Batu Coşkun: “Türkiyədə hakimiyyət dəyişikliyi baş versə, Azərbaycanla münasibətlər...” - MÜSAHİBƏ

Batu Coşkun: “Türkiyədə hakimiyyət dəyişikliyi baş versə, Azərbaycanla münasibətlər...” - MÜSAHİBƏ

Türkiyədə seçkilərin keçirilməsinə artıq həftələr qalıb.

Seçkilərin nəticələri səbirsizliklə gözlənilərkən, “Cümhur İttifaqı” və “Millət İttifaqı” arasında gərgin mübarizə gedir. Prezidentlik uğrunda isə əsas rəqabət möcvud Prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında gedir. Onlarla yanaşı, Məmləkət Partiyasının sədri Mühərrəm İncə və “ATA İttifaqı”nın namizədi Sinan Oğan da prezidentliyə namizəddir. 14 mayda həm prezident, həm də parlament seçkilərinin keçirilməsi maraqlı məqamlarla diqqət çəkir.

Bir çox ekspertlər bu tarixi seçkinin birinci turda bitməyəcəyini, ikinci tura qalacağını istisna etmirlər. Bu düşüncədə olan siyasi analitiklərin sayı getdikcə artır.

Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında Türkiyədəki seçkiləri və aktual məsələləri müzakirə etdik. Qonağımız Türkiyədə tanınmış siyasi analtik Batu Coşkundur.

- Batu bəy, Türkiyədəki seçkilərin keçirilməsinə artıq həftələr qalıb. Fərqli anket şirkətləri tərəfindən fərqli nəticələrin açıqlandığını görürük. Sizcə, hazırda hansı namizəd və ittifaq öndədir?

- Əslində həmişə Türkiyədəki anketlərlə seçki nəticələri arasında çox böyük fərq olur. Çünki ölkəmizdəki anketlər hər zaman dəqiq şəkildə həyata keçirilmir. Hətta çox zaman anket şirkətləri siyasi partiyalar üçün çalışırlar və onların gözləntiləri istiqamətində fəaliyyət aparırlar. Ona görə də anket şirkətləri bizə dəqiq nəticələri göstərə bilmirlər. Sadəcə 1-2 anket şirkəti seçkilərin nəticələrinə yaxın təxminlər verə bilir.

Hazırda isə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasındakı fərqlər bir-birinə yaxındır. Buna baxmayaraq, avantajın Ərdoğanda olduğunu düşünürəm. Amma parlament seçkilərin üçün “Cümhur İttifaqı” ilə “Millət İttifaqı” arasındakı səslərdə təxminən 10% fərq var. Yəni burada “Cümhur İttifaqı” öndədir. Lakin seçicilər arasında gözlənildiyi kimi bir hərəkətlilik yoxdur.

- Ekspertlərin böyük əksəriyyəti Türkiyədəki seçkilərin ikinci tura qalacağını proqnozlaşdırır. Bəs siz bu barədə nə düşünürsünüz?

- Məncə, seçkilər birinci turda bitəcək. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın birinci turda seçkini qazanmaq ehtimalı Kamal Kılıçdaroğludan daha yüksəkdir. Nəzərə alaq ki, Mühərrəm İncə və Sinan Oğanın reytinqi də gözləniləndən azdır. Yəni seçicilərin çox böyük əksəriyyəti bu iki namizədə yönəlməyəcək. Hətta 2018-ci ildəki seçkilərdə də anket şirkətləri seçkinin ikinci tura qalacağını proqnozlaşdırırdı, amma Ərdoğan birinci turda qazandı. Xatırlayırsınızsa, həmin dönəm 10 anket şirkətkindən 8-9-u əminliklə seçkinin ikinci tura qalacağını təxmin edirdi. Zənnimcə, seçki tarixi yaxınlaşdıqca, zəif namizədlərə olan maraq azalır və seçicilər əsas iki namizədin arasında qalırlar. Görünən odur ki, səslər Ərdoğan və Kılıçdaroğlu arasında bölünəcək, İncə və Oğanın səsləri isə getdikcə azalacaq.

- Məmləkət Partiyasının sədri Mühərrəm İncənin prezidentliyə namizəd olmasının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun səslərini böldüyü iddia olunur. Ən çox diqqət çəkən isə həm iqtidar, həm də müxalifət cəbhəsindən bununla bağlı açıqlamaların verilməsidir. Mühərrəm İncə özü səsləri bölmədiyini və onsuz da heç bir namizədin birinci turda 50 faiz həddini keçə bilməyəcəyini deyir. Siz vəziyyəti necə dəyərləndirirsiniz?

- Təbii ki, səslər bölünür. Türkiyədəki siyasi vəziyyətə baxdıqda, Ərdoğanı dəstəkləyənlər və Ərdoğana qarşı olanlardan ibarət iki düşərgə formalaşıb. Ərdoğanı dəstəkləyənlər arasında daha az parçalanma var. Lakin Ərdoğan qarşı olan müxalifət düşərgəsində ciddi bölünmələr var. Mühərrəm İncə də həmin bölünmələrdən biridir. Buna baxmayaraq, İncə sadəcə Cümhuriyyət Xalq Partiyası (CHP) seçicilərinin səsini almır. Böyük ehtimalla, Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkət Partiyasının (CHP) seçicilərinin də bəzilərinin səsini alır. Yəni Mühərrəm İncə əslində bütün səslərin bölünməsinə səbəb olur. ümumiyyətlə, İncənin hər iki ittifaqın seçicilərindən səs alacağı proqnozlaşdırılır. Hesab edirəm ki, Mühərrəm İncə üçüncü güc olduğunu göstərdi və özünün seçici kütləsi də var. Lakin mən yenə də seçkinin birinci turda bitəcəyini düşünürəm.

- Vətən Partiyasının sədri Doğu Perinçek, Texnologiya və İnkişaf Partiyasının (TEK Partiya) sədri Əhməd Özal kimi namizədlər iddialı açıqlamaları ilə diqqət çəksələr də, 100 min imza toplaya bilmədilər. Bunu təsir edən əsas səbəb nə oldu?

- Bu, həmin şəxslərin seçicilər arasında ciddi bir qarşılığı olmadığını göstərir. Onların 100 min imza toplaya bilməməsi də olduqca təbiidir. Həmçinin, Doğu Perinçek və Əhməd Özalın seçicilər arasında təsiri olmadığını da düşünürəm. Xüsusilə, Əhməd Özal siyasətə uzaq biridir, sadəcə atası Turqut Özalın adı ilə seçici qazanmağa çalışır. Amma seçicilərin dəstəyini ala bilmədiyini görürük. Doğu Perinçek üçün də bənzər fikirləri səsləndirmək olar. İndiki seçicilərin isə düşüncələri tam fərqlidir.

- ümumiyyətlə, Türkiyə xalqı, türk vətəndaşının seçkilərdən ən böyük gözləntisi nədir?

- Vətəndaşların ən böyük istəyi artıq bu seçki məsələsinin gündəmdən çıxmasıdır. Bir müddət seçkidən danışmamaq, seçki ilə siyasət aparılmasından uzaqlaşmaq istəyirlər. İnsanlar gündəlik gözləntilərinin qarşılanmasını gözləyirlər. Cəmiyyəti narahat edən ən böyük problemlərdən biri iqtisadi çətinlik və həyat şəraitinin bahalı olmasıdır. Bununla yanaşı, təhlükəsizlik və miqrantlarla bağlı da problemlər var. Vətəndaşlar artıq bu problemlərin həll olunmasını istəyirlər. Həmçinin, Türkiyənin başqa bölgələrində də zəlzələ olacağı ehtimalı ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Yəni İstanbulda və ya digər vilayətlərdə zəlzələ olarsa, hökumətin hansı addımları atacağı müzakirə olunur. İnsanların qəzalı evlərdən köçürülməsi, risklərin minimumlaşdırılması da vətəndaşların tələbləri sırasındadır.

- Türkiyədəki seçkilər Azərbaycanda da çox yaxından izlənilir. Bəziləri Rəcəb Tayyip Ərdoğanın Prezident seçilməyəcəyi təqdirdə, iki ölkə arasındakı münasibətlərin əvvəlki kimi olmayacağını iddia edir. Ərdoğanın Azərbaycana necə dəstək olduğunun ən böyük nümunəsini 44 günlük Vətən müharibəsində də gördük. Lakin müxalifət iqtidara gələcəyi təqdirdə, münasibətlərin indiki kimi olmayacağı önə sürülür. Sizcə, Türkiyədəki seçkilərin nəticəsi Azərbaycanla münasibətlərə təsir edəcək?

- Əgər Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçilsə, Türkiyə-Azərbaycan münasibətlərində dəyişiklik olmayacaq. Əksinə, mövcud münasibətlər müsbət formada inkişaf edəcək. Amma Kamal Kılıçdaroğlunun Prezident seçiləcəyi variantda, iki ölkə arasındakı münasibətlərdə dəyişiklik gözlənilə bilər. Çünki Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında çox yaxın münasibətlər var. Kamal Kılıçdaroğlunun isə İlham Əliyevlə belə münasibəti olacağını düşünmürəm. Təbii ki, çox sürətli və böyük siyasi dəyişikliklər olmayacaq. Yəni Türkiyənin Azərbaycanla olan münasibətlərində tam yeni bir siyasətə gedəcəyini də gözləmirəm.

Onsuz da “Millət İttifaqı”nın ortaq siyasət memorandumu mətnindəki xarici siyasətdə dəyişdirməyi hədəflədikləri mövzular arasında Azərbaycanın adı keçmir. Yəni müxalifət seçkilərdə qalib gəlsə, bu məsələdə çox fərqli addımlar atacağını düşünmürəm. Amma xarici siyasətdə ikitərəfləri münasibətlər də həlledici rol oynayır. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bunun önəmli bir göstəricisidir. Belə bir münasibətin Kamal Kılıçaroğlu ilə olma ehtimalı daha az dəyərləndirilir.

Elmir Mustafa
Cebhe.info