AXCP-dən istefalar: “Fərqli düşüncələrə yol verilmir”- Razi Nurullayevlə MÜSAHİBƏ

AXCP-dən istefalar: “Fərqli düşüncələrə yol verilmir”-  Razi Nurullayevlə  MÜSAHİBƏ

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli partiyadan istefa verib. 

Partiya funksioneri yaş və səhhəti ilə əlaqədar partiyadan getdiyini bəyan etsə də, pariyadadaxili kluarlarda Nurəddin Məmmədlinin partiyadan ayrılmasının səbəbi kimi Əli Kərimlinin onu yenidən Ali Məclis sədri postunda görməməsi və fikir ayrılığı olduğu bildirilir.

Bununla bağlı Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayev AXCP-dən ayrılmalar və müxalifətin gələcəyi barədə fikirlərini bildirib və "Cebheinfo.az" müsahibəni təqdim edir.

-AXCP-dən Asif Yusiflinin ardınca  Ali Məclisin sədri Nurəddin Məmmədli də istefa verdi. Siz bu istefaları necə dəyərləndirirsiniz?

-AXCP-də başlanan istefalar gözlənilən idi və davam edəcək. Bu istefalar Əli Kərimlinin onilliklər boyu yarıtmaz və nəticəsiz siyasətindən doymuş insanların son çarəsi və çırpıntılarıdır. Nurəddin Məmmədli və Asif Yusifli kimi təcrübəli şəxslərin AXCP-dən ayrılmaları Əli Kərimlinin artıq neçənci dəfə siyasi çöküşüdür. Adam siyasi cəhətdən yıpranıb, amma bunu qəbul etmək istəmir və müxtəlif bəhanə və siyasi vədlərlə insanları yanında saxlamaq üçün tədbirlər görür.

Amma daha Əli Kərimlinin də deməyə yeni sözü və ideyası yoxdur deyə ətrafındakılar da piçı-pıçıya başlayıb. Onlar görür ki, Əli Kərimli danışdığı və göründüyü kimi deyil. O, daxili ziddiyyətlər və nifrətlə dolu anlaşılmaz bir insandır. 

Əli Kərimli təbiətən çox qəddar və diktatorluğa meyllidir. Bəlkə də Azərbaycan siyasətində ondan çox özünə vurğun və fərqli fikri qəbul etməyən ikinci şəxs yoxdur.

Onun ətrafında olanların narazılığı həm də odur ki, o, başqalarına qol-qanad açmağa, fərqli işlər görməyə, fərqli müsahibə və fərqli strategiya qurmağa icazə vermir. Bütün məsələlərdə o haqlıdır, o düşünür ki, ondan gözəl və bəlağətli danışan yoxdur, ondan gözəl strategiya düşünən də ola bilməz. Elə ki, ona sual verilir, bəs nəticə hanı, o, həmin an sual verən şəxsi satqın elan edir və təəssüflər olsun ki, onun ən gözəl bacardığı iş də elə budur. 

4-5 seçkidir ki, AXCP-də olanlar qatılmaq tərəfdarıdır və güclərini yoxlamaq istəyirlər. Əli Kərimli icazə vermir. İndi onun yanında olanlar düşünürlər ki, biz burada nə ilə, hansı siyasətlə məşğuluq? Nə qədər özümüz deyib, özümüz bəyənib, özümüz paylaşacağıq? Hanı o vəd olunan xarici dəstək, hakimiyyət, vəzifələr və biznes imkanları? 

Belə götürəndə, Əli Kərimlinin maliyyə cəhətdən dəstəkçiləri var və pis yaşamır. Bəs onun yanındakılar? Həqiqətən normal yaşaya bilmirlər və bəziləri o qədər fanatlaşmışdı ki, az qala ailəsindən imtina etmişdi. Amma indi vəziyət dəyişib. Daha köhnə nağıllara inanan da kəskin azalıb.

Narazılığın başqa bir səmti isə qərarların fərdi qaydada verilməsi və sonra öz iradəsinə uyğun qəbul etdirilməsidir. Əli Kərimlinin siyasi kursu, idarəetməsi çox qüsurludur və yanında olanların da artıq gözü açılıb.

-Siz də AXCP-də olmusunuz və sonra yollarınızı ayırmısınız. Bu qərarınızın səbəbləri nə idi?

-Çox insanlar sual verdi ki, Razi Nurullayev niyə getdi? Mən gedəndə nə demişdimsə, nə hərəkət etmişdimsə, bu gün də həmin mövqeyimi və duruşumu saxlayıram. 2015-ci ilə kimi AXCP-də Əli Kərimli ilə birlikdə oldum. Mən nə qazandım və xalqa nə verə bilmişdim?

Üzvlərimiz nə qazandı? Heç nə. Əli Kərimlinin özü nə qazandı? Bu gün cəmiyyətdə nəyəsə təsir göstərib həll edə bilirmi? Yox. Amma vətəndaşlar nəticə istəyir. Həll görmək istəyirlər. 2015-ci ildə getdim, partiya formalaşdırdım. Bu gün mən parlamentdəyəm. 2018, 2024-cü illərdə prezidentliyə namizəd oldum.

Bu gün bütün Azərbaycan məni normal siyasətçi kimi tanıyır və ölkədə üzdə olan siyasətçilərdən biriyəm. Cəbhəçilərə yazığım gəlir. Onlara düzgün seçim etməyi və Əli Kərimlinin yanından uzaqlaşmağı tövsiyə edirəm.

Siyasi partiyalar və gələcəyi aydın görən təşkilatlar var. Gəlin, onlarla birlikdə daha gözəl, daha demokratik və daha abad Azərbaycan üçün siyasi mübarizə aparın. Özünüzü yeni təşkilatlarda sınayın ki, potensialınız üzə çıxsın. Xalqa, millətə, Azərbaycana xidmət etmək üçün Əli Kərimlinin yanında olmağa ehtiyac yoxdur. Çünki, o zaman ancaq və ancaq onun məntiqsiz iddialarının girovuna çevriləcəksiniz.

-Əli Kərimlinin siyasi kursunda hansı problemləri görürsünüz?

-İnkarçılıq. Onun üçün müqəddəs heç nə yoxdur. Siyasi maraqlar üçün baş kəsər, qan tökər. Mən bu cür siyasəti qəbul etmirəm. O, hakimiyyətə gəlmək üçün minlərlə qurban verməyə də hazırdır. Amma özündən yox, yanındakılardan. Bunu da kənar müşahidəçi  çılpaq şəkildə görür.

Əli Kərimlinin siyasətində ən böyük problem bütün maliyyə və insan resurslarını özünün  şəxsi liderliyini qorumağa yönəltməsidir. Bu, partiyanın ümumi mübarizədən çox fərdi siyasətə fokuslanmasına səbəb olur. Həm də dediyim kimi, fikir müxtəlifliyi üçün məhdud imkanlar var.  AXCP-də fərqli düşüncələrə yol verilmir.

-Necə düşünürsünüz, AXCP-dən gedənlər Milli Cəbhə Partiyasına qoşula bilərlər? Sizin fəaliyyətiniz onları qane edə bilərmi?

-Niyə də etməsin ki? Milli Cəbhə Partiyası bu gün ən öndə olan partiyalar arasındadır və konkret uğur hekayəsi var. Professional siyasətlə məşğul olmaq istəyənlər arzularını bizim partiyada gerçəkləşdirə bilərlər. Bizim partiya sosial-demokratiya ideoloji xəttinə əsaslanaraq Azərbaycanın demokratik gələcəyinə töhfə vermək yolunu tutub. 

İllərlə əldə etdiyim təcrübə ilə ölkəyə daha faydalı olmaq, gənclərin inkişafına yol açmaq istəyirəm. Milli Cəbhə Partiyasında şəffaf idarəetmə modeli və hər kəsin fərqli fikir söyləmək imkanları var. Bu, bir çox müxalifət üzvünün axtardığı platformadır.

Hədəfimiz Azərbaycanın daha güclü və daha azad bir cəmiyyət olaraq inkişaf etməsidir. Hər bir vətəndaşın hüququnu və azadlığını qorumaq bizim üçün əsas meyarlardan biridir.

"Cebheinfo.az"