“İqtisadi vəziyyət pisləşsə, seçkilərdə hökumətin əli zəifləyər” - Türkiyəli politoloqla “SİYASİ GÜNDƏM” 

“İqtisadi vəziyyət pisləşsə, seçkilərdə hökumətin əli zəifləyər” - Türkiyəli politoloqla “SİYASİ GÜNDƏM” 

Türkiyənin siyasi gündəmi olduqca hərəkətlidir.

Gələn il həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Görünür, koalisiyaların vədləri və ölkənin iqtisadi vəziyyəti seçkilərə təsirsiz ötüşməyəcək. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın Qara dənizdə 58 milyard kubmetr həcmində yeni qaz yatağı kəşf edildiyini açıqlaması da gündəmin əsas mövzuları sırasındadır. Bununla yanaşı, Türkiyə siyasi cameəsində Xalqların Demokratik Partiyasının (HDP) qapadılması məsələsi də müzakirə predmetidir.

Bütün bunları və digər məsələləri Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı olan dosent, politoloq Əli Fuad Gökçe ilə müzakirə etdik.

- Əli bəy, Türkiyənin siyasi gündəmində son vəziyyət necədir?

- Türkiyənin siyasi gündəmini daxili və xarici siyasət olaraq ayırmaq lazımdır. Türkiyə son zamanlar xarici siyasətdə olduqca hərəkətli günlər yaşayır. Həm ölkənin şimalında PKK/YPG ilə terrorçuları, həm də onları dəstəkləyən ölkələrlə mübarizə aparırıq. Şərqi Aralıq dənizində isə Yunanıstanla məlum problemlər var. Cənubi Kiprin ABŞ tərəfindən dəstəklənməsi və onlara qarşı silah embarqosunun ləğv edilməsi ölkəmizin xarici siyasət gündəmində yer alır. Eyni zamanda, Yunanıstanın Egey adalarını silahlandırması, dəniz sərhədlərini genişləndirməyə cəhd etməsi Atina ilə Ankara arasıdakı siyasi gündəmi formalaşdırır. Burada Türkiyənin qarşısında olan sadəcə Yunanıstan deyil, Suriyada olduğu kimi ABŞ da var. Yunanıstan hərbsizləşdirilən adaları silahlandırır, həm də quru sərhədlərini 12 milə çıxarmağa çalışır. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu qida və enerji böhranı da xarici siyasətin əsas gündəm mövzularındandır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində hazırda “taxıl dəhlizi”ndən istifdaə olunur. Bununla da, Ukrayna və Rusiya taxılı ehtiyacı olan ölkələr çatdırılır. Bu da Türkiyənin xarici siyasətində olduqca önəmli yer tutur.

Bununla yanaşı, dost və qardaş ölkə Azərbaycanın Ermənistanla olan problemi var. Təbii ki, Türkiyə burada tamamilə qardaş ölkənin yanında yer alır. Bu da Ankaranın xarici siyasət gündəmindədir. Həmçinin, Türkiyənin Ermənistan və İranla yaşadığı problemlər də var. Son olaraq, Parisdə yaşanan etiraz aksiyaları da gündəmimizdədir. Çünki PKK Parisdəki iqrçi hücumu Türkiyənin üzərinə yıxmağa çalışır. Bununla bağlı Fransa hökumətinin Türkiyəyə qarşı mövqeyi də bəllidir.

- Bəs daxili siyasət?

- Daxili siyasətdə isə yaxınlaşan seçkilər var. Gələn il həm prezident, həm də parlament seçkiləri keçiriləcək. Dolayısı ilə bütün siyasi partiyalar böyük bir mübarizə içərisindədirlər. Burada “Cümhur İttifaqı” və “Millət İttifaqı” adlı iki əsas koalisiya var. Lakin “altılı masa”nın içərisində ideologiya və siyasi düşüncə baxımından bir-birindən fərqli qruplaşmalar var. Amma “Cümhur İttifaqı”nda ideologiya və siyasi baxımdan birlik olduğunu görürük. Yəni bu iki ittifaq arasında gedən mübarizə var. Hazırda Türkiyədə ciddi bir inflyasiya da yaşanır. Hökumət iqtisadi böhranı idarə etməyə çalışır. Təbii ki, bunun seçkiyə də təsirləri olacaq. Amma onu da demək lazımdır ki, iqtidar da inflyasiyanın azaldılması və xalqın rifah səviyyəsinin qaldırılması üçün böyük səy göstərir.

- Seçkilərlə bağlı nə düşünürsünüz? Hazırda hansı ittifaqın şansları daha yüksəkdir?

- Hazırda şansların bərabər olduğu görünür. Amma ölkənin iqtisadi vəziyyəti düzələcəyi təqdirdə “Cümhur İttifaqı”nın seçkilərdə qalib gələcəyini söyləmək olar. Çünki iqtisadiyyat və təhlükəsizlik çox mühüm gündəmdir. Bu gün Türkiyənin təhlükəsizliyi də təhdid altındadır. İqtisadiyyat və təhlükəsizlik bugünkü iqtidarın davam edib-etməyəcəyi mövzusunda həlledici olacaq. Hazırda təhlükəsizliklə bağlı təhdid olmasına baxmayaraq, o cəhətdən bir problem yoxdur. Əgər iqtisadi vəziyyət də düzəlsə, mövcud hökumətin qazanmaması üçün heç bir səbəb olmayacaq. Ancaq iqtisadi vəziyyət pisləşsə və təhülkəsizliklə bağlı başqa təhdidlər ortaya çıxsa, seçkilərdə hökumətin əli zəifləyər.

- Uzun zamandır Xalqların Demokratik Partiyasının (HDP) qapadılması gündəmdədir. Bəs HDP-nin bağlanacağı təqdirdə, hansısa problemlər meydana gələ bilər?

- HDP-nin qapadılması qısa vaxt ərazində etiraz aksiyalarına səbəb ola bilər. Ancaq bunun uzun müddət davam edəcəyi və təhlükəsizliklə bağlı problem yaranacağını düşünmürəm. Daha əvvəl də bir çox siyasi partiya bağlanıb. Hətta HDP ilə əlaqəsi olan siyasi partiyaların da bağlanması buna nümunə ola bilər. Yəni hansısa bir radikal təhdid meydana gəlməyib. Cəza almayan HDP-lilər siyasi həyatlarına normal bir şəkildə davam edə bilərlər. HDP-nin bağlanmasının isə PKK-nın fəaliyyətlərinə təsir göstərəcəyini düşünmürəm. Yəni HDP-nin bağlanmasının həm PKK-nın bitməsi, həm də güclənməsi baxımından hansısa təsiri olmaz.

- Son günlərdə bağlancağı təqdirdə HDP-nin deputatlarının Demokratiya və Sıçrayış Partiyası (DEVA) ilə seçkilərə qatılacağı iddia olunur. Belə bir ehtimal varmı?

- Bu gün PKK ilə birbaşa təmasda olan bir siyasi partiyadan bəhs edirik. Hansı ki, PKK Türkiyəyə zülm etmiş, mülki və hərbi vətəndaşlarımızı şəhid etmiş terrorçu bir qruplaşmadır. HDP-nin isə PKK ilə bağlantısı olduğunu hamı bilir. Ona görə də bu partiyanın bağlanma ehtimalı yüksəkdir. Əgər HDP bağlansa, Demokratik Bölgələr Partiyası adlı yan partiyalarından fəaliyyətlərini davam etdirərlər. Cəza və siyasi qadağa almayan HDP-li millət vəkilləri yollarına oradan davam edə bilərlər. Amma onların DEVA Partiyasına qoşulacaqlarını zənn etmirəm. Çünki DEVA Partiyası ilə HDP-nin siyasi düşüncəsi olduqca fərqlidir. HDP-li millət vəkillərinin DEVA Partiyasına qatılması ikincinin seçicilərini uzaqlaşdırar. Amma onların çox böyük bir seçici kütləsi də yoxdur. HDP-nin isə olduqca böyük səs faizi var. Yəni HDP-li deputatların onlara qatılması parlament seçkilərində DEVA Partiyasına sərf edər.

- Sizcə, Türkiyədəki iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atılmalıdır?

- İlk olaraq, inflyasiyanın qarşısı mütləq alınmalıdır. Yəni qiymətlərin artmaması üçün tədbirlər görmək lazımdır. Bu gün minimum əmək haqqını və maaşları artırmaq olar. Amma bunun ardından mağazalarda qiymətlər yüksəlsə, bu artımların heç bir faydası olmaz. Ona görə də xalqın rifah səviyyəsini yüksəltmək və bunu qorumaq lazımdır. Bunun üçün isə qiymətlərin endirilməsi və ya sabit saxlanılması mütləqdir. Ancaq Türkiyədə elə bir vəziyyət yaranıb ki, hər şeyin qiyməti artıb. Halbuki, enerji, təbii qaz və valyuta qiymətlərində ciddi bir artım yoxdur. Düşünürəm ki, bütün bunlar sabit qalarkən, qiymətlərin artması manipulyasiyadan başqa bir şey deyil. Bunun qarşısı alınmalıdır. Dollar keçən il də 18 lirə idi, indi də 18 lirədir. Amma qiymətlər eyni qalmayıb. Hətta qiymətlər 100-200% artıb. Dövlət bunun qarşısını almalıdır. Xalqın rifah səviyyəsinin yaxşılaşdırılması və bunun davamlı olması üçün qiymətləri sabit saxlmaq zəruridir. Dövlət bütün qurumlar və şirkətlərdə yoxlamalar həyata keçirməlidir.

- Prezident Rəcəb Tayyib Ərdoğan Qara dənizdə 58 milyard kubmetr həcmində yeni qaz yatağı kəşf edildiyini açıqlayıb. Son zamanlar Türkiyədə yeni neft və qaz yataqları aşkar olunur. ümumiyyətlə, Türkiyədə kəşf edilən qaz yataqları ölkənin enerji ehtiyaclarını qarşılaya bilərmi?

- Hazırdakı kəşf edilən yataqlar Türkiyənin təbii qaz ehtiyatlarını qarşılaya bilməz. Sadəcə müəyyən bir miqdarını qarşılaya bilər. Türkiyənin ehtiyacı bu gün həm petrol, həm də təbii qaz cəhətdən olduqca çoxdur. Bunun birdən-birə hamısının kəşf edilən yataqlarla qarşılanması düşünülə bilməz. Amma bunlar bizi ümidləndirir. Deməli, Türkiyədə də təbii qaz və petrol yataqları var. Bunların çıxarılması üçün səy göstərmək lazımdır. Türkiyənin şimalında olan Rusiyada təbii qaz və petrol var, cənubdakı Suriyada, şərqindəki İranda, Azərbaycanda və hətta Ermənistanın bir qismində də yataqlar var. Yəni Türkiyənin bütün ətrafındakı ölkələrdə təbii qaz və neft olmasına rəğmən Türkiyədə niyə yoxdur? Təbii ki, bu, ciddi bir sualdır. Dolayısı ilə bunların çıxarılması çox önəmlidir. Bu çalışmalar davam etdikcə və yeni yataqlar kəşf olunduqca, Türkiyənin ehtiyaclarını tamamilə qarşılması yönündə böyük bir irəliləyiş olacaq. Hazırda kəşf edilənlər önəmli qatqıdır, ancaq bütün ölkənin ehtiyacını qarşılamağa yetməz. Hər halda, bu səylər gələcək illər üçün ümid işığıdır.

- Bəs yeni yataqlar kəşf edilməyə davam etdikcə, Türkiyə kənardan təbii qaz almağı dayandıra bilər? Bu, Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?

- Türkiyənin təbii qazının artması Rusiya, Azərbaycan və ya İranla olan münasibətlərinə mənfi təsir göstərməz. Çünki bu gün təbii qaza, neftə ehtiyacı olan Avropa və dünya ölkələri var. Türkiyə isə bu ehtiyacı qarşılayacaq o regionda yerləşir. Vladimir Putinin də dediyi kimi, Türkiyə enerji mərkəzi olacaq. Dolayısı ilə təbii qazın qiymətini müəyyən edəcək və onu başqa ölkələrə nəql edəcək mərkəz olacaq. Yəni Türkiyənin özünün təbii qaz və petrol ehtiyaclarını qarşılasa belə, Rusiyanın, Azərbaycanın və İranın təbii qaz və petrolunu Avropaya çatdıra bilər. Bu ölkələrin də Türkiyəyə ehtiyacı olacaq. üstəlik bu, Türkiyənin Rusiya ilə münasibətlərini də pozmaz. Çünki dünya ölkələrinin təbii qaza ehtiyacı var. Türkiyə də onu alaraq, digər ölkələrə göndərəcək.

Elmir Mustafa
Cebhe.info