Əli Babacanın müavini: "Seçkilərdə 10 faiz fərqlə..." - EKSKLÜZİV MÜSAHİBƏ 

Əli Babacanın müavini: "Seçkilərdə 10 faiz fərqlə..." - EKSKLÜZİV MÜSAHİBƏ 

Türkiyədə müxalifətin prezidentliyə namizədinin kim olacağı artıq öz təsdiqini tapmaq üzrədir.

Belə ki, “Millət İttifaqı”nın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürəcəyi gözlənilir. Partiyası tərəfindən açıq dəstək alan CHP liderinin namizədliyi Demokrat Partiyasının sədri Gültəkin Uysal və Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş tərəfindən də dəstəklənib. İYİ Partiya sədri Meral Akşener isə tez-tez “qazana biləcək namizəd” olmadığını deyərək qarşı çıxdığı Kamal Kılıçdaroğlu ilə sürpriz bir görüş keçirib.

Görüşdə tərəflər arasındakı fikir ayrılıqlarının həll olunduğu və Akşenerin Kılıçdaroğlunun namizədliyinə “yaşıl işıq” yandırdığı irəli sürülüb. Həmçinin, iqtidar tərəfindən seçkilərin təxirə salınmayacağı da açıqlanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın 10 mart tarixində seçkilərin 14 mayda keçiriləcəyini rəsmən açıqlayacağı gözlənilir. O, bir daha seçkilərin 14 mayda keçiriləcəyi ilə bağlı mesaj verib. Bütün bunların fonunda “altılı masa”nın mövqeyi də hər kəsə maraqlıdır.

Seçkilərlə bağlı gündəmdəki əsas məsələləri Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında müzakirə etdik. Qonağımız Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın kənd təsərrüfatı, enerji və kommunikasiya üzrə müavini Candan Karlıtekindir.


- Candan bəy, son zamanlar “Millət İttifaqı”nın prezidentliyə namizədinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu olacağı deyilir. Lakin bu barədə müxtəlif fiklirlər də səsləndirilir. “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu olacaq? Əli Babacan və DEVA Partiyası Kılıçdaroğlunun namizədliyinə necə yanaşır?

- Bizim birinci istəyimiz masadakı liderlərdən birinin prezidentliyə namizəd olmasıdır. Yəni altı liderdən birinin müzakirələr nəticəsində namizəd olmasını istəyirik. İnşallah, müzakirələrdə heç bir problem olmaz. Amma hansısa problem olsa da, altı lider bunu həll etmək üçün uyğun qərarı verər. Bizim bütün partiya üzvləri istəklərini sədrimizə deyib və səlahiyyəti ona verib. O da bütün bunların hamısını dəyərləndirib. “Altılı masa” hansı qərarı versə və kimin namizədliyini irəli sürsə, biz də onu dəstəkləyərək 13-cü prezidenti seçdirəcəyik. Bizim mövqeyimiz budur.

- Yəni Kamal Kılıçdaroğlunun namizədliyini istisna etmirsiniz?

- Təbii ki, hazırda Kamal Kılıçdaroğlunun namizədliyi ehtimallar arasındadır. Bizim üçün altı liderdən birinin namizəd olması ən ideal variantdır. Təxminən bir ildən çoxdur birlikdə çalışdığımız üçün altı liderdən hər biri bütün siyasətimizi çox rahatlıqla başa düşür. Dolayısı ilə masadakı bütün liderlər potensial olaraq prezidentliyə namizəddir. Əks təqdirdə, kənardan kiminsə namizədliyi irəli sürülsə, onun bütün bu proseslərə uyğunlaşmağı lazımdır. Çünki Türkiyə kimi böyük bir ölkəni idarə etmək bəsit deyil. Həm Türkiyənin daxili, həm də xarici işləri var. İnşallah, xeyirli bir qərar veriləcək. Biz sistemi müdafiə edirik. Bir tərəfdə bir nəfəri müdafiə edən, digər tərəfdə isə Türkiyənin keçmiş demokratiya prinsiplərinə uyğun bir sistem yanaşması var. Bu sistemin başında doğru bir lider, arxasında isə böyük bir komanda olacaq.

- “Altılı masa”nın bugünkü toplantısında namizədin müəyyən olunacağı və toplantıdan sonra Səadət Partiyasının sədri Təməl Karamollaoğlunun namizədini rəsmən açıqlayacağı ilə bağlı xəbərlər yayılır. Həqiqətən namizədinizi bu gün açıqlayacaqsınız?

- Namizədin bu gün də, başqa hər hansısa bir tarixdə də açıqlanma ehtimalı var. Amma ən uzağı 10 martda açıqlanacağını təxmin edirəm.

- Bir müddət DEVA Partiyasının sədri Əli Babacanın da namizədliyi müzakirə olunmuş, hətta özü də dəfələrlə buna hazır olduğunu açıqlamışdı. Son anda Əli Babacanın namizədliyi yenidən gündəmə gələ bilərmi? O, hələ də namizəd olmaq istəyir?

- Onsuz da biz altı liderdən birinin prezident olmasını istəyirik. üstəlik, onların hamısının da 50% namizəd olma ehtimalı var. Önəmli olan digər 5 liderin partiyasının mövqeyi ilə birlikdə bu qərarı dəstəkləməsidir. Bu, asan bir proses deyil. Çünki Türkiyədə daha əvvəl heç yaşanmamış bir prosesi yaşayırıq. Yəni daha əvvəlki sistemlər fərqli idi, indiki prezident üsul-idarəsi isə tamam fərqlidir. Burada 50+1% lazım olması kimi bir vəziyyət yaranıb.

Nəticədə heç bir partiya təkbaşına 50+1% səsi yığa bilməyəcəyi üçün biz demokratiya tərəfdarları olaraq bir araya gəlmişik. Dolayısı ilə daha öncə heç yaşanmamış bir təcrübədən bəhs edirik. Bu, heç də asan deyil. Çətin dönəm olsa da, “altılı masa” olaraq bunu addım-addım planlamışıq.

İşin təməl əsasları, Konstitusiya ilə bağlı düzəlişlər, necə bir rejim istədiyimiz, bu rejimə keçmək üçün necə bir hüquq islahatları və hökumət proqramı olacağının hamısı müəyyən olunub. Səhiyyədən tutmuş təbii fəlakətlərə qədər hər şeyi əhatə edən bütün hökumət proqramlarını hazırlamışıq. Yəni təməli atdıq, bütün mərtəbələri tikdik və geriyə sadəcə damı tikmək gəlir. O adam da bu masanın prezidentliyə namizədi olacaq. Əli bəyin də şansı ola bilər, yetər ki, digər liderlər də bunu təsdiqləsinlər. ümumiyyətlə, masadan kim seçilir-seçilsin onu dəstəkləyəcəyik. Niyyətimiz budur.

- Kamal Kılıçdaroğlunun namizədliyinə ən çox İYİ Partiya sədri Meral Akşenerin qarşı çıxdığı bəllidir. Hətta onun bu barədə bir çox açıqlamaları var. Son olaraq Akşener ilə Kılıçdaroğlu arasındakı görüşün ardından müxtəlif iddialar səsləndirildi. Bildirildi ki, İYİ Partiya sədri CHP liderindən həm baş nazirlik və əsas vitse-prezident vəzifəsinin, həm də iqtisadiyyat məsələlərinin ona verilməsini istəyib və müsbət cavab alıb. Düzdür, bu iddialar İYİ Partiya tərəfindən təkzib olunsa da, xeyli müzakirə predmetinə çevrildi. İndiyə kimi xüsusilə iqtisadi məsələlərində Əli Babacan faktoruna görə DEVA Partiyasının da önə çıxdığı vurğulanıb. Partiyanızın bu iddialara münasibəti necədir?

- Əslində iki nəfər arasında gedən söhbəti heç kim bilə bilməz. Bununla bağlı bir çox iddialar səsləndirilə bilər. Önəmli olan bu deyil. Onsuz da biz “iqtisadiyyat buna, səhiyyə buna, enerji sektoru da ona verilsin” kimi bir şey demirik. Çünki hökumət proqramını artıq yazmışıq. Prezident kim olur-olsun, hər kəs öz topladığı səsə əsasən bir hökumət formalaşadıracaq. Orada iqtisadiyyatın və ya Təbii Sərvətlər Nazirliyinin hansı partiyada olmasından asılı olmayaraq, onun qarşısında bir proqram olacaq. Biz 2300 maddəlik ortaq siyasət memorandumu mətnində onların hər birinin vəzifəsini yazmışıq. Nazirlər istər DEVA Partiyasından, istər İYİ Partiyadan, istərsə CHP-dən, istərsə də digərlərindən olsun, hamısının qarşısında olacaq proqram bəllidir.

Ən xırda detallarına qədər yazdığımız isə iqtisadiyyatdır. İqtisadiyyatdakı proqramımız da hansı partiya olmasından asılı olmayaraq, icra ediləcək. Ona görə də nazirlərin hansı partiyadan olmasının heç bir əhəmiyyəti yoxdur. Yəni burada hər nazirin özbaşına qərarlar verəcəyindən söhbət getmir. Biz ortaq siyasət memorandumunun mətnində ortaya qoyduğumuz siyasəti birlikdə həyata keçirəcəyik.

- Zaman-zaman Meral Akşenerlə Kamal Kılıçdaroğlu arasında gərginliyin olduğu önə sürülür. üstəlik, İYİ Partiyanın seçkidən öncə və ya sonra ittifaqdan ayrıla biləcəyi də iddia olunur. Deyilənlər nə dərəcədə həqiqətə uyğundur? ümumiyyətlə, “altılı masa”nın dağılma ehtimalı varmı?

- Hazırda “Cümhur İttifaqı”nın qarşısına çıxa biləcək tək koalisiya “Millət İttifaqı”dır. Buna görə də “altılı masa”nın dağılmasından söhbət belə gedə bilməz. Həmçinin, seçkidən sonra da ittifaqın dağılacağı iddiaları həqiqəti əks etdirmir. Çünki biz bunu da nəzərə alaraq, razılaşmaları ona uyğun etmişik. Eyni zamanda, hər şeyi də ideal şəkildə dizayn etmişik. Seçkidən sonra fikir ayrılığının yaranacağı heç bir yer buraxmamışıq. Ona görə də seçkidən əvvəl də, seçkidən sonra da “altılı masa” dağılmayacaq.

Hazırda Türkiyənin qarşısında Şimali Koreyadakı kimi bir rejimin olub-olmaması ilə bağlı iki fərqli yol var. Bu ittifaqdakı altı partiyanın hər biri fərqlidir. Amma bu partiyalar bir-birindən fərqlənməsinə rəğmən, Türkiyədə nəfəs almaqda çətinlik çəkən demokratiyanın yaşaması üçün aralarındakı fərqləri kənara qoyublar. Bu aspektdə ortaq nöqtələrimizi və qarşıdakı 5 ildə edəcəyimiz işləri müəyyən etmişik. Bu səbəbdən də “altılı masa”da dağılma olmaz.

-Prezident Rəcəb Tayyib Ərdoğan bir daha seçkilərin 14 mayda keçiriləcəyi mesajını verdi. DEVA Partiyası olaraq seçkilərin 18 iyunda deyil, 14 mayda keçirilməsi qərarını necə qarşılayırsınız? Müxalifətlə iqtidar arasındakı seçki mübarizəsindəki şansları necə qiymətləndirirsiniz?

- Seçkilərin daha tez keçirilməsini müsbət qarşılayırıq. Çünki bir an əvvəl bu bacarıqsız hökumətdən qurtulmağımız lazımdır. Ona görə də nə qədər tez olsa, o qədər yaxşı olar. “Millət İttifaqı” seçkilərdə mütləq qalib gələcək. Biz daha böyük fərqlə qalib gəlmək istəyirik. Yəni 1 faizlə deyil, ən azı 10 faiz fərqlə qalib gəlməyimiz lazımdır və bunun üçün çalışacağıq.

Elmir Mustafa
Cebhe.info