Akif Nağı: “Polad Bülbüloğlunu təbrik edə bilmərəm” - MÜSAHİBƏ
“124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyimi irəli sürməyimin səhv qərar olduğunu qətiyyən düşünmürəm”.
Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cümhuriyət”-ə müsahibəsində deyib.
"Cebheinfo.az" müsahibəni təqdim edir:
- Akif bəy, müsahibələrinizdə parlament seçkilərində məğlub olacağınız təqdirdə qalib gələn tərəfi təbrik edəcəyinizi demişdiniz. Sizin də namizəd olduğunuz 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsində Polad Bülbüloğlu deputat seçildi. Dediyiniz kimi onu təbrik edəcəksiniz?
- Əslində, təbrik etmək istəyərdim. Bu, dünyada da qəbul olunmuş etik normalara daxildir. Amma seçicilərimdən mənə Polad Bülbüloğlu haqqında xeyli etirazlar gəlib. Ona görə də seçicilərimin xətrinə dəyərək Polad Bülbüloğlunu təbrik edə bilmərəm.
- Sizcə, Azad Vətən Partiyası seçki kampaniyasında nələri səhv etdi? Bununla bağlı partiya daxilində müzakirələr aparıldı?
- Bəli, partiya rəhbərliyi səviyyəsində bununla bağlı müzakirələr olub. Siyasi Şuranın iclasında geniş müzakirələrin aparılacağı da gözlənilir. Təbii ki, səhvlər, nöqsanlar və çatışmazlıqlarla bağlı məsələlər barədə danışacağıq. İlkin olaraq onu deyə bilərəm ki, parlament seçkilərində daha çox namizədlə çıxış etməli idik. Həmçinin, seçki kampaniyasını ətraflı təşkil edərək, daha çox seçici ilə görüşə bilərdik. Amma bunların hamısı maliyyə tələb edir. Partiyamızın maliyyə imkanları zəif olduğu üçün bunlar obyektiv səbəblərdir. Maliyyə çətinliyinə baxmayaraq, daha geniş arealı əhatə etməli idik. Əsas səhvlərimizdən biri məhz budur.
- Maraqlıdır, namizədliyinizi verdiyiniz dairənin səhv seçim olduğunu düşünürsünüz?
- 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyimi irəli sürməyimin səhv qərar olduğunu qətiyyən düşünmürəm. Torpaqlarımız işğaldan azad olunandan sonra və partiya sədri kimi ilk dəfə deputatlığa namizəd oldum. Eyni zamanda, partiyamız da ilk dəfə seçkilərdə iştirak etdi. Seçdiyimiz dairənin Qarabağdan olmalı olduğunu düşünmüşdüm.
- Partiya daxilində sizin Qarabağın başqa bölgəsindən namizəd olacağınız təqdirdə seçilmə şansınızın arta biləcəyini düşünənlər var idi?
- Bəlkə təkcə Ağdamdan namizədliyimi irəli sürə bilərdim. Amma tam ağdamlılar olan dairədən də namizəd olsam, eyni dərəcədə münasibət görərdim. Ağdamlılar da, şuşalılar da, xocavəndlilər də mənə eyni münasibəti göstərdilər. Yəni dairə ilə bağlı səhvimiz yoxdur. Təkcə Ağdamdan namizədliyimi verməyim düzgün olmazdı.
Çünki biz bütün Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparmışıq. Ona görə də optimal variant olaraq Şuşa, Ağdam və Xocavəndin əhatə olunduğu dairəni seçdim. Seçim doğru idi, seçicilərin münasibəti də tam şəkildə ürəyimizcə oldu. 21 gün ərzində 26 rayonda seçicilərlə görüş keçirdik. Hər yerdə mənim namizədliyimə çox müsbət münasibət gördük.
- Növbəti parlament seçkilərində yenidən deputatlığa namizəd olacaqsınız?
- Hesab edirəm ki, partiya bütün seçkilərdə iştirak etməlidir. Təbii olaraq partiyanın sədri də seçkilərdə mübarizə aparmalıdır. Bu, normaya çevrilməlidir. Son parlament seçkilərində bəzi partiyalarının seçkidə iştirak etməməsi də anlaşılan deyil.
Partiya sədri siyasi mübarizənin içində olduğu üçün namizədliyini irəli sürməlidir. Seçilməsə belə, seçicilərlə görüşür, seçki ilə bağlı maarifləndirmə işi aparır və insanları fəallaşdırır. Partiya sədrinin funksiyası təkcə seçilmək deyil. Eyni zamanda, onun cəmiyyəti fəallaşdırması və seçkilərə marağı artırmaq kimi vəzifələri var. Ona görə də düşünürəm ki, partiya sədri seçkilərdə iştirak etməlidir.
- Akif bəy, bir neçə gün əvvəl “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyalara maliyyə ayrıldı. Parlament seçkilərində iştirak edən parlament partiyası olmayan 13 partiyaya da vəsait verildi. Həmin partiyaların arasında Azad Vətən Partiyası da var. Ümumiyyətlə, bu addım dövlətin partiyaların inkişafı üçün atdığı addım kimi qiymətləndirilir...
- Əslində, bu, həm də bizim partiyanın təklifi idi. Həmçinin, dövlət də partiyaların maliyyələşməsi ilə bağlı fikirləşirdi. Yəni bizim təklifimizlə üst-üstə düşdü. Mən də bu addımı çox müsbət qarşılayıram.
Biz bu təklifi “Siyasi partiyaların haqqında” Qanunun müzakirəsi zamanı vermişdik. Onda mətbuatda da bununla bağlı təklifi səsləndirdim. Bəlkə də, təklif diqqət çəkdi. Lakin ayrılan vəsait çox aşağıdır. Təxminən aya 1500 manat edir. Bu pul partiya üçün cüzi rəqəmdir.
Təklif edirəm ki, partiyaların maliyyələşməsi ilə bağlı yanaşma dəyişsin. Parlament partiyası olub-olmamasından asılı olmayaraq onların ümumi tələbatı öyrənilməlidir. Məsələn, hər partiya üçün 25-30 nəfərlik ştat müəyyən olunmalı və onun əsasında minimum əmək haqqına uyğun olaraq dövlət büdcəsindən maliyyə ayrılmalıdır. Partiya da heç kimdən asılı olmadan normal fəaliyyət göstərməlidir.
Elmir Mustafa
"Cebheinfo.az"