Bakıda taksilərin sayı azaldılacaq:Nazir anons etdi

Bakıda taksilərin sayı azaldılacaq:Nazir anons etdi

"Tənzimlənmədəki boşluqlar bu sahədə aqreqatorlar arasında qeyri-sağlam rəqabətə və bunun nəticəsində xidmət keyfiyyətinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, araşdırmalarımız onu da göstərir ki, taksilərin sayının normadan çox olması həm də ictimai nəqliyyatdan, o cümlədən metro və avtobuslardan sərnişin axınına səbəb olub.

Məsələn, 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12% aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35% azalıb".

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “APA-Economics”ə müsahibəsində deyib.

O bildirib ki, “Bolt”, “Uber”, “Yango” kimi şirkətlər də problemin böyüməsində mühüm rol oynadı:

"Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Belə ki, adıçəkilən şirkətlərdə çalışan sürücülərlə əmək müqavilələrinin bağlanmaması, sürücülərin bəzən 14-16 saat sükan arxasında olması, bunun müqabilində isə gəlirlərinin çox aşağı olması kimi neqativ hallar müşahidə olunur. Eyni zamanda, bu şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur".

"Dediklərinizdən belə anlamaq olar ki, islahatlar nəticəsində Bakı şəhərində taksilərin sayında azalma gözlənilir. Belə olan halda əhalinin ictimai nəqliyyata olan tələbini ödəməkdə hər hansı bir çətinlik müşahidə olunmayacaqmı?" sualına cavabında nazir deyib:

"Qeyd edim ki, biz taksi xidmətində aparılacaq islahatlara ayrılıqda baxmırıq. Biz taksi xidmətini şəhər mobilliyinin bir elementi kimi nəzərdən keçiririk. Bu baxımdan islahatlara bütövlükdə Bakı şəhərində mobilliyin genişləndirilməsi, əhalinin ictimai nəqliyyata çıxışının yaxşılaşdırılması və şəhərdə tıxacların azaldılması prizmasından baxırıq.

Bu baxımdan taksi islahatları ilə yanaşı, paraleldə avtobus xətlərinin və metronun fəaliyyətinin optimallaşdırılması, texnoloji həllərin tətbiqi, mikro mobillik vasitələrinin, o cümlədən piyada və velosipedlə hərəkətin təşviqi kimi məsələlərə baxılır.

Sadə bir nümunəyə nəzər salaq: taksi xidmətlərindən istifadə zamanı səfərlərin təxminən 35%-i 1.5-3 kilometrə qədər məsafədə baş tutur. Hesab edirik ki, piyadalar üçün uyğun infrastruktur olsa, istər piyada, istər skuter, istərsə də velosiped vasitəsilə bu məsafəni taksidən daha qısa müddətə qət etmək mümkündür. Başqa bir nümunə: şəhərin əsas küçələrində avtobuslar üçün xüsusi xətlərin ayrılması ictimai nəqliyyatı vətəndaşlar üçün daha cəlbedici edəcək.

Beləliklə, bütün bu məsələlərə sistemli yanaşma sərgiləmək məqsədilə nazirlik tərəfindən şəhər mobilliyi planı hazırlanmaqdadır. Planda mobilliyə dair bütün məsələlər öz əksini tapacaqdır".

Cebhe.info