Tanınmış tarixçidən Əlisa Nicata: “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”

“Əlisa Nicat konkret Mikayıl Müşfiqin yazılarını, şeirlərini götürüb onu antisovet və antirus çıxışçı kimi qələmə verən Yazıçılar Birliyinin üzvlərinin adını çəksin və onların siyahını versin. Səməd Vurğun yaltaq idisə, onlar da xain idi. Xain olmaq çox qorxulu bir şeydir”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında tarixçi alim Zaur Əliyev deyib. Onun sözlərinə görə, Əlisa Nicat xalqın bilməsinə ehtiyacı olan mövzuları kənarda qoyub, cəmiyyətdə populyar olmaq və gündəmdə qalmaq üçün bu sözü deyir:
“Əlisa Nicat böyük alim, filosofdur. Mən onu tarixçi kimi qəbul edirəm. Çünki tarixi əsərləri var. Səməd Vurğun bu xalqın sevimli şairidir. Səməd Vurğun Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz və Məmməd Araz səviyyəsində bir şair deyildi, amma xalqın sevdiyi bir şair idi. Eyni zamanda, o dövrdə yaşayan insanlarından biri də Əlisa Nicat idi.
Yəqin ki, Əlisa Nicat da Kommunist Partiyasının üzvü olub, televiziya kanalında, həmçinin, sovet dövründə müəyyən vəzifələrdə işləyib. Onun da Kommunist Partiyası, Lenin, Stalin haqqında yazıları olub. Əlisa Nicatı biz müstəqillik illərindən sonra tanımağa başlamışıq. Belə hesab edirəm ki, müstəqillik illərinə qədər sovet dövründə heç kim onu tanımırdı və qəbul etmirdi. Mən Əlisa Nicatı sadəcə olaraq ədalətsiz olmaqda ittiham edirəm. O, bu məsələyə çox ədalətsiz və şəxsi qərəz nöqteyi nəzərdən yanaşır. O, böyük bir insandır, amma səmimi və ədalətli olsun.
Desin ki, bax, Səməd Vurğun ilə yanaşı, filan şair də vardı. Elə Süleyman Rüstəmin və ya istintaqda Mikayıl Müşfiqin üzünə dirəşən digər şairlərin adını çəksin. Hüseyn Cavidin məktubları var, deyir ki, ağır xəstəyəm, mənə dəyməyin, qoyun mən həyatımı yaşayım, özüm ölüm. Amma yazıçılar dirənmişdilər ki, onu öldürün. Əhməd Cavadın üzünə durmuşdular ki, sən xainsən. Əlisa Nicat elə səmimidirsə təkcə Səməd Vurğun ilə kifayətlənməsin. Səməd Vurğun yaltaq idi, bəs xainlər kim idi?”
Zaur Əliyev qeyd edib ki, birbaşa xainləri ittiham etmək laızmdır:
“Bu cəmiyyət birdən-birə müstəqillikdən sonra yuxudan ayıldı. Hər kəs keçmişdə olan səhvləri və düzləri müzakirə etməyə başladı. Əgər keçmişdə olan hadisələri müzakirə eləməyə başlasaq, onda gərək xalqın mesenatı Hacı Zeynalabdin Tağıyevi ittiham edək. Tağıyevin də öz dövrünə uyğun səhvləri olub, Çar Rusiyasına xidmət edib. Hətta gərək Musa Nağıyevi də ittiham edək. Həmçinin, gərək Azərbaycanın digər milyonçularını ittiham edək.
Onda gərək biz II Dünya müharibəsində savaşan Həzi Aslanovu, İsrafil Məmmədovu da ittiham edək. Yəni sovet dövründə insanın dünyagörüşü Sovet İttifaqından ibarət idi. İdeologiya qorxusu vardı və ideologiya o insanları buna məcbur edirdi. Hər kəs bilirdi ki, Stalin və Xuruşşov dövründə nələr baş vermişdi. 37-ci il repressiyaları insanların yaddaşından silinməyib.
Hətta Üzeyir Hacıbəyov kimi böyük şəxsiyyət, Səməd Vurğun da repressiya siyahısında ola bilərdi. Bu insanlar dövrə uyğun yaşadıqlarına görə Kommunist Partiyasına xidmət ediblər. Onların müəyyən əsərləri olub ki, orda Azərbaycan adı çəkilə bilməzdi. Xudu Məmmədov, Xan Əmi və ya Bəxtiyar Vahabzadəni götürək. Məsələn, Bəxtiyar Vahabzadə özü də Leninə poema yazıb. Onda belə çıxır ki, Bəxtiyar Vahabzadə də satqındır?
Xudu Məmmədov da o dövrdə sovet elminin inkişafı üçün çalışıb. Xudu Məmmədov xaindir? Keçmişdəkiləri o halda ittiham edək ki, onlar birbaşa xain olublar. Məsələn, Mikayıl Müşfiqin əleyhinə imza atanlar və Hüseyn Cavidin üzünə duranlar, Yazıçılar Birliyinin üvzləri və s.
Sovet dövrünun 30-cu illərini götürək, Yazıçılar Birliyinin üzvlərinin xidməti nədən ibarət idi? Hamı repressiyadan qorxurdu və gözləyirdi ki, gəlib onun qapısını döyəcəklər. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz və digərləri bu qorxunu yaşayıb.
Əlisa Nicat onları güllələnməyə, sürgünə, ölümə göndərən o şair və yazıçıların adlarını niyə çəkmir? Söhbət Yazıçılar Birliyinin üzvlərindən gedir, onları Əlisa Nicat yaxşı bilir, tarixçidir. Səməd Vurğunun digərlərindən fərqi odur ki, o, nə Əhməd Cavad, nə Mikayıl Müşfiq, nə Hüseyn Cavid əleyhinə imza atıb. Mircəfər Bağırov Səməd Vurğunu məcbur edib, Səməd Vurğun da qorxusundan intihar etmək istəyib. Səməd Vurğun birtəhər hansısa yolla qohumları və nəslinə görə repressiyadan canını qutarıb”.
Tarixçi alimin sözlərinə görə, yəqin Əlisa Nicat kimsə tərəfindənsə görülməsini istəyir:
“Əlisa Nicat bu suala cavab versin görək, Azərbaycan Xalq yazıçısı adını ilk dəfə kimə veriblər? Aleksandr Şirvanzadəyə (Şirinzadəyə) kim bu adı verib? Əlisa Nicat tarixi belə dərindən bilirsə, açsın qoysun ortaya ki, Mikayıl Müşfiqin əleyhinə imza atanlar kimlər idi? Çox uzağa getmək lazım deyil. Milli arxivlərdə bu adamların yazdığı məktublar və imzaları var. İndiki şair və yazıçıların adını çəksin. Hansılar ki, 90-ci illərdə “Vətən, Vətən” deyib deputat olmuşdular, indi oğlanları diplomat, səfir və digər vəzifələrdədir.
90- cı illərdə şairlər, yazçılar alovlu şeirlər deyirdilər. Sonra nə oldu? Hamısı bütün dövrlərdə yaxşı vəzifələrdə çalışdı. Biz sənədlərdən oxuyub öyrənirik, Əlisa Nicatın isə 90 yaşı var, bu prosesləri görüb, yaşayıb. O, ən azından o insanları şəxsən tanıyıb. Desin ki, mən bilirəm ki, filankəs budur. Elə hər dəfə Səməd Vurğunun adı çəkilir. Səməd Vurğun xalqın sevdiyi bir insandırsa, niyə həmişə hədəf o olur? Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin və digərlərinin adını çəkmir? Bəxtiyar Vahabzadə də “Lenin” poeması yazmışdı.
Niyə məhz Səməd Vurğun? Mən hesab edirəm ki, Əlisa Nicat şəxsi qərəzlikdən bunu deyib. Onun Səməd Vurğunun ailəsi və ya yaxınları ilə şəxsi qərəzliyi varmı, bunu deyib bilmirəm. Yəqin istəyir ki, onun tərəfini tutanlar olsun, onu kimsə görsün. 70-80-cı illərdə Yazıçılar Birliyində belə bir ifadə vardı: “Əkrəm Əylisli yenə nəsə istəyir”.
Əkrəm Əyrisli nəyə etiraz edirdisə, demək nəsə istəyirdi. Ona istədiyini vermirdilərsə, etiraz edirdi və istəyinə nail olanda sakitləşirdi. Əlisa Nicatı ittiham etmirəm. Azad insandır, öz fikrini səsləndirib. Hər kəs öz fikrini deyə bilər. Amma ədalətli və səmimi desin.
Əgər o, həmin dövrü gözəl bilirsə, buyursun, xainlərin adını açıqlasın ki, hansı yazıçı öz əqidə yoldaşlarına, dostlarına xəyanət edib”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”