Britaniyalı jurnalist: “Fransa kimi riyakarlar danışıqlardan kənarlaşdırılmalıdır”

Britaniyalı jurnalist: “Fransa kimi riyakarlar danışıqlardan kənarlaşdırılmalıdır”

“Cənubi Qafqazda sülh, əmin-amanlıq və sabitliyin bərqərar olunması Qərbin xeyrinə olacaq”.

Bu sözləri “Cümhuriyət”-ə açıqlamasında britaniyalı jurnalist Neil Vatson Cənubi Qafqazda son geosiyasi prosesləri şərh edərkən bildirib.

O, söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində təqdirəlayiq rolu, Azərbaycan-Ermənistan sülh prosesi, ABŞ və Avropa İttifaqının regionda sülh təşəbbüsləri, o cümlədən Azərbaycan-Britaniya münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşüb.

Neil Vatson Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını yüksək qiymətləndirib:

“Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan bu il Avropaya 12 milyard kub metr qaz tədarük edəcək. Agentliyin hesabatında, həmçinin qeyd edilib ki, 2022-2023-ci illər üçün Azərbaycan Trans-Adriatik Kəməri (TAP) vasitəsilə qaz tədarükünü əvvəlki illərə nisbətən 15 % artırıb. Azərbaycan və Avropa İttifaqı arasında imzalanan son razılaşmaya əsasən, Bakı 2027-ci ilə qədər qaz ixracını iki dəfə artırmağı planlaşdırır.

Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada ciddi enerji böhranı yaranıb. Belə bir vaxtda Azərbaycan Avropa İttifaqının, xüsusilə rus qazından tamamilə asılı olan Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş hesab olunur. Azərbaycanın Avropa üçün əhəmiyyəti getdikcə artır”.

Britaniyalı ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda siyasi sabitliyin bərqərar olunmasına və iqtisadi inteqrasiyaya müsbət təsir göstərəcək:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın inteqrasiyasını və çiçəklənməsini təmin edəcək ən vacib şərt hesab olunur. Sərhədlərin açılması və yeni nəqliyyat yollarının bərpası bütün region dövlətlərini iqtisadi cəhətdən bir-birilə əməkdaşlıq etməsinə sövq edəcək.

Sülh istiqamətində göstərilən təşəbbüslər Cənubi Qafqaz xalqları arasında inam və etibarı artıracaq, hətta hər üç xalqın inkişafına təkan verəcək. Azərbaycanla sülh prosesinin sürətləndirilməsi Rusiya və İrana arxalanan Ermənistanın xilası üçün çox vacibdir. Yalnız bu yol Ermənistana tam müstəqillik əldə etməsinə imkan verəcək”.

N.Vatson Azərbaycanın Orta Dəhliz layihəsində əhəmiyyətinə də münasibət bildirib:

“Azərbaycan, həqiqətən Orta Dəhlizin inkişafında mühüm və əhəmiyyətli rol oynayır. Bu dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Limanının imkanları daha da genişlənəcək. Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Prezident Tokayevlə görüşündə bu məsələni gündəmə gətirib. Rusiyadan yan keçən Orta Dəhliz mühüm enerji, logistika və nəqliyyat dəhlizinə malik olacaq. Bu, bütün Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə iqtisadi faydalar gətirəcək və Azərbaycanın Avropada əhəmiyyətini artıracaq”.

Britaniyalı jurnalist, həmçinin ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesində son vasitəçilik təşəbbüslərinə toxunub:

“Hesab edirəm ki, Avropa İttifaqı və ABŞ Azərbaycan-Ermənistan sülh prosesinin intensivləşməsinə ciddi yanaşır. Onlar çox yaxşı başa düşürlər ki, sülh müqaviləsinin imzalanması həm Azərbaycan, həm də erməni xalqı üçün arzuolunandır, hətta regionda istənilən sülh təşəbbüsləri Qərbin xeyrinə olacaq.

üstəlik, regionda sülh və sabitliyin bərqərar olunması nəticəsində Azərbaycan və Ermənistan özlərini Rusiya təsirindən xilas edəcəklər. Lakin burada bir məqamı da diqqətdən qaçırmaq olmaz. Fransa kimi qərəzli və riyakar üçüncü siyasi qüvvələr sülh danışıqlarından kənarlaşdırılmalıdır”.

Sonda N.Vatson vurğulayıb ki, Britaniya-Azərbaycan əlaqələri Avropa siyasətində müstəsna önəmə malikdir.

“Bildiyimiz kimi, Britaniyanın qlobal neft şirkəti BP Azərbaycanda neft və qaz resurslarının kəşf və istismarında xüsusi imtiyazlara malik olub. Azərbaycanda iqtisadi rifahın təmin edilməsində, iqtisadi müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Böyük Britaniya və Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir.

Böyük Britaniya parlamentində Azərbaycanın regionda geosiyasi və geoiqtisadi qüdrəti barədə kifayət qədər məlumata sahib olanlar var. Müntəzəm olaraq parlamentlərarası səfərlər baş tutur. Britaniya parlamentində Bob Blekmanın rəhbərlik etdiyi Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Britaniyada istər siyasətçilər, istərsə də sadə əhali arasında Azərbaycanın siyasi və iqtisadi qüdrəti, regional əhəmiyyəti barədə təbliğatın aparılması üçün münasib imkanlar var. Çox təəssüf ki, Britaniya ictimaiyyətində Azərbaycan da daxil olmaqla postsovet ölkələri haqqında az məlumatlıdırlar”.

Yunis Abdullayev
Cebhe.info