra bilərlər. Hərçənd ki, 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı ilə bu məsələyə son nöqtə qoyulub. Artıq bu məsələ bitib.
Əli Kərimli kimi erməni dəyirmanına su tökən adamların baxışları ermənilərə dəstək kimi dəyərləndirilməlidir. Əli Kərimli sabah bundan da betər addımlar atsa, qətiyyən təəccüblənmərəm. Çünki o, az-çox mövqeyini ortaya qoyub”.
Elmir
“Cebheinfo.az”