Musa Qasımlı: “Universitetə qəbulu asanlaşdımaq lazımdır” - MÜSAHİBƏ

Musa Qasımlı: “Universitetə qəbulu asanlaşdımaq lazımdır” - MÜSAHİBƏ

Milli Məclisin Elm və təhsil komitəsi Elm və təhsil Nazirliyi ilə birlikdə “Ali təhsil haqqında” Qanun layihəsinin ictimai dinləməsi keçirilib.

İctimai dinləmənin müzakirəsinə çıxarılan “Ali təhsil haqqında” Qanun layihəsinin Milli Məclisdə hazırlanması və təkmilləşdirilməsi prosesi ilə bağlı bildirilib ki, sənəddə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş milli təhsil sistemimizin inkişaf strategiyasında, rəqabətədavamlı iqtisadiyyatın kadr potensialının təmin edilməsi üçün insan kapitalının formalaşdırılması konsepsiyasında, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və digər dövlət sənədlərində təhsillə bağlı müəyyən edilən istiqamətləri qarşıya qoyulan hədəflər öz əksini tapıb. Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı bir sıra həlli vacib məsələlərə toxunub.

Deputat bu barədə Cebhe.info-ya müsahibə verib.

- Bugünlərdə Milli Məclisin Elm və təhsil komitəsinin "Ali təhsil haqqında" Qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bir sıra məsələlər müzakirə olunub. Siz də vacib məqamlara toxunmusunuz. Son illər ölkədə gənclərimizin bir çoxunun ali təhsil almasına baxmayaraq, ixtisaslı kadr kimi yetişmədiyi bildirilir. Sizin fikrinizcə, bunun səbəbi nədir?

- Bu məsələyə dərindən nüfuz etmədən, bütün çalarları görmədən səthi yanaşaraq ümumiləşdirmələr aparıb ya yaxşıdır, ya da pisdir kimi yekun qiymət vermək düzgün olmaz. Millətimizin gələcəyi olan təhsil daim inkişaf edən bir prosesdir. Biz bu günə qədər bir millət olaraq nəyə nail olmuşuqsa elm və təhsilimizə, maarifçilərimizə, müəllimlərimizə, alimlərimizə borcluyuq. Tarixən bütün millətlərdə olduğu kimi bizdə də qaranlıq, cəhalətlə elm, təhsil, aydınlıq, işıq arasında mübarizə gedib. Bizi irəli aparan adamlara ziyalı-işıqlı insanlar deyilib. Sabirin, Mirzə Cəlilin yaşayıb yaratdıqları dövrə nəzər yetirmək kifayətdir. Sabir satirik bir dillə yazırdı:

“Oğul mənimdir əgər, oxutmuram əl çəkin”. İndi də qızlarımızın təhsilində problemlər var. Həm dövlət büdcəsi, həm də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə müasir avadanlıqlarla təchiz edilmiş müasir məktəb binaları tikilib, amma təhsilin keyifiyyəti ildən ilə aşağı düşür. Məktəbi az qala paralel təhsil - kurslar əvəz edir. Yenə də ümumiləşdirmək, hamıya aid etmək istəmirəm və belə cəhdlər heç düzgün də deyil. Ali məktəbdə tələbələrin demək olar ki, hamısı diplom alır. Universitetlərimiz bilik verir, bu biliyin səviyyəsi barədə mübahisələr etmək olar. Amma bacarıqlar çox geri qalır. Məsələn, müəllimlik diplomu alan bəzi gənclər bir neçə il dərs verməkdə çətinlik çəkirlər.

Bunun səbəbi nədir? Aydındır ki, auditoriyada müəllimin hər hansı bir mövzunu tam şəkildə öyrətməsi zaman baxımından mümkün deyildir. Həm də auditoriyada oturanların hamısı mühazirə söyləyən müəllim kimi düşünsələr, onun dediyini əzbərləyib danışsalar, bu heç bir zaman inkişafa gətirməz. Tələbələr dərsləri imtahandan qiymət almağa görə öyrənib, imtahandan sonra unutdurlarsa, bacarıqlar əldə edə bilmirləsə, deməli, təhsilimizin məqsədləri barədə çoxlu suallar yaranır.

Müəllim məsələnin mahiyyətini izah edəndən sonra onu araşdırmağın yollarını öyrətməlidir. O yollar isə müxtəlif ola bilər. İnkişaf, yeniliklər müxtəliflikdə, fərqli düşüncələrdədir. Mühazirəni yazdırıb tələbədən soruşmaqla və ya heç bir analitik təfəkkür aşılamayan testlərlə imtahan verən şəxslərlə necə yeniliklər etmək olar?

- Gənclərin bir qisminin xarici ölkələrin ali məktəblərinə üz tutması nə ilə bağlıdır? Həmin ölkələrdə qəbulun daha asan olması, yoxsa keyfiyyətli təhsil?

- Xaricdə təhsil müsbətdir. Dövlətimiz də təşviq edir və bəlli proqram vardır. Xaricdə təhsilin qarşısını almaq düzgün olmadığı kimi, heç mümkün də deyil.

Çünki Azərbaycan demokratik bir ölkədir. Vətəndaş imkanlarına uyğun olaraq istədiyi ölkədə gedib təhsil ala bilər. Ancaq imtahansız, attestat ilə xarici ölkələrin az keyfiyyətli universitetlərinə ildə bəlli təhsil haqqı ödəməklə qəbul olunmaq bir sıra problemlər ortaya çıxarır. Azərbaycanlı ailələr həmin universitetlər üçün az qala sponsora çevirilirlər, bəzi gənclər imtahanları verə bilmədiklərindən bir neçə il oxuyurlar və valideyn də təhsil haqqını ödəməkdə davam edir, diplomu alanlar ölkəyə qayıtdıqda diplomların tanınması ilə bağlı problemlər yaranır, işlər məhkəməyə qədər gedib çıxır.

Bəzi gənclər təhsil aldıqları ölkələrdə müəyyən qrupların təsiri altına düşürlər. Bu isə artıq bizim milli təhlükəsizlik məsələsinə çevrilir və çoxlu təhdidlər yaranır. Bununla bağlı çoxlu misallar söyləmək olar. Bəs çıxış yolları nə ola bilər? Biz ilk növbədə, universitetlərimizdə təhsilin keyfiyyətini artırmalı, rəqabətə davamlı etməliyik. Bununla bağlı cənab Prezident İlham Əliyevin imzaladıqları sənədlərdə açıq-aydın yazılıb. Universitetlərimizi xaric ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevirmək üçün çalışmalıyıq. Bunun çox böyük əhəmiyyəti olar.

Hesab edirəm ki, qəbul prosesini asanlaşdırmaq, təhsil prosesini sərtləşdirmək lazımdır. Universitetlərin əsası qoyulandan bəri həmişə universitetləri bitirənlər qəbul olunanların sayından az olub. Biz də isə əvvəlki illərdə tamamilə əksinə olub. Məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunub, bitirənlərin sayı isə 100 nəfər olub. Bu, necə olur? Qəbulu asanlaşdırıb, tədris, imtahan prosesini ciddiləşdirmək barədə fikir söyləyəndə bəziləri deyir ki, bəs, millətimizin mentalitetini də unutmaq olmaz. Belə fikirlərlə razı deyiləm. Hesab edirəm ki, ümumiyyətlə, imtahan prosesinə insan amilinin müdaxiləsini sıfıra endirmək lazımdır. Bu mümkündür.

İndi universitetlərimizdə imtahan sessiyalarında mənfi hallar yoxdur. Deməli, bunu da eləmək olar. Test üsulunun ləğvi barədə ara-sıra səslənən fikirləri də ziyanlı hesab edirəm. Bu, ağır fəsadları olan, cəmiyyəti qarışdıran nəticələrə gətirib çıxara bilər. Test üsulu mütərəqqidir, amma təkmilləşdirilməlidir. Ali təhsilin fəlsəfəsi, ondan nə istənildiyi aydın bilinməlidir.

- Bəzən ölkənin ali təhsil ocaqlarında problemlərdən biri kimi həm “sovet dövrünün savadlı müəllimlərinin” sayının azaldığı, həm də tədris vəsaitlərinin müasir tələblərə cavab vermədiyi bildirilir. Bu fikirlə razılaşırsızmı?

- Bu məsələdə də ümumiləşdirmələr aparıb, ya tamamilə müsbət, ya da tamamilə mənfi qiymət vermək düzgün olmazdı. Sovet dövrü ideoloji idi. İndi fərqli şəraitdir. Azərbaycan azad, demokratik bir ölkədir. İnsanlar, müəllimlər, tələbələr düşüncələrində sərbəstdirlər. Auditoriyada yüksək elmi-nəzəri səviyyədə dərs verən müəllimlərimiz çoxdur. Millətimiz çox zəkalıdır.

Xarici ölkələrin universitetlərində, elmi mərkəzlərində nə qədər azərbaycanlı elm adamları işləyir? Onlar Azərbaycanda məktəbi bitiriblər. Onlara dərs verən bizim müəllimlərimiz olub. Ali məktəblərdə dərslərin keyfiyyətini artırmağın çoxlu yolları var. Bizdə tələbənin biliyini həmişə müəllim qiymətləndirir. Belə də olmalıdır, amma bu, dərslərin keyfiyyəti üçün tam, bitkin deyil. Bəs müəllimin dərslərinin keyfiyyətini, auditoriyada davranışın kim qiymətləndirməlidir? Hesab edirəm ki, universitetlər özləri tələbələr arasında müəllimlər barəsində anonim sorğular keçirməklə bu işi həyata keçirsələr, gerçək vəziyyəti bilərlər.

Mən BDU-da işləyən zaman mühazirələrimin başa çatmasına iki həftə qalmış tələbələr arasında özüm barədə 11 sualdan ibarət anonim sorğu keçirərdim. Sonuncu sual tələbərlərlə ünsiyyətimə və auditoriyada davranışıma aid olardı. Tələbələr öz düşüncələrini adlarını göstərmədən sərbəst yazardılar. Bu isə işimdə nəyin yaxşı olduğunu bilməyimə, nəyisə düzəltməyimə kömək edərdi. Belə sorğuların keçirilməsi bütövlükdə təhsil prosesinə müsbət təsir edər. Bildiyim qədər bir sıra universitetlərdə belə sorğular aparılır. Dərslik və dərs vəsaitlərinə gəlincə, burada problemlər vardır. Universitetlərdə dərslik və dərs vəsaitlərinin lazım olub-olmaması barədə müxtəlif fərqli fikirlər söyləyirlər. Hesab edirəm ki, ictimai və humanitar və bəzi digər elm sahələrində ali məktəblər üçün dərslik və dərs vəsaitləri olmalıdır. Elmin hüdudları olmadığından tələbə onların işığından digər mənbə və ədəbiyyatlara baş vura bilər.

- Belə fikirlər var ki, gənclər indi sadəcə diplom xatirinə oxuyurlar. ümumiyyətlə, bu gün gənclərin təhsilə münasibəti sizi qane edirmi?

- ümumləşdirmə aparmaq düzgün deyil. Auditoriyalarda müəllim hamıya gələcək alim, ya gələcək müəllim və ya başqa peşə sahibi kimi baxmamalıdır.

Universitetləri bitirənlərin heç də hamısı aldığı diplom üzrə işləməyəcəklər. Dünyada da belə bir şey yoxdur. Bilik və bacarıqlar gərəkdir. Bəzi gənclər test üsulunda ürəkləri istəyən ixtisas qəbul olmadıqlarından yazdıqları bəlkə də sonuncu ixtisasa qəbul olunurlar. Soruşanda deyir ki, hüquqşünas olmaq istəyirdim, amma gəlib buraya düşmüşəm.

- "Ali təhsil haqqında" Qanunda hansı dəyişikliklərin öz əksini tapmasını istərdiniz?

- Universitetlərin muxtariyyəti genişləndirilməsi, tədqiqat institutlarının yaradılması fayda verər. Maliyyə məsələlərinə diqqət yetirmək zəruridir. Auditoriyada dərs verən müəllimin ardınca onun fənninə maraq göstərən tələbələr könüllü olaraq elmi-tədqiqat instititlarına gələrək kömək edərlər. Bu isə elmə gələnlərin təbii seçilməsi olar. İndiki doktorantura və dissertantura sistemində də çoxlu boşluqlar vardır.

Boloniya prosesinə qoşulmuşuq. Biz ya buna tam keçməliyik, ya da yarımçıq bir şey olmaz. Bir dissertasiya işi müdafiə olunmalıdır. Bir istedadlı gənc fəlsəfə doktoru dissertasiya işini müdafiə edir, sonra doktorluq işini yazır və illərlə şöbədə, kafedrada, şurada, seminarda gözləyir. O, bu illər ərzində yüksək indeksli jurnallarda bir neçə məqalə çap etdirə bilər. Azərbaycan elminin beynəlxalq reytinqi artar. Dissertasiya şuralarının tərkibinin tədricən azaldılmasına və müdafiə olunan problemi bilən alimlərdən təşkil olunmasına ehtiyac vardır.

Nigar Abdullayeva
Cebhe.info