“Milli Dövlətçilik Şurası Güney Azərbaycanın əsas və aparıcı təşkilatı olacaq” - Baş redaktor

“Milli Dövlətçilik Şurası Güney Azərbaycanın əsas və aparıcı təşkilatı olacaq” - Baş redaktor

Mayın 7-də Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (MDŞ) təsis toplantısı keçirilib.

ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi toplantıda xarici ölkələrdə yaşayan güneyli soydaşlarımızdan, siyasi fəallardan ibarət 15 nəfərlik Mərkəzi Şura formalaşdırılıb. Mərkəzi Şuranın 15-dən artıq üzvü isə Güney Azərbaycanda fəaliyyət göstərən siyasi və milli fəallardan ibarət olacaq.

Onlar Güney Azərbaycan Milli Dövlətçilik Şurasının iç qolu olaraq qurumun fəaliyyətini koordinasiya edəcəklər.

Məlumata görə, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq.

Qeyd edək ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası 1 illik müzakirədən sonra 8 maddəlik fəaliyyət prinsipləri üzrə razılığa gəlib. Milli Dövlətçilik Şurasının (MDŞ) yaradılması Güney Azərbaycanın qurtuluş hərəkatında yeni mərhələnin başlanğıcı ola bilər.

MDŞ-dən gözləntilər nədən ibarətdir?

Bu və digər suallar ətrafında Azərbaycanın bütövlüyü uğrunda hərəkatın ideoloqlarından biri, “Cümhuriyət” qəzetinin Baş redaktoru, Cebhe.info saytının direktoru, siyasi şərhçi Rəfail Becanov Gunaz.TV-yə müsahibə verib.

Cebhe.info müsahibəni təqdim edir:

- Milli Dövlətçilik Şurasının (MDŞ) yaradılması İran rejiminə qarşı başlayan etirazlar fonunda zamanında verilmiş qərardır. Hesab edirəm ki, bu qurum başlayan etirazların əsas dayaq nöqtələrindən və bu etirazların geniş xalq hərəkatına çevrilməsində əsas ağırlıq mərkəzlərindən biri olacaq.

Şurada təmsil olunan şəxslərin əslən güneydən olması da mənim fikrimcə, düzgün addımdır. Qurumun fəaliyyəti, strateji nəticələrə ulaşması və taktiki addımları üçün Güneylə birbaşa əlaqəli şəxslərin olması əsas şərtlərdəndir.

Hərəkata kənardan, yəni Güneylə birbaşa əlaqəli olmadan ideoloji istiqamət, informasiya dəstəyi vermək olar, amma daxildən birbaşa informasiya almadan, hərəkətlənmənin səbəb və təsir dairəsi ilə bağlı əsaslı məlumat olmadan düzgün istiqamətlər verilməyə bilər.

Ona görə hansı addımların atılmasının dəqiq və nəticəyə əsaslanan formada proqnozlaşdırılması üçün əslən güneydən olan və ora ilə birbaşa əlaqəsi olan şəxslərin, fəalların bu qurumda təmsil olunması prosesi daha da irəli aparacaq. Bununla da çevik və planlı istiqamətlənməyə müsbət təsir edəcək.

Düşünürəm ki, bu qurumun yaranması Güneydə milli hərəkatın daha da ayaqlanmasına müsbət təsir edəcək, fərdi etirazların kütləvi mübarizəyə çevrilməsində önəmli rol oynayacaq. Güneydə milli hərəkatın əsas və aparıcı bir təşkilatı olacaq. Ona görə də Milli Dövlətçilik Şurasına, onun yaranmasına və fəaliyyətinə istər Azərbaycanın quzeyində, istərsə güneyində xüsusi diqqət var.

“İranda artıq mollalar küçədə sərbəst gəzə bilmirlər”

- MDŞ Milli Hərəaktın güclənməsində hansı rolu oynaya bilər?

- İrandakı bütün inqilabların, istər milli inqilablar olsun, istər islam inqilabı əsas gücü biz - azərbaycanlılar, Azərbaycan türkləri olmuşuq.

Bu gün İranın molla rejiminə qarşı bir etiraz hərəkatı başlayıb və bu etirazlar artan xətt üzrə gedir. 9 aydan artıqdır ki, rejim bu etirazların qarşısını ala bilmir. Əksinə, etirazlar daha da böyüyür. Artıq rejimin təmsilçisi olan mollalar küçədə sərbəst gəzə bilmirlər. Bu da onu göstərir ki, geriyə dönüş yoxdur.

Azadlıq insanların ruhuna hakim kəsilib. Təbii ki, İran da əsas qüvvə hər zaman Azərbaycan türkləri olub və yenə də belə olacaq.

Bu etirazların dairəsi məhz, azərbaycanlılar prosesə qoşulandan sonra daha da böyüdü. Bizim Güneydə soydaşlarımızı özündə birləşdirəcək vahid bir təşkilatımız yoxdur. Vahid təşkilatın olmaması soydaşlarımızın hərəkətlənməsində müəyyən problemlər yaradan amildir.

Hesab edirəm ki, Milli Dövlətçilik Şurası soydaşlarımızın istinad yeri olacaq və soydaşlarımızın vahid, milli birliyinə, təşkilatına çevriləcək. Daha sonra isə milli hərəkatın avanqard təşkilatı kimi azadlıq və müstəqillik hərəkatının aparıcı təşkilatı olacaq.

“Molla rejimi etimadı itirib və ömrünü başa vurub”

- Sizcə, "Azadlıq, ədalət, milli hökumət" şüarı Güneydə milli dövlətin yaradılması ideyasına, müstəqilliyə keçəcəkmi?

- Düşünürəm ki, İranın molla rejimi etimadı itirib və ömrünü başa vurub. Siyasi islamın gücü ilə uzun müddət bu militarist molla rejimini qorumağın zamanı bitib.

Zor gücünə, insanları qətlə yetirməklə, gəncləri, fəalları, milli düşüncə sahiblərini, azadlıq istəyənləri, islamı rejim olaraq deyil, inanc olaraq yaşamaq istəyənləri həbs etməklə molla rejimi uzun müddət duruş gətirə bilməyəcək.

Ona görə də hesab edirəm ki, yaxın zamanlarda "Azadlıq, ədalət, milli hökumət" şüarının dominantlığı ilə Güneydə qarşısıalınmaz bir prosesin başlanğıcının şahidi olacağıq. Proses böyüdükcə isə bu şüar öz yerini müstəqil dövlət ideyasına verəcək.

“İranın Azərbaycana düşmən münasibəti dəyişməyəcək”

- Azərbaycanda İran agenturasına qarşı mübarizə sərtləşir. İran rejimi buna cavab olaraq güneydə ana dili hərəkatının fəallarına qarşı repressiyaları gücləndirə bilərmi?

- İran rejimi illərdir Azərbaycanda özünün agentura şəbəkəsini yaratmağa cəhd edib. Müəyyən mənada buna nail də olub. İfşa olunan şəbəkələr və onların üzvlərinin həbsi də bunu sübut edir. Fars-molla rejimi məzhəbçilik adı altında kimlərisə aldadaraq, inanclarından istifadə edərək, şirnikləndirərək həmin şəxsləri müxtəlif üsullarla bu şəbəkəyə cəlb edə bilib.

Azərbaycanın müvafiq dövlət qurumları bu şəbəkələrə qoşulanları ifşa edir və təbii olaraq, agentura şəbəkəsinə qarşı mübarizə sərt formada aparılır.

Azərbaycan multukultural bir ölkədir. Bütün dinlər, məzhəblər, mədəniyyətlər sərbəstdir və insanlar azad surətdə öz doğal haqlarını kullana bilirlər. Azərbaycanda agentlərə, dini siyasi vasitəyə çevirmək istəyənlərə, din pərdəsi altında agentlik edib, dövlətin və xalqın maraqlarının əleyhinə fəaliyyət göstərənlərə qarşı hüquqi tədbirlər görülür.

İranda isə illərdir bizim doğal haqqını istəyən soydaşlarımıza qarşı repressiya aparılır. Ana dilində təhsil tələb etmək İranın öz konstitusiyasının 15-ci maddəsinin işləməsini istəməkdir. Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.

Lakin İran rejimi öz qəbul etdiyi konstitusiyaya belə hörmət qoymur. Ona görə də hesab edirəm ki, İranda bu repressiyalar heç zaman dayanmayıb, daim olub və davam edəcək. İranın Azərbaycan düşmənçiliyi dünənin, bu günün hesabı deyil. İran Azərbaycana düşmən münasibəti illərdir davam edib və edəcək.

Cebhe.info