Azərbaycanlılar Ukraynaya niyə qayıtmır? - "Hər adama 800 avro verirlər..." - MÜSAHİBƏ

Azərbaycanlılar Ukraynaya niyə qayıtmır? - "Hər adama 800 avro verirlər..." - MÜSAHİBƏ

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb.

Mətbuatda yayılan məlumata görə, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duisburq şəhər vağzalına toplaşıblar.

Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub. Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq, son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı 10 minə yaxındır.

Qeyd edək ki, hazırda Ukraynada yaşayan azərbaycanlılar bir qismi müharibə başlayandan ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ukrayna Azərbaycanlıları Radasının İdarə heyətinin üzvü Eldar Tağıyev Cebhe.info-ya bununla bağlı geniş müsahibə verib.

- Müharibə yeni başlayan dövrlə müqayisədə hazırda Ukraynada ümumi vəziyyəti necə dəyərləndirirsiniz?

- Hazırkı vəziyyətlə bağlı onu demək olar ki, cəbhə xətti ilə kənarda olan əraziləri müqayisə etdikdə Ukraynada vəziyyət Azərbaycandan fərqlidir. Azərbaycanda cəbhədə baş verən təhlükəli prosesləri ölkənin hər yerində faciə kimi qəbul edirlər. Ancaq Ukraynada əhalinin bizi kimi bir-biri ilə sıx əlaqədə olmaması, yaxud özlərinə çox qapanmaları nəticəsində kimin nə dərdi, kədəri, itkisi olduğunu bilmək olmur.

Əhalinin ümumi əhval-ruhiyyəsini cəbhədən, hətta 10 kilometr aralıda sezilmir. Ukraynada vəziyyət elədir ki, bəzən hiss etmirsən ki, ölkədə müharibə gedir. Mən cəbhə xəttinə ən yaxın ərazidə - Dneprdəyəm, əgər mən hiss etmirəmsə, başqa şəhərdə hiss etmək çətindir. Həyat öz axarı ilə gedir. Əhalidə müharibənin ilk vaxtlarında müəyyən panika vardı.

Yəni rusların sürətlə irəliləməsindən ehtiyat edirdilər, sonra hücumların qarşısı alınıb, ruslar irəliləyə bilmir. Raket atəşlərinə isə insanlar vərdiş etdilər, o dərəcədə qorxu törətmir. Qışda əhalidə qorxu vardı və çıxıb Avropaya getmişdilər. Çünki qışda elektrik stansiyalarını vururdular. Artıq o problem də yoxdur, yaz gəlib. Qayıda bilən qayıdır.

Bundan başqa Avropada əhalinin aldığı yardım məsələsi var. Azərbaycanlıların əksəriyyəti çoxuşaqlı ailələrdən ibarət idi və onlar Avropaya sığınıblar, hər ailə üzvünə 800 avro verilir, ayda 4 min avro alırlar. Əsasən buna görə də gəlmirlər, gələnlər isə gəlib qayıdırlar. Əhalinin çox hissəsi orada yaşamağa üstünlük verir. Kimin burada işi, obyekti var idisə, onlar qayıdır. Ancaq kimin burada çətinliklə yaşayırdısa, qayıtmağa üstünlük vermir.

- Hücumlar nəticəsində ölkədə bir çox sənaye müəssisələri dağıdılıb. Bəs bu gün əhalinin işlə təminatı necədir, dolanışığı necə təmin edə bilirlər?

- Ölkənin böyük bir hissəsində müharibə gedir, əhalinin əksəriyyəti hərbçilərdən ibarətdir. Hərbçilərin yüksək əməkhaqqı alması müəyyən qədər ticarət sektorunun inkişafına kömək edir. Kim harada çalışırsa əməkhaqqını ala bilir. Eyni zamanda Ukraynaya böyük kömək də var. Bu baxımdam iqtisadiyyatda çökmür. Heç bir çatışmazlıq yoxdur.

Hətta bəzi ictimai-iaşə müəssisələri qazanc edir. Ancaq fabrik-zavod, sadə əhalinin əvvəllər çalışdığı müəssisələr yoxdur. Bir də logistika məsələsi var ki, məsələn, Azərbaycandan bura məhsullar gəlirdi, azərbayanlıların əksəriyyətinin dolanışığı ondan ibarət idi. İndi bir neçə ölkə ərazisindən keçməklə, yol pullarının baha olması əvvəlkinə nisbətən xeyli çətinliklər yaranıb.

Qara dəniz vasitəsilə Gürcüstandan bizə yüklərin gediş-gəlişi ilə bağlı əhalimiz üçün problemlər yaradıb. Qeyd edim ki, burada yaşayan azərbaycanlıların çox hissəsi Ukrayna vətəndaşı deyildi, mövsümi çalışan insanlar idi, onların da çox hissəsi ölkəni tərk edib.

- Döyüşlərdə qəhrənmanlıq göstərən, şəhid olan Ukrayna vətəndaşı olan azərbaycanlılar da var. Bu gün bir sıra azərbaycanlı xaricə gedibsə, bəs oradakı diasporumuz necə fəaliyyət göstərir?

- Diasporumuzun fəaliyyətini bərpa edə bildik. Bizim əvvəlki bəzi “diaspor qəhrəmanlarımız” var idi ki, fəaliyyətdən çox, bizə problem yaradırdı, onlar müharibə başlayan kimi ölkəni tərk etdilər. Diasporun əsas özəyi olan hissə qaldı. Doğrudur, indi bizim kütləvi tədbirlər keçirməyə imkanımız yoxdur. Müharibə gedən ölkədə kütləvi tədbirlər, bayramlar olmadığına görə, nəzərəçarpan tədbirlərimiz olmur. Ancaq ideoloji tərəfdən, Ukraynanı dəstəkləmək, müxtəlif yardımlar etməklə diasporumuz əlindən gələni edir.

Təşkilatımızın ən güclü gedişatı o oldu ki, bu yaxınlarda Ukrayna deputatlarını Azərbaycana aparmışdıq. Bu yaxınlarda Azərbaycan parlamentinin üzvləri Kiyevə gələcəklər. Bizim Kiyevdəki mərkəzi ofisimiz fəaliyyətini davam etdirir. Yerlərdə də müəyyən qədər fəaliyyətimiz var. Əsas məsələ kimi stabilliyimiz qoruyub saxlamağa çalışırıq. Bir sıra başqa ölkələrin, xüsusilə də bədnam qonşuların diasporuna baxanda bu prosesdən üzüağ çıxırıq.

Nigar Abdullayeva
Cebhe.info