Müəllimləri vahid forma geyinən məktəbin direktoru ilə MÜSAHİBƏ
Bu gün ölkənin orta ümumtəhsil məktəblərində müəllimlərin geyim forması vahid qayda ilə tənzimlənmir.
Yəni müəllimlər müstəqil şəkildə, sadəcə bəzi qaydalara riayət etməklə geyinirlər. Lakin Samux rayon Qədili kənd ümumi orta məktəbi bu istiqamətdə fərqlilik nümayiş etdirib. Belə ki, məktəbin kollektivi artıq vahid formadan istifadə edir.
“Cebheinfo.az”-ın əməkdaşı mövzu ilə bağlı Samux rayon Qədili kənd ümumi orta məktəbinin direktoru Röyal Əlizadə ilə həmsöhbət olub.
- Məktəb kollektivi hansı səbəblə bağlı vahid geyim formasından istifadə qərarına gəlib?
- Tədris ilinin sonuna yaxın, yəni iyun ayında müəllimlərlə vahid formadan istifadəyə keçilməsi barədə müzakirə apardıq.
Qərara gəldik ki, növbəti tədris ilində vahid geyim formasına keçək. Sentyabrın 19-da pedaqoji şuranın növbədənkənar iclasını çağırdıq. Yekun olaraq qərara gəldik və vahid geyim formasına keçid etdik.
- Müəllimlərin vahid geyim formasına münasibəti necədir?
- Müəllimlərlə müzakirə etdik və hər biri razı oldu. Ümumi olaraq seçim etdilər və qərar verdilər ki, vahid geyim olaraq yorucu olmayan rəngdə qalstuk seçək, eləcə də ətək, klassik üslubda şalvardan istifadə edilsin.
- Vahid formadan istifadənin hansı müsbət tərəfləri var?
- Biz müsbət addım kimi dəyərləndiririk. Necə ki, şagirdlər vahid geyim formasında gəlir, bir-birindən fərqlənmir, məktəbli olduqları bilinir, müəllimlər də həmçinin. Məsələn, elə bir texniki işçi ola bilər ki, onun maddi vəziyyəti yaxşı ola bilər, hər gün yeni bir geyimlə məktəbə gələ bilər.
Ancaq müəllimin maddi imkanı çatmaya bilər. Vahid geyim formasında olduqda daha yaxşıdır. Artıq bilinir ki, bu texniki işçidir, digəri müəllimdir. Yəni geyimindən seçilir.
Şagirdlərimiz də müsbət qarşılayır.
Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir. Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir. Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir.
- Ümumiyyətlə, istərdinizmi müəllimlərin vahid geyim forması bütün ölkədə tətbiq edilsin?
- Bəli. Dövlət ümumtəhsil müəssisələrinin hamısında vahid geyim formasının tətbiq olunması ilə bağlı rəsmi qərar yoxdur.
Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. Bu məktəbdaxili bir prosesdir. Digər məktəblərdə də bu hallar artsa, daha yaxşı olar.
- Vahid formanın hazırlanmasını məktəb öz hesabınamı maliyyələşdirib, yoxsa fərdi şəkildəmi reallaşıb?
-Yox, müəllimlərin hər biri özü vahid formanı tikdirib. Gələcəkdə də bu addımı davam etdirəcəyik.
Nigar Abdullayeva
“Cebheinfo.az”