Mirəcəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi? - Futbolçu qohumu ilə MÜSAHİBƏ

Mirəcəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi? - Futbolçu qohumu ilə MÜSAHİBƏ

İnternetdə Balaxanı kəndi ilə bağlı axtarış edərkən “Kommunist” qəzetinin redaktoru olmuş Həbib Cəbiyevin vaxtilə yaşadığı mənzil qarşıma çıxdı.

Mənzilin divarında Həbib Cəbiyevin əvvəllər bu mənzildə yaşadığını əks etdirən xatirə lövhəsi vardı. Rəylərdə bir nəfər qohumu olduğunu qeyd etmiş və Həbib Cəbiyevin qardaşı oğlunun həmin mənzildə yaşadığını demişdi.

Balaxanıda evin axtarışı xeyli zaman apardı. Bilən yox idi, nəhayət, soruşduğumuz bir nəfər onun inqilabçı olduğunu deyərək ünvanı izah etdi.

BİZİM HAŞİYƏ:

Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda, neft sahibkarı ailəsində anadan olub. Atası onu öz işinin davamçısı görmək istəyib və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoyub.

Həmin illər Həbibdə inqilabi əhval-ruhiyyə yaranıb. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi.

1916-cı ilin sonlarında Həbib Cəbiyev (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır. Bu, onun gələcək həyatının inqilaba həsr olunmasına təkan verir. Həbib Cəbiyev həmin gündən açıq mübarizəyə başlayır və inqilabçı olur. 1918-ci ildə bolşeviklər partiyasına daxil olur.Həbib Cəbiyev eyni zamanda Şuşada və Hindarxda partiya konfranslarının keçirilməsində də yaxından iştirak edib. M.Ağamirov öz xatirələrində yazır ki, Şuşada konfrans keçirmək üçün gizli olaraq göndərilən Həbib Cəbiyev çoban libasında Qarabağa gəlmişdi.

Həbib Cəbiyev ayrı-ayrı vaxtlarda müxtəlif vəzifələr tutub. 1921-ci ilin oktyabr ayından 1922-ci ilin yanvar ayına kimi "Kommunist" qəzetinin redaktoru olub.

O, sonralar yenidən iki dəfə "Kommunist" qəzetində məsul işə qaytarılıb. Həbib Cəbiyevin həyat yoldaşı və yaxınları danışardılar ki, 20-ci illərin sonlarından Bağırovla Həbib Cəbiyev arasında münasibət gərgin xarakter daşıyıb. Buna görə də Həbib Cəbiyev 1930-cu ilin axırlarında Moskvaya köçüb və SSRİ Xalq Yeyinti Sənaye Komissarlığında məsul vəzifələrdə işləməyə başlayıb.1938-ci ildə Həbib Cəbiyevi həbs edib Bakıya göndərirlər. Həyat yoldaşı Aleksandranın dediklərinə görə, Həbib Cəbiyevi bir neçə dəfə Mircəfər Bağırov özü dindirib, lakin istədiyi ifadəni ondan ala bilmədiyindən şəxsən özü onu güllələyib.

Həbib Cəbiyevin həbsindən sonra onun iki azyaşlı oğlu və bir qızı ailədən alınıb, arvadı sürgün edilib. Sürgündən qayıtdıqdan sonra ona məlumat verilib ki, azyaşlı oğlanlarından biri çayda boğulmuş, digəri şaxtadan donub ölüb. Qızı haqqında isə heç bir məlumat ala bilməyib.

Həbib Cəbiyev 21 aprel 1938-ci il tarixində güllələnib, Stalinin ölümündən sonra bəraət alıb.

Həbib Cəbiyevin qardaşı Ağahüseynin oğlu Rəhim Cəbiyevlə tanışlığımız belə başladı. 1943-cü ildə doğulan həmsöhbətmiz Cebhe.info-ya müsahibəsində uşaqlığını belə xatırladı:

- Uşaqlıqdan futbolla məşğul olmuşam. İlk futbol oynadığım klub Razində (indiki Bakıxanov) “Leninneft” klubu olub. 14 yaşından futbol oynamağa başlamışam. Sonra Orconikidze(indiki Suraxanı) rayonunda fəaliyyət göstərən “ Proqress” klubuna keçdim. Əvvəl qapıçı idim. Sonra bir dəfə əsas qapıçının sinəsinə rəqib komandanın futbolçusunun ayağı necə möhkəm dəydisə, qapıçı huşunu itirdi. O gündən qapıçı olmaqdan ehtiyat elədim, keçdim müdafiəyə.

Gənclər qrupunda oynayırdım, amma yaxşı oynadığımdan böyüklərlə də oynayırdım.

- Neçə nömrəli forma ilə çıxış etmisiniz?

- O vaxt indiki kimi deyildi. Stadiona 1-dən 11- kimi forma nömrələri ilə çıxırdıq. 3 nömrəli forma ilə çıxış edirdim.

- “Neftçi”də də oynamısınız?

- 16 yaşım olanda “ Neftçi”nin hazırlıq qrupunda oynamağa başlamışam. Qapıçı Vyaçeslav Şeyxov, müdafiəçi Nikolay Boqdanov, Sabunçulu Saşa Syoman, Lyonya Paxomov o vaxt mənlə bir oynayırdılar. 1960- cı il martın əvvəllərində Azərbaycan gəncləri futbol kubokunda Vyaçeslav Şeyxovun topu uzaqlaşdırarkən etdiyi səhv müdaxiləyə görə zədələndim. Şeyxov sonra gənclərdən ibarət yığma komanda ilə Azərbaycanda gənclər idman spartakiadasında iştirak etdi və Azərbaycan yığması 1- ci oldu. Şeyxov sonra yığma komandaya keçdi. Mən isə zədə aldıqdan sonra çilingər kimi əmək fəaliyyətimi davam etdirdim.

- Həbib Cəbiyevi necə xatırlayırsınız?

- Onun qardaşı oğluyam. 2 qardaş olublar. Ata tərəfdən də, ana tərəfdən də imkanlı ailənin övladı olublar. Babam Pirican Cəbiyev neft maqnatı olub. Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və erməni Arafelovla birgə o vaxt “ Novıy Ararat “ şirkətini təsis ediblər. Atam Ağahüseyn Cəbiyev 1949- cu ildə repressiyaya məruz qalıb. O vaxta kimi gizlənirmiş. Neft Akademiyasını bitirib. Mordovanın Saransk şəhərinə sürgün olunub. Ölüm kağızı məndə var, Mordovaya gedəndə saxlanıldığı yeri də gedib görmüşəm.

- Qohumlarınız Həbib Cəbiyevdən nə danışırdılar?

- O, “ Kommunist” qəzetində məqalə yazıb, bir rus isə bu məqaləni “Bakınski Raboçi” qəzetində düzgün tərcümə etməyib. Əmim həmin adamı vurub. Həbib Cəbiyev sərt adam olub. Həyat yoldaşı rus mühəndis Barinovun bacısı olub. 2 oğlu olub, böyük oğlu Cahangir, kiçik oğlu Teymur. Böyük oğlu repressiyada güllələnib. Kiçik oğlu Buzovnaya gələndə dənizdə batıb. Bibim danışırdı ki, Həbib Cəbiyev inqilabçı yoldaşları ilə birgə Krupskaya ilə Şors küçəsinin kəsişməsində, bibimin evində toplanarlarmış. Kimsə onların yerini əks- inqilabçılara bildirdikdə isə damlarla qaçırmışlar. Əmim babama Azərbaycan sovetləşən dönəm deyib ki, dövlət müsadirə etməsin deyə bankdan pulları götürsün.

- Həbib Cəbiyevin kənddə heykəli var?

- Yox. Bu xatirə lövhəsi də öz təşəbbüsümlə buraya vurulub. Əvvəllər səhv eləmirəmsə, 4-cü mikrorayonda onun adına küçə olub , sonra həmin küçənin adı dəyişdirilib. Sonra bildiyim qədərilə Bakıda Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi küçə əvvəl onun adını daşıyıb. Əvvəllər Muxtadır küçəsində repressiya ailələrinə kömək kimi ərzaq paylanılırdı.

( Mənə şəkil tapıb göstərir).

- Tanıdın şəkildəkini?
- Yox.
-“Qafqaz əsiri“ filmindəki Morqunovdur. Yanındakılar da bacım oğlanları – Asif ( Mingəçevir və Sumqayıt futbol klublarının futbolçusu), Hafiz (“ Neftçi” və “ Dinamo Kirovabad” futbol klublarının futbolçusu) Namazovlar, Rafiq Əlizadə (“ Neftçi” nin futbolçusu) və qardaşım Nazimdir. Şəkil bacım oğlu Asəf Namazovun (“Neftçi”nin məşhur futbolçusu) 1980- ci ildə Səadət sarayındakı toyundandır.)
-Həbib Cəbiyevə, ümumiyyətlə, inqilabçılara, kommunistlərə münasibət indi birmənalı deyil.
-Bilirsiniz, onların əksəriyyəti ali təhsilli, dünyagörmüş şəxslər olub. Sosial ədalət üçün mübarizə aparıblar. Tarix isə subyektiv bir anlayışdır. Cəmiyyət kiməsə bu gün xain, sabah qəhrəman deyir.
-Müsahibəyə görə təşəkkürlər, Həbib bəy.
-Mən təşəkkür edirəm.

Xəyal Bünyadzadə,
Xüsusi olaraq Cebhe.info üçün