İYİ Partiyanın deputatı: “Kılıçdaroğlu və Akşener ilk səfəri Azərbaycana edəcək” - EKSKLÜZİV MÜSAHİBƏ

İYİ Partiyanın deputatı: “Kılıçdaroğlu və Akşener ilk səfəri Azərbaycana edəcək” - EKSKLÜZİV MÜSAHİBƏ

Türkiyənin siyasi caməesində yaşanan son proseslər diqqət mərkəzindədir.

3 martda İYİ Partiya sədri Meral Akşenerin sərt çıxışla “altılı masa”dan ayrılması şok effekti yaratmışdı. Lakin İYİ Partiya 72 saat sonra masaya geri döndü. Gözlənildiyi kimi, “Millət İttifaqı” Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürdü. Amma iqtidara gələcəkləri təqdirdə Meral Akşenerin təklifi ilə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da vitse-prezident olacağı açıqlandı. Bu isə Akşenerin həmləsinin nəticəsi olaraq qiymətləndirildi.

ümumiyyətlə, “altılı masa”da nələr baş verdi? “Millət İttifaqı” seçkilərə necə hazırlaşır?

Bu və digər aktual məsələləri Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı olan İYİ Partiyadan olan millət vəkili Hayrettin Nuhoğlu ilə müzakirə etdik.

- Hayrettin bəy, İYİ Partiya sürpriz bir şəkildə “altılı masa”dan ayrıldı, amma 72 saat sonra qayıtdı. Bunun ardınca isə “Millət İttifaqı”nın iqtidara gələcəyi təqdirdə Mansur Yavaş və Əkrəm İmamoğlunun vitse-prezident olacağı açıqlandı. Bu isə Meral Akşenerin siyasi həmləsi kimi qiymətləndirilir. Həmin 72 saatda nə baş verdi?

- O 72 saat ərzində müxtəlif yerlərdə çox sayda görüşlər keçirildi. İYİ Partiyanın “altılı masa”ya dönməsindən bir gün əvvəl Meral Akşener “Mən qürur məsələsi etmərəm. Əgər “altılı masa”dan müsbət təkliflər gəlsə, qayıdaram”,- dedi. Ardından bazar ertəsi günü masaya geri qayıtdı və hər kəsin bildiyi nəticə ortaya çıxdı.

- Yəni Mansur Yavaş və Əkrəm İmamoğlu vitse-prezident vəzifəsinə namizəd göstərilməsə, Meral Akşener masaya dönməyəcəkdi?

- Əlbəttə ki, seçkini qazanmaqla bağlı bəzi narahatlıqlar vardı. Türkiyədə Mansur Yavaş və Əkrəm İmamoğlunun prezidentliyə namizəd kimi adları səsləndirilir və həmin andan etibarən onların qazanmaq şansı çox yüksək qiymətləndirilirdi. Bu cəhətdən, onların vitse-prezident olacağının açıqlanması seçkini qazanmaq üçün bizə çox böyük üstünlük gətirəcək.

- Bəs Mansur Yavaş və Əkrəm İmamoğlunun vitse-prezident olmasının önündə hüquqi bir əngəl var? Çünki bu məsələ çox müzakirə olunur...

- Onsuz da Mansur Yavaş və Əkrəm İmamoğlu seçkilərdən dərhal sonra vitse-prezident olmayacaqlar. Onlar sadəcə Prezidentin uyğun görəcəyi bir zamanda vəzifəyə təyinat alacaqlar. Yəni hansısa bir yanlışlıq olmaması üçün bu addım atılıb. Əgər hüquqi problemlər varsa, onlar həll olunacaq. Amma hazırda bu yöndə hansısa bir əngəlin olduğunu demək mümkün deyil.

- ümumiyyətlə, nə üçün “altılı masa”nın yayılan açıqlamasında Yavaş və İmamoğlunun Prezidentin uyğun görəcəyi bir vaxtda vitse-prezident kimi vəzifələrinə başlayacağı yazılıb? Yəni bunun hüquqi olaraq hazırlanması üçün zamana ehtiyac var?

- Zaman lazım olduğu qədər, eyni zamanda şərtlər də uyğun olmalıdır. Ona görə də bu, mətndə 12-ci maddə olaraq yer aldı.

- “Altılı masa”nın son toplantısında liderlər arasında gərginlik yaşandığına dair də iddialar səsləndirildi. Bu iddialar haqqında nə deyə bilərsiniz? Deyilənlər nə dərəcədə doğrudur?

- Müzakirə prosesində mütləq hansısa mübahisələr ola bilər. Bəlkə həmin toplantıda da belə hal baş verib. Amma önəmli olan bu müzakirə prosesinin sonunda konsensus əldə olunmasıdır. Belə olan halda müzakirələr müsbət formada bitər. Əks halda yenidən zaman qazanılar, o müddət ərzində də qarşılıqlı şəkildə ortaq məxrəcə gəlinər. Konsensus əldə etdikdən sonra müzakirələr yenidən başlayar və müsbət formada nəticələnər. Burada da eyni proseslər baş verdi. Müzakirə prosesində belə mübahisələrin olması normaldır. Mediada bəhs olunduğu kimi, böyük bir gərginlikdən söhbət belə gedə bilməz.

- Meral Akşenerin son açıqlaması Məmləkət Partiyasının sədri Mühərrəm İncənin də ittifaqa qatıla biləcəyi ehtimallarının yaranmasına səbəb oldu. Mühərrəm İncənin ittifaqa qatılması və ya Kamal Kılıçdaroğlunu dəstəkləməsi istiqamətində hansısa görüşmələr olacaqmı?

- Mən İYİ Partiyanın İstanbuldan olan deputatıyam. İYİ Partiyanın qərargahında və İdarə Heyətində bir vəzifəm yoxdur. Ona görə də oradakı görüşlərin hansı istiqamətdə getdiyini yaxından bilmirəm. Bu səbəbdən də həmin məsələ ilə bağlı müsbət və ya mənfi bir cavab verməyim mümkün deyil.

- Parlament üsul-idarəsinə keçilənə qədər İYİ Partiya sədri Meral Akşener hansı vəzifədə olacaq? Onun vitse-prezident olacağı açıqlanıb, amma digər liderlərin də həmin vəzifədə olması birmənalı qarşılanmır. Yəni Akşenerlə reytinqi aşağı olan partiya liderləri eyni səlahiyyətə sahib olacaqlar?

- Bu məsələni müzakirə edənlər belə danışılanları bilmirlər. Yəni məsələni bilmədən müzakirə aparırlar. Məncə, bu müzakirələrin yeri nə televiziya proqramları, nə də millət vəkillərinin olduğu yerlərdir. Çünki “altılı masa”nın altı partiya sədri aralarında bunu danışıblarsa, onun necə olacağını seçkilərdən sonra görəcəyik.

Əlbəttə, ki, siyasi partiyaların gücü baxımından səlahiyyətləndirilməsi gözlənilə bilər. Amma nə danışıldığını bilmədiyimiz üçün vitse-prezident vəzifəsinin reytinqlərə və ya millət vəkili sayına əsasən formalaşacağını demək doğru deyil. Düşünürəm ki, liderlər bu məsələni öz aralarında danışıblar və ya danışacaqlar. Bu məsələnin millət vəkilləri tərəfindən müzakirə olunması doğru deyil və biz bu məsələyə qarışmayacağıq.

- Son günlər Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyası (HDP) arasında bir yaxınlaşma oldu. Xüsusilə ekspertlər tərəfindən seçkidə qələbə qazanmaq üçün HDP-nin də dəstəyini almağın vacibliyi vurğulanır. İYİ Partiyanın HDP ilə bağlı mövqeyində hər hansısa bir dəyişiklik ola bilərmi?

- Meral Akşener CHP ilə HDP arasındakı görüşmələrə qarşı olmadığımızı və ona qarışa bilməyəcəyimizi vurğulayıb. O, “Sadəcə hökumətdə nazirliklərlə bağlı alış-veriş məsələsi bizim iradəmizdən kənarda olar və buna qarşıyıq”,- deyib.

Yəni İYİ Partiya HDP-nin hökumətdə yer almasına qarşıdır. Yoxsa, Kamal bəyin kiminlə görüşməsinə qarışa bilmərik. Digər tərəfdən, onu da söyləmək lazımdır ki, heç bir siyasi partiyanın seçiciləri istiqamətləndiriləcək insanlar deyil. Onlar öz hürr iradələri ilə səs verəcəklər. Bu, HDP üçün də keçərlidir.

HDP-nin həbsxanadakı sabiq həmsədri Səlahəddin Dəmirtaşın “Mən bunu dəstəkləyirəm, siz də onu dəstəkləyin” deməklə hər kəsi yönləndirə biləcəyini düşünmək doğru deyil. Türkiyədə heç bir siyasi partiyanın seçicisi tək bir əmrlə və ya təlimatla səs verəcək vəziyyətdə deyil.

- “Millət İttifaqı” iqtidara gələcəyi təqdirdə Kamal Kılıçdaroğlu və Meral Akşenerin ilk rəsmi səfəri hansı ölkəyə olacaq?

- Türkiyənin xarici siyasətində bir ənənə var. Düzdür, bu istiqamətdə seçkidən sonra hansı addım atılacağı ilə bağlı hələlik bir qərar verilməyib. Amma Türkiyənin xarici siyasətindəki ənənəyə görə, Kamal Kılıçdaroğlu və Meral Akşenerin ilk ziyarət qardaş ölkə Azərbaycana olmalıdır. Bu, dəyişməz bir ənənədir və belə davam edir. İkinci olaraq isə qardaş ölkə Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ziyarət olunur. Mən eyni ənənənin davam edəcəyi qənaətindəyəm. Bunu konkret bir məlumat olaraq demirəm, amma bu günə qədər olan ənənəyə əsasən bunu ifadə edirəm.

Elmir Mustafa
Cebhe.info