Partiyaların durumu, bahalaşma, işsizlik, oliqarx məmurlar – AMİP sədri ilə MÜSAHİBƏ

Partiyaların durumu, bahalaşma, işsizlik, oliqarx məmurlar – AMİP sədri ilə MÜSAHİBƏ

Ölkənin siyasi və sosial gündəmi çox zəngindir.

Avropa Birliyinin bölgəyə mülki missiya göndərməsi, siyasi partiyaların qəbul olunmuş yeni qanuna uyğunlaşması, o cümlədən bazarlarda davam edən bahalaşma, işsizlik və digər məsələlər ölkə gündəmində ön sıralarda yerini alıb.

Gündəmdə olan məsələlərlə bağlı Cebhe.info-nun suallarını Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə cavablandırıb.

- Arzuxan bəy, Avropa İttifaqının Ermənistana göndərməyi planlaşdırdığı mülki missiya ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə münasibətini bildirib və qeyd edib ki, Avropanın bu gedişi Azərbaycan Ermənistan danışıqlarına mənfi təsir edəcək. Siz necə düşünürsüz? Avropanın Ermənistana göndərəcəyi missiya prosesə necə təsir edəcək? ümumiyyətlə, Avropanın məqsədi nədir?

- Avropa təbii ki, Qafqaza daxil olmaq istəyir. Uzun müddətdir ki, burada özünün iqtisadi və siyasi maraqlarını təmin etmək uğrunda müəyyən platformalarda mübarizə aparır. Buna müəyyən qədər nail də olub. Azərbaycan Ermənistan münasibətləri çərçivəsində ATƏT-in Minsk qrupu və digər formatında Qafqazda özünün varlığını bərqərar etmək üçün savaş aparıb.Xüsusilə də Rusiya və aparıcı Qərb dövlətləri arasında bu mübarizə ən pik həddə gəlib çatıb. İndi də həmin mübarizənin davamıdır. 44 günlük müharibədən sonra bölgədə vəziyyət tamamilə dəyişib, Azərbaycan öz torpaqlarının əhəmiyyətli hissəsini işğaldan azad edib.

Azərbaycan regionun əsas siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətinə çevrilib. Azərbaycanın Türkiyə kimi dost, qardaş ölkə ilə Şuşa Bəyannaməsi və digər razılaşmalar çərçivəsində birliyi var. Eləcə də Azərbaycan, Türkiyə və Pakistan arasında Bakı Bəyannaməsi imzalanıb. Bu da Avropanın Qafqazdakı təsir dairəsini zəiflədib. Ona görə də Avropa yeni platformalar axtarır ki, hansısa formada bölgəyə daxil olsunlar.

Bölgədə gərginlik yaratmaq fonunda öz mövcudluqlarını hansısa formada təsdiq etsinlər. Birmənalı olaraq nə bizim Şimal qonşumuz, nə də Qərb dairələrini bölgədə sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyillər. Əksinə, bölgədəki prosesləri bir az da gərginləşdirirlər. Məğlub olmuş Ermənistana dəstək verməklə, prosesləri gərginləşdirmək və bunun fonunda öz mövcudluqlarını, təsir imkanlarını genişləndirmək istəyirlər. Avropa Birliyinin mülki missiya göndərməklə bağlı qərarı da həmin amala xidmət edir.

- Qərb-Rusiya qarşıdurması zaman-zaman digər bölgələrdə də yaşanıb və həmin bölgələr üçün heç də uğurlu bir nəticəyə gətirib çıxarmayıb. Qafqazı hansı təhlükələr gözləyir?

- Təbii ki, təhlükə hər zaman var. O ərazilərdə ki, maraqlar toqquşur, həmin bölgədə təhlükənin olması labüddür. Təbii ki, digər bölgələrlə müqayisədə Qafqaz tamamilə fərqli regiondur. Azərbaycanın və Türkiyənin burada mövqeyi və gücü, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi mərkəzinə çevrilməsi bölgədə çox ciddi katakilizmlərin baş verməsini önləyəcək. Hesab edirəm ki, hadisələr digər bölgələrdəki gərginlik səviyyəsinə çatmayacaq, amma istənilən halda gərginlikdə maraqlı olan qüvvələr problemlərin artmasına çalışacaqlar. Bu fonda da öz siyasi və iqtisadi maraqlarını təmin etsinlər və bölgəyə nəzarət imkanlarını itirməsinlər.

- Bu fonda ictimai-siyasi cameə, yəni partiyalar hansı mövqedən çıxış etməlidir?

- Postmüharibə dövründə dəfələrlə bu fikri demişəm, bir daha demək istəyirəm ki, biz necə 44 günlük müharibə dövründə sosial və siyasi mövqeyindən asılı olmayaraq, bir olduq, bundan sonra bu birliyə daha çox ehtiyacımız var. Qələbənin ən 50 faizi də arxa cəbhədə xalqın yaratdığı birlikdən asılı oldu. Xalqın bir parçası olan siyasi partiyaların vahid mövqedən çıxış etməsi düşmənlərimizi geri çəkilməyə vadar etdi. 44 günlük müharibədə Azərbaycan torpaqlarını işğaldan azad edib, bölgənin daha güclü ölkəsinə çevrilib. Bunu da gözü götürməyən bir sıra Qərb dövlətləri, o cümlədən şimal və cənub qonşumuz Azərbaycanın bu qələbəsini həzm edə bilmir.

Faktiki olaraq da biz daha ciddi düşmənlərlə üz-üzə qalmış oluruq. İndiki məqamda bizim daha ciddi birliyə ehtiyacımız var. Çünki savaş hələ bitməyib. Azərbaycan hələ də nəzarətində olmayan ərazilərdə nəzarəti ələ almalıdır. Bu prosesdə Azərbaycana mane olmaq istəyən güclər var. Eyni zamanda onlar Azərbaycanın güclənməsindən də narahatlıq keçirirlər. Ona görə də ölkədəki siyasi partiyalar birmənalı olaraq bu məsələdə dövlətçilik mövqeyindən, dövlət və milli maraqlarını nəzərə almaqla çıxış etməlidir. Bu məsələdə əks mövqe hesab edirəm ki, xəyanətə bərabərdir. İstənilən halda qınanılmalıdır.

- Partiyalardan danışmışkən, artıq “Siyasi partiyalar haqqında” Qanun qüvvəyə minib və siyasi təşkilatların qarşısında yeni fəalliyyət planları olmalıdır. üzvlərinin rəsmiləşdirilməsi, qeydiyyatlarının yenilənməsi və qanundan irəli gələn digər məqamlarla bağlı fikirləriniz maraqlı olardı...

- “Siyasi partiyalar haqqında” Qanunun qəbulu ilə bağlı fikirlər son 3 il ərzində vardı, biz də bununla bağlı təkliflərimizi vermişdik. İlkin layihə təklif olunandan sonra parlamentdə dinləmələr də keçirildi. Orada da, ondan əlavə də mətbuat vasitəsilə təklif olunan qanunla bağlı irad və təkliflərimizi bildirdik. Bir sıra təkliflərimiz və iradlarımız nəzərə alınıb. İstənilən halda qanun artıq qəbul olunub. Birmənalı olaraq qəbul olunmuş qanuna uyğunlaşma prosesi getməlidir ki, biz də Azərbaycan Milli İstiqlal Partiyası olaraq bu istiqamətdə artıq addımlar atmağa başlamışıq.

Partiyanın rəhbər strukturlarında, Siyasi Şurasında yeni qəbul olunmuş qanunun müzakirə olunub. Biz artıq fevralın əvvəlində genişlənmiş iclas çağırmışıq. Rayon şöbələrinə, partiya fəallarına tapşırıqlar veriləcək və bu istiqamətdə artıq partiya strukturlarında üzvlərin qeydiyyatı, o cümlədən partiyanın fəaliyyətinin yeni qanuna uyğunlaşdırılması istiqamətində işlər genişləndirilib.

- Qanun qəbul edildikdən sonra belə bir məsələ gündəmə gəldi ki, bir çox partiyalarda yeni qanunun tələblərinə cavab verəcək elektorat yoxdur, ona görə də bir sıra partiyalar birləşmək məcburiyyətində qalacaq. AMİP belə bir təklif alıbmı? ümumiyyətlə, bu istiqamətdə müzakirələr aparırsızmı?

- Hələ ki, belə bir təklif almamışıq. Təbii ki, bizə birləşmək fikrində olan partiyaların olduğunu istisna etmirik. Bizim qəbul olunmuş qanunla bağlı heç bir problemimiz yoxdur, öz işimizə davam edirik. Amma bu istiqamətdə hər hansı müraciətlər olacaqsa, təbii ki, partiyanın rəhbər strukturlarında dəyərləndiriləcək və adekvat cavab veriləcək.

- Arzuxan bəy, son zamanlar əsas müzakirə olunan məsələlərdən biri də hazırda da sürətlə davam edən bahalaşmadır. Demək olar ki, bütün növ mal və məhsullarda bahalaşma müşahidə olunur. Paralel olaraq minimum əməkhaqqı, pensiyalar və digər sosial ödənişlər də artırıldı. Sizcə bahalaşma ilə gəlirlərin artması bir-birinə adekvatdırmı?

- Heç bir halda adekvat deyil. Bu gün bahalaşma çox ciddi problemə çevrilib. Azərbaycan insanı onsuz da mövcud olan işsizlik, maaşların lazımi səviyyədə olmaması fonunda iqtisadi cəhətdən problemlərlə üzləşməkdə idi. Xüsusilə də son bir il ərzində çox ciddi bahalaşma prosesinin şahidi oluruq. Dəfələrlə demişəm ki, bu prosesə nəzarət etməli olan dövlət qurumları tamamilə fəaliyyətsizdir. Bundan da işbazlar çox məharətlə istifadə edirlər.

Hər gün qiymətlərin bahalaşması ilə rastlaşırıq. İnsanların ciddi narahatlıq keçirdiyinin şahidiyik. Hətta bir çoxları artıq gündəlik ərzaq məhsullarını almaqda çətinlik çəkdiklərini, ailələri dolandırmaqda ciddi problemlərlə üzləşdiklərini deyirlər. Bu da təbii ki, ilk növbədə Azərbaycan hökumətini narahat etməlidir. Çünki Azərbaycan insanı bu bahalaşma fonunda sürətli, onsuz da az olan iqtisadi imkanlarını itirməkdədir.

Vətəndaşı yalnız maddi, sosial cəhətdən güclü olan dövlət qüdrətli ola bilər. Vətəndaşı zəif, yoxsul, işsiz olan dövlət heç bir halda güclü ola bilməz. Azərbaycan xalqı xüsusilə də 2020-ci ilin 27 sentyabrından sonra qalib xalq olaraq daha yaxşı yaşamağı haqq edir.

- Təkliflərinizi də bilmək maraqlı olardı...

- Hesab edirəm ki, Azərbaycan hökuməti çox ciddi addımlar atmalıdır. İlk növbədə bahalaşmanın qarşısı alınmalıdır. Bu bahalaşmanın kökündə dayanan əsas amillərdən biri də bu və ya digər sahələrdə oliqarx məmurların yaratdığı monopoliyadır. Birmənalı şəkildə bunun qarşısı alınmalıdır. Azad rəqabət mühitinə imkanlar yaradılmalıdır. Qiymətlərin tənzimlənməsinə ciddi nəzarət edilməlidir. Qida təhlükəsizliyi məsələsi prioritet məsələlərdən biri olmalıdır.

Ölkədə son dövrlərdə ürək-damar xəstəliklərinin sayı artmaqdadır. Bütün bunların da kökündə qida təhlükəsizliyi məsələsi dayanır. Ölkəyə qida və qeyri-ərzaq məhsullarını gətirən bir sıra monopolistlərə nəzarət lazımi səviyyədə deyil. Ona görə də bu proses ümumilikdə həm bahalaşmaya, həm də insanlarımızın qida təhlükəsizliyindən əziyyət çəkməsinə səbəb olur. Bunlar çox ciddi, dövlət təhlükəsizliyi məsələsidir. Hesab edirəm ki, bu məsələyə ən yüksək səviyyədə nəzarət olunmalı və ciddi tədbirlər görülməlidir.

Vilayət Muxtar
Cebhe.info