Ermənilər Bakıya gələcək? - “Azərbaycanın vaxtı azdır, sonra ermənilər üçün gec olacaq” - MÜSAHİBƏ

Ermənilər Bakıya gələcək? - “Azərbaycanın vaxtı azdır, sonra ermənilər üçün gec olacaq” - MÜSAHİBƏ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub.

Millət vəkili Hikmət Babaoğlu Cebhe.info-ya müsahibəsində Qarabağda yaşayan erməni vətəndaşlarla təmasın perspektivləri ilə bağlı yaranmış suallara aydınlıq gətirib:

- Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinin Azərbaycan Prezident Administrasiyasına dəvət edilməsi bu təmasların ən yüksək səviyyədə keçirilməsi deməkdir. Azərbaycan dövlətinin qeyd edilən müzakirələrin məhz Bakıda davam etdirmək təşəbbüsü nə ilə bağlıdır?

- Müharibədən dərhal sonra Azərbaycanın mövqeyi Azərbaycan qanunlarını pozmamış erməni sakinlərə vətəndaşlıq verməkdən ibarətdir. Azərbaycan bunu Ermənistanla danışıqlarda da əvvəldən elan edib. Postmüharibə dövrünün iki il yarımlıq mərhələsində rəsmi Bakı bu mövqeyindən çəkilməyib. Yəni Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin vətəndaşlıq hüquqlarını tanımağa hazırdır. Çox təəssüf ki, ermənilər bu mövzunu spekulyasiya etməyə çalışırlar. Bəzən Nikol Paşinyan Ermənistanın bu məsələ ilə bağlı mümkün addımlar atacağını səsləndirib, bəzən ölkədəki radikal qüvvələrin təsiri, bəzən də xarici təzyiqlər altında bu mövzunu spekulyasiya edib. Azərbaycan bu təmaslarla bağlı bir neçə dəfə qətiyyətli mövqe nümayiş etdirib. Sonuncu dəfə martın 1-də Xocalıda keçirilmiş görüşdən sonra onlar Bakıya dəvət ediliblər.

Daha doğrusu, bu görüşün hansı formatda olması ilə bağlı yayılan məlumatda da çox dəqiq mövqe var. Erməni ictimaiyyətinin nümayəndələrinin dəvət olunması o deməkdir ki, Azərbaycan onlara öz mümkün vətəndaşı gözü ilə baxır. Yəni bu söhbətin məqsədi dövlətin öz vətəndaşlarını qəbul edib, onların problem hesab etdiyi məsələləri Azərbaycan Konstitusiyasına uyğun şəkildə həll etməkdən ibarətdir. Hesab edirəm ki, bu, ən doğru yanaşmadır və Azərbaycan Konstitusiyasına uyğundur. Ermənilərin bundan sonra atacağı addımlar bir çox məsələlərə aydınlıq gətirəcək. Əgər onlar Azərbaycanda yaşamaq istəyirlərsə, Prezident Administrasiyasının çağırışını qəbul etməlidirlər.

Əgər istəmirlərsə, bu, onların öz işləridir. Amma Azərbaycanın bu təklifi həmişə masa üzərində olmaya bilər. Nə qədər gec deyil, erməni sakinlər bununla bağlı dərhal qərar qəbul edib Bakıya, yəni dövlətlərinin paytaxtına gəlməlidirlər. Əgər onların məişət, enerji təhcizatı problemləri varsa, onları həll edilməsi üçün Azərbaycan dövlətinin rəhbərliyinə çatdırmalıdırlar.

- Xocalıda keçirilmiş görüşdən sonra Xankəndi-Turşsu-Xəlfəli yolunda törədilmiş silahlı təxribat demək olar ki, əldə olunmuş razılaşmaları pozdu. Bölgədə yaranmış gərginlik fonunda erməni təmsilçilərin Bakıya gəlməsi nə qədər mümkün görünür?

- Hesab edirəm ki, indiki mərhələdə ermənilər bu addımı atmağa hazır deyillər. Bu, yalnız Qarabağda yaşayan erməni sakinlərin deyil, həm də regiona müdaxilə etmək istəyən ayrı-ayrı güc mərkəzlərinin qərarıdır. Bəzi imperialist mərkəzlər dəqiq bilir ki, Cənubi Qafqazda sülh olsa, onların sülhməramlı qüvvələrinə ehtiyac qalmayacaq. Eyni zamanda, belə bir sülhün mövcudluğu şəraitində Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyası göndərməyə də lüzum olmayacaq. Göründüyü kimi, şimalda və qərbdə olan bu iki mərkəz Qarabağda yaşayan ermənilərin mövqeyinə təsir edir.

Yəni onlar problemin həllindən daha çox imperialist iddalarla çıxış edirlər. Ona görə də bu mərhələdə ermənilər bütün məsuliyyəti öz üzərinə götürərək zəruri addım atmağı bacarmalıdır. Çünki nəticə etibarı ilə imperialistlərin Azərbaycana qarşı oyunu baş tutmayacaq. Bu da ermənilərin Qarabağda yaşamaq imkanının itirilməsinə səbəb ola bilər. Azərbaycanın vaxtı azdır və qarşıdakı müddətdə bütün ərazilər üzərində öz suveren hüquqlarını bərqərar edəcək. O zaman ermənilər üçün bu təklifi qəbul etmək gec ola bilər.

- Erməni nümayəndələrin dəvət edilməsi bu təmasın artıq Xocalı görüşündən fərqli olaraq vasitəçisiz keçirilməsi deməkdir. Regionda marağı olan qüvvələr bunun baş tutmasını istəmir...

- Əlbəttə. Nə Rusiya, nə də Qərb bunda maraqlıdır.

-Ermənistan mətbuatının yazdığına görə, Baş nazir Paşinyan qondarma rejimin rəhbəri Araik Arutyunyanla görüşündə ona deyib ki, Qarabağda yaşayan ermənilər azərbaycanlılarla dil tapmalı, yaşamalıdır. Çünki başqa alternativ yoxdur, ya da bunun alternativi 120 min erməninin məhvinə səbəb olacaq müharibə şəklində mövcuddur. Hər halda məlumatda belə deyilir. Yəni ermənilərin real vəziyyəti dərk etməsi Bakıda təmasların aparılmasına maraq oyada bilərmi?

- Nikol Paşinyan zaman-zaman bunabənzər çağırışlar etsə də, sonradan mövqeyini dəyişib. Bu, Paşinyanın özünəməxsus diplomatiyasıdır. Amma bütün hallarda belə mesajların verilməsi və Qarabağda keçirilən toplantıda oxşar fikirlərin səslənməsi göstərir ki, ermənilər başqa yolun qalmadığını dərk edirlər. Sadəcə olaraq, onlar özlərində cəsarət tapıb fürsəti qiymətləndirməli və xarici təsirlərdən qurtulmalıdır. Azərbaycanda yaşayan ermənilər arasında da bu fürsəti dəyərləndirmək istəyənlər var. Azərbaycanın çağırışının ünvanı da elə onlardır. Özünüzdə cəsarət tapın, gəlib dövlətinizin nümayəndələri ilə görüşün ki, problemləriniz həll olunsun.

Müşfiq Abdulla
Cebhe.info