“Üçüncü Dünya müharibəsi başlayır”: Vaxt verildi - ŞOK PROQNOZ

“SSRİ dağılandan indiyə kimi Üçüncü Dünya müharibəsinin ola biləcəyi ilə bağlı söz-söhbətlər gedir”.
Bu sözləri məşhur astroloq Səbuhi Rəhimli “Cebhe.info”-ya açıqlamasında deyib.
O bildirib ki, Üçüncü Dünya müharibəsinin başlaması qaçılmazdır:
“Rusiya-Ukrayna müharibəsinin, Fələstində baş verənlərin, Çin-Tayvan və Hindistan-Pakistan gərginliyinin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı deyilir. Son olaraq İsrailin Livana potensial hücumunun Üçüncü Dünya müharibəsinə səbəb olacağını deyirlər. Mən 2003-cü ildə İraqa ittifaq qüvvələrinin hücumundan sonra artıq Dünya müharibəsinin qaçılmaz olduğunu demişəm. Bu, mediada da kifayət qədər səsləndirilib. Lakin nüvə müharibəsinin olacağı barədə iddiaları təkzib edirəm. Çünki Üçüncü Dünya müharibəsində nüvə silahından istifadə olunmayacaq”.
Astroloq qeyd edib ki, artıq dünyada rəqib ittifaqlar yaranmaqdadır:
“Baş verənlər İkinci Dünya müharibəsindən öncə yaşananlarla oxşarlıq təşkil edir. Üçüncü Dünya müharibəsinin başlaması qaçılmazdır. Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan da Üçüncü Dünya müharibəsinin olacağını deyirlər. Hazırda bir çox ölkələrin silahlanması ilə yanaşı, ərzaq ehtiyatlarının yığılması ilə bağlı da çağırışların olmasını nəzərə almalıyıq”.
Səbuhi Rəhimlinin proqnozuna əsasən, Üçüncü Dünya müharibəsi 2024-cü ildə başlayacaq:
“Əslində, İraqın işğalı ilə Üçüncü Dünya müharibəsinə aparan proseslərin startını verdi. Artıq proseslər qarşısı alınmaz həddə çatıb. Düşünürəm ki, Üçüncü Dünya müharibəsi bu ilin sentyabr ayına qədər başlaya bilər. Əgər İsrail Livana hücum etsə, dünya müharibəsi qaçınılmaz olacaq. Çünki Livanda böyük ölkələrin maraqları var. Bu isə qarşıdurmanın böyüməsinə və Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olacaq”.
Elmir Mustafa
“Cebhe.info”