Azərbaycan üçün qorxulu ssenari – MÜSAHİBƏ

Azərbaycan üçün qorxulu ssenari – MÜSAHİBƏ

Yaxın Şərq uzun illər ərzində dövlətlərarası qarşıdurma yaşamayan, dövlət və qeyri-dövlət aktorları arasında müharibəyə öyrəşmiş bir region idi.

Lakin İranın iki gün öncə İsrailə birbaşa dron və raket hücumları, İsrailin buna cavab olaraq adevkat tədbirlər görməyə hazırlaşması, xüsusilə hər iki ölkə arasında eskalasiyanın kulminasiya nöqtəsinə çatması regionda mövcud status-kvonu dəyişə bilər.

Yəni Yaxın Şərqdə bir çox ölkələrə öz təsirini göstərəcək və regiondan kənardakı güc mərkəzlərinin cəlb olunacağı genişmiqyaslı müharibənin baş verməsi ehtimal olunur. 

Amma bəzi ekspertlər hesab edirlər ki, Tehranın bu addımı əvvəlcədən planlaşdırılmış, hətta Qərblə razılaşdırılmış siyasi ssenaridir. Onların iddialarına görə, Tehranın bu hücumu məhz ölkədaxili rəyə, həmçinin geosiyasi mövqeyinə hesablanıb.

Tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu “Cebhe.info”-ya müsahibəsində İran-İsrail gərginliyi ilə bağlı oxucuların indiyədək bilmədikləri bir çox məsələlərə aydınlıq gətirib.

- Elçin müəllim, hesab etmək olarmı, İran hakimiyyətinin İsrailə birbaşa hücumunun siyasi bir ssenari xarakteri daşıyır? Hər halda görünən də budur ki, Tehran bu hücumunun ABŞ ilə razılaşdırıb, ən əsası da daxili və xarici nüfuzunu qorumağa hesablayıb.

- Bu hücumun əvvəlcədən ABŞ-yə razılaşdırılması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Tehran heç bir halda Vaşinqtondan razılıq almayıb. Sadəcə olaraq, İran hakimiyyəti İsrailə hücum edəcəyi barədə ABŞ-yə xəbərdarlıq edib. Əgər ABŞ proseslərə qoşularsa, Yaxın Şərqdə bütöv regionu əhatə edəcək böyük müharibə baş verəcək.

Əsas məsələ budur ki, Yaxın Şərqdə eskalasiya kulminasiya nöqtəsinə çatıb. Əgər bir il və ya beş-altı ay bundan əvvəl İranın İsrailə birbaşa hücumunu qeyri-mümkün hesab edən ekspertlər indi belə bir ehtimalı real hesab edir. Eyni zamanda, heç kim elə zənn etməsin ki, İsrail İrana qarşı heç bir cavab tədbiri görməyəcək. Ona görə ki, İranın nüvə obyektlərində nüvənin zənginləşdirilməsi son həddə çatıb və nüvə silahına malik İran İsrail üçün çox böyük təhdiddir.

Təbii ki, İranın İsrailə birbaşa hücumunun uğursuz olması Tehranın regionda geosiyasi mövqeyinə ziyan vurdu və ərəb monarxiyalarının gözündə İranın o qədər güclü dövlət olmadığı təsiri bağışladı. Amma buna baxmayaraq, müəyyən qədər də uduşlu çıxdı. İran hakimiyyəti bu hücumla həm güclü, həm də himayə etdiyi proksi qüvvələrə onun bir çox imkanlara malik olduğunu göstərdi.

- Bildiyimiz kimi, İran hakimiyyəti İsrail ərazisinə dron və raket hücumlarını azərbaycanlıların məskunlaşdığı ostanlardan həyata keçirib. Tehran hücumları məhz bu ostanlardan endirməklə nə məqsəd güdüb? 

- İran hakimiyyəti heç bir məqsəd güdmür. Bildirim ki, bu hücumdan əvvəl İranın hərbi rəhbərliyi azərbaycanlıların kütləvi məskunlaşdığı ərazilərdə “Peyğəmbər” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. 

Ölkə tarixində ilk dəfə olaraq, bu təlimlərdə “Uçan mərmi” adlandırılan zərbə - “Şəhid-131” və “Şəhid-136” kamikadzelərdən, habelə ballistik raketlərdən istifadə olunub. Qeyd edim ki, İranın ən böyük hərbi aviabazaları əhalinin əksəriyyəti azərbaycanlı olan vilayətlərdə yerləşir. O ki qaldı İsrailə dron və raket hücumlarının bu ostanlardan həyata keçirilməsinə, Tehran sadəcə olaraq, sınanmış ssenarini yenidən işə salıb.

- Maraqlıdır, Netanyahu hakimiyyəti İrana qarşı hansı adevkat xarakterli cavab tədbirlər görəcək?

- Ümumiyyətlə, Netanyahu hakimiyyətinin İrana qarşı hansı adevkat cavab tədbiri görəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Amma İsrail mütləq şəkildə İrana cavab verəcək. Çünki İsrail həm regional, həm də beynəlxalq səviyyədə siyasi nüfuzunu qorumalıdır. 

Nə zaman cavab verəcək, bunu Netanyahu və onun komandasından başqa heç kəs bilmir.  Ancaq bir məqamı da diqqətdən qaçırmaq olmaz. Əgər Netanyahu hakimiyyəti İrana hücumla bağlı planlarını ictimaiyyətə açıqlayarsa, İsrail vətəndaşları tez bir zamanda ölkəni tərk edərlər.

Ona görə də Netanyahu öz planlarını gizli saxlamağa çalışacaq. Əslinədə Yaxın Şərqdə eskalasiyanın intensivləşməsi nə İsrail, nə ABŞ, nə də İranın marağındadır. Heç Azərbaycanın da marağında deyil.

- İran hakimiyyəti Yaxın Şərqdəki öz proksi qüvvələri vasitəsilə İsrailə hücumları davam etdirəcək?

- Bu, İsrailin Qəzzadakı davranışları və hərəkətlərindən asılı olacaq. Təbii ki, İran hakimiyyəti Livandakı “Hizbullah”, Yəməndəki “Ənsərullah” hərəkatını, hətta İraq və Suriyadakı öz proksi qüvvələrini İsrailə qarşı hazır vəziyyətə gətirə bilər. İstənilən halda bu, İsrailin Qəzzada müharibəni davam etdirib-etdirməyəcəyindən asılıdır.

- Belə ehtimal etmək olarmı ki, HƏMAS sıradan çıxarıldıqdan sonra İsrail “Hizbullah”la müharibəyə başlayacaq?

- HƏMAS İranın tam nəzarətində olmayan bir təşkilatdır. Təşkilatın siyasi bürosunun rəhbəri İsmayil Haniyə İranda yox, Qətərdə sığınacaq alıb. Sözsüz ki, Qəzzada öz hədəflərinə nail olduqdan sonra İsrail “Hizbullah”ı zərərsizləşdirmək niyyəti güdəcək.

Amma İsrail bu məsələdə öz istəyinə nail olacaqmı, bu, hələ müəmmalıdır. Hesab etmirəm ki, İsrail HƏMAS-ı sıradan çıxarandan sonra “Hizbullah” ilə müharibəyə başlayacaq. Əmin edim ki, İsrail iqtisadiyyatı buna dözməyəcək. Bunun üçün İsrailin ümumdaxili məhsulunun ən azı 4 % -i müharibəyə sərf olunmalıdır. Bu da çox böyük xərc deməkdir.

- İran-İsrail toqquşması Azərbaycana necə təsir göstərəcək?

- Əgər İranla İsrail arasında genişmiqyaslı hərbi toqquşma baş verərsə, bu, Azərbaycana mənfi təsir göstərəcək. Bu, həm ölkəmiz, həm də ümumregion üçün ən qorxulu ssenaridir.

Bu, geosiyasi riskləri daha da artıracaq. Belə olan halda Azərbaycan hava hücumundan müdafiə sistemlərini daha da gücləndirmək üçün hərbi xərclərini artırmağa məcbur olacaq. Ən azı üç və ya dörd milyard dollar civarında, bəlkə də daha çox maliyyə sərf olunacaq.

Yunis Abdullayev 
“Cebhe.info”