"Ermənistan sənədi imzalamaqla Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb" - MÜSAHİBƏ

"Ermənistan sənədi imzalamaqla Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb" - MÜSAHİBƏ

Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə keçirilmiş görüşündə ərazi bütövlüyü ilə bağlı əldə olunan razılaşma sülh danışıqlarında maneəyə çevrilmiş bəzi məqamların aradan qalxmasına səbəb olub.

Bu isə öz növbəsində iyunun 1-də Kişinyovda, iyul ayında Brüsseldə və oktyabr ayında Qranadada keçirilməsi nəzərdə tutulan görüşlərinin reallaşmasına təkan verir. Amma Brüssel razılaşması ümumilikdə, müsbət addım kimi qiymətləndirilsə də bu məsələdə aydınlıq gətirilməli olan deallar çoxdur.

Bununla bağlı Cebhe.info-nun suallarını politoloq Yeganə Hacıyeva cavablandırıb:

-Brüsseldə görüşündə Azərbaycan Ermənistanın ərazisinin 29 800 kvadrat kilometr, Ermənistan isə Azərbaycanın 86 600 kvadrat kilometr əraziyə malik olduğunu qarşılıqlı şəkildə tanıyıb. Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyan hər iki ölkənin ərazisinin toxunulmazlığına birmənalı şəkildə sadiq olduqlarını təsdiq ediblər. Azərbaycanın işğaldan əvvəlki dövrə aid sahəsinin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi kimi başa düşülə bilərmi?

- İki dövlətin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması Ermənistan tərəfindən bir neçə dəfə səsləndirilib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıdığını bildirib. 44 günlük Vətən müharibəsindən sonrakı mərhələlərdə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam miqyasda tanıdığını bəyan edib. Paralel olaraq, ötən ilin oktyabr ayında Praqa görüşü zamanı Ermənistan və Azərbaycan sənəd üzərində bir-birilərinin ərazi bütövlüyünü tanıyıb. Bundan sonra da Nikol Paşinyan bir neçə dəfə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib.

Amma Azərbaycan üçün vacib olan bir məqam var. Bu da ondan ibarətdir ki, rəsmi Bakı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna dair sənədin Ermənistan tərəfindən imzalanmasını istəyir. Bu, Azərbaycan üçün prinsipial məsələdir. Belə bir sənədin qəbulu sonrakı mərhələlərdə Ermənistanın spekulyasiyasının qarşısını ala bilər. Ermənistanın da hazıırkı mərhələdə spekulyasiyaya əsas verməyəcək bu sənədi imzalaması orada Qarabağ ifadəsi yazılmasa belə, növbəti mərhələdə Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıması Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi deməkdir. Yəni Ermənistan beynəlxalq hüquq çərçivəsində Qarabağ üzərində Azərbaycanın suverenliyini etiraf etməsi anlamına gəlir.

Ermənistan Qarabağda ermənilərin yaşadıqları bölgələrin Azərbaycanın inzibati-ərazi quruluşuna daxil olmasını dair sənədi artıq imzalayıb. Bu, Brüssel formatı çərçivəsində Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına dair ilk sənəd deyil. Çünki Praqa Bəyannaməsində hər iki ölkənin ərazi bütövlüyü qarşılıqlı şəkildə imzalanıb. Brüssel razılaşmasında isə hər iki ölkənin sahəsi göstərilib ki, Qarabağ da Azərbaycanın 86,6 min kv.km ərazisinə daxildir.

- Paşinyan hökuməti danışıqlarda Ermənistan ərazisinin 29,8 min kv.km olmasında və bu göstəricinin Azərbaycan tərəfindən tanınmasında israr edirdi. Əslində, sovet dövrünə aid atlaslarda Ermənistanın ərazisi Azərbaycandan qoparılmış torpaqlar hesabına 29,753 kv.km. göstərilir. Yəni İrəvan rəqəmləri şişirdir və yuvarlaqlaşdır. ümumi nəticə isə bundan ibarətdir ki, konsensus yolu ilə Ermənistan məqsədinə çatsa da, Azərbaycanın işğaldan əvvəlki dövrə aid ərazi sahəsini tanıdı. Bu halda sərhədlərin haradan keçəcəyi məsələsi gündəmə gəlir. Ermənistan ərazilərin müəyyənləşməsi üçün sərhədlərin delimitasiyasından yayınacaq, yoxsa bu proses icra olunacaq?

- Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi başlayıb, hazırda bir neçə hissəsində davam edir. Gorus-Laçın-Xankəndi yolunun Azərbaycan ərazisinə keçən hissəsi, Qubadlı rayonunun Eyvazlı kəndi və bir neçə epizod üzrə bu bölgədə delimitasiya işləri aparılır. ümumilikdə isə iki ölkə arasında delimitasiya və demarkasiya prosesi aparılmır.

- Azərbaycanın və Ermənistanın sahəsinə dair razılaşma əldə olunan zaman hansı dövrün xəritələrinin əsas götürülməsi sualı yaranır. ümumiyyətlə, bu xəritələr Azərbaycanın maraqlarına cavab verirmi?

- Ermənistanın irəli sürdüyü xəritələr iki istiqamət üzrə bizi qane etmir. Birincisi, bu xəritələr SSRİ silahlı qüvvələrinin Baş qərargahı tərəfindən texniki məqsədlərlə tərtib olunub. İkincisi, 1991-ci il Alma-Atı Bəyannaməsi ərəfəsində hazırlanıb. Ermənistan xəritələr üzərindən spekulyasiyalara yol verir. Ermənistan bir tərəfdən guya delimitasiya və demarkasiya prosesinin 1975-ci ilin xəritəsi əsasında aparılmasını təklif edir, digər tərəfdən paralel olaraq 1991-ci ilin xəritəsini təqdim edir. Hesab edirəm ki, hazırda danışıqlar üçün ən optimal variant 1991-ci ilin xəritəsidir.

- Ermənistanın 29 800 kvadrat kilometr əraziyə malik olması barədə razılaşma Azərbaycanın işğal atındakı 8 kəndini qaytaracaq, yoxsa həmin torpaqları da bu əraziyə aid edir?

- Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vacib məqam Qazax rayonunun yeddi kəndinin və Sədərək rayonunun Kərki kəndinin hələ də işğal altında qalmasıdır. Bu kəndlərin işğalda saxlanılması Azərbaycanın ərazi bütövlüyünü pozur. Ermənistan bu ərazilərə iddia edir. Bu gün sərhədlərin hansı xəritələr əsasında dəqiqləşməli olduğu sualının cavabı yoxdur. Çünki hər bir tərəfin özünün təqdim etdiyi xəritə var. Məncə, əsas qəbul edilməli olan variant Azərbaycanın və Ermənistanın BMT-nin üzvü olduğu dövrə aid, yəni 1991-ci ilin xəritəsidir. Həm Qazaxın, həm də Sədərək rayonunun işğal altındakı əraziləri 1991-ci ilin xəritələrdə Azərbaycan ərazisi kimi göstərilib. Həmin 8 kənd müzakirə mövzusu deyil. Bu, Ermənistanın qeyd-şərtsiz Azərbaycana qaytarmalı olduğu ərazilərdir.

- Sizcə, Ermənistan Azərbaycana ərazi iddiasından imtina edərək bu razılaşmaya sona qədər əməl edəcək, yoxsa yenə də sərhəddə hər hansı təxribat törətməklə öhdəliyi poza bilər?

- Ermənistan danışıqları və razılaşmaları həmişə poza bilər. Çünki Ermənistan arxasında güc hiss etdiyi halda belə addımlar atır. Ona görə də bu təxribatların qarşısını almaq üçün delimitasiya və demarkasiya işləri aparılmalıdır. Bundan sonrakı mərhələdə Azərbaycanın suveren ərazilərində milli təhlükəsizliyimizin təminatı üçün vacib olan addımlar atılmalıdır. Azərbaycan bunu edir. Hazırda Azərbaycan əsgərinə atəş açılan əraziləri Ermənistan özünə aid hesab edir. Ona görə də həmin yerlər şərti sərhəddir. Delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra isə şərti sərhəd söhbəti olmayacaq. Bu zaman konkret olaraq sərhədlər görünəcək və təcavüzkar da görünməyəcək. Ancaq hərbi təxribatlar həmişə davam edəcək.

Müşfiq Abdulla
Cebhe.info