Prezidentliyə namizəd Sinan Oğan: “İqtidara gəlsək, Azərbaycanı daha çox dəstəkləyəcəyik”- EKSKLÜZİV

Prezidentliyə namizəd Sinan Oğan: “İqtidara gəlsək, Azərbaycanı daha çox dəstəkləyəcəyik”- EKSKLÜZİV

Türkiyədə 14 maydakı prezident seçkilərinin gərgin keçəcəyi gözlənilir.

Zəfər Partiyası, Ədalət Partiyası, Ölkəm Partiyası və Türkiyə İttifaqı Partiyasının koalisiyası olan “ATA İttifaqı” da ötən həftə prezidentliyə namizədini elan etdi. Onların namizədi Azərbaycan əsilli siyasətçi Sinan Oğan oldu. O, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun baş katibi vəzifəsində çalışıb. Sinan Oğan həmçinin, Türkiyə-Azərbaycan diaspor təşkilatının da qurucusudur. O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 

Qeyd edək ki, qardaş ölkədəki seçkilərdəki əsas mübarizənin “Cümhur İttifaqı”nın namizədi, indiki Prezident Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Mühərrəm İncə və “ATA İttifaqı”nın namizədi Sinan Oğan arasında gedəcəyi gözlənilir.

Azərbaycanla bağlı mövzularda həmişə həssaslıq nümayiş etdirən Sinan Oğan Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasının qonağı olub. 

- Sinan bəy, iqtidara gəlmək üçün seçicilərə nələr vəd edirsiniz?

- İqtidara gəldiyimiz zaman öncə Türkiyədəki iqtisadi problemləri həll edəcəyik. Hazırda ölkədə inflyasiya 150 faizə qədər yüksəlib. Həyat olduqca bahalıdır və Türkiyədəki işsizlik faizi artıb. Üstəlik, gənclərimiz çalışmaq üçün xarici ölkələrə gedirlər. Ona görə də ilk növbədə bu problemləri həll edəcəyik. Buna uyğun kadrlarımız da var. Hətta mən Azərbaycan Dövlət İqtisad Universitetdə tələbələrə iqtisadiyyatdan dərs keçirdim. Yəni iqtisadiyyat bizim işimizdir. 

- İqtidara gələcəyiniz təqdirdə nələri dəyişəcəksiniz?

- Türkiyədə 13 milyon suriyalı, əfqan və digər xarici ölkə vətəndaşları yaşayır. Biz onları öz ölkələrinə geri göndərəcəyik. Çünki hayat bahalılığının bir səbəbi də məhz budur. Türkiyə həmin əcnəbilərə indiyə qədər 150 milyard dollar pul xərcləyib. Bu, həm də Türkiyə üçün demoqrafik bir təhdiddir. Biz ölkədəki ədalət sistemini də inkişaf etdirəcəyik. Türkiyənin adil bir ölkə olması üçün çalışacağıq. Həmçinin, xarici siyasətdə türk dünyasına üstünlük verəcəyik.

Bununla yanaşı, Türiyədəki təhsil sistemini də dövlət siyasəti halına gətirəcəyik. Çünki Türkiyədə hər milli təhsil naziri fərqli bir təhsil sistemi tətbiq edir.

Amma təhsil hər gün dəyişən bir şey deyil. Bu, gələcək nəsilləri maraqlandıran bir məsələ olduğu üçün dövlət siyasəti halına gətirəcəyik və hansı nazir gəlir-gəlsin, təhsil sistemi dəyişməyəcək. Yəni bunun kimi çox vədlərimiz var. 

- Seçiləcəyiniz halda mövcud idarəetmə üsulunu dəyişməyi, yoxsa davam etdirməyi hədəfləyirsiniz? 

- Bəli, Türkiyədəki idarəetmə üsulunu dəyişəcəyik. Amma bu, dərhal baş verməyəcək. Öncə bu sistemi dəyişəcəyik və parlament üsul-idarəsinə keçid edəcəyik.

- Hazırda “Cümhur İttifaqı” və “Millət İttifaqı” kimi çox güclü koalisiyalar var. “ATA İttifaqı” olaraq onlarla necə mübariz aparacaqsınız? 

- Biz “ATA İttifaqı” olaraq özümüzü güclü görürük. Çünki “Millət İttifaqı” daha çox sosial demokratlar və solçulardan formalaşıb. “Cümhur İttifaqı” isə siyasi islamçılar və mühafizəkarlardan ibarətdir. Amma biz türk milliyətçiləri və Atatürkçülərdən formalaşmışıq. Dolayısı ilə də arxalandığımız seçici kütləsi onlardan daha güclüdür. Bu kütləni hərəkətə keçirə biləcəyimiz təqdirdə Türkiyədəki türkçülər, turançılar, Atatürkçülər və milliyətçilər o ittifqalardakılardan daha çox olar. 

Biz bölgə-bölgə gəzirik və bütün gün meydanlardayıq. Məsələn, Konyada fermerlərimizlə görüşdük. Türk millətinə ölkənin qarşısındakı təhdidlərlə bağlı xəbərdarlıq edirik. Türkiyəni gələcəyə necə aparacağımızı doğru bir şəkildə izah edəcəyimiz təqdirdə “Cümhur İttifaqı”nı da, “Millət İttifaqı”nı da keçəcəyimizi düşünürəm.

- Siz həmçinin milliyətçiləri də təmsil edən bir namizədsiniz. Maraqlıdır, Milliyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya varkən, həmin onların seçiciləri nə üçün sizə səs verməlidirlər? Yəni hansı fərqlər olacaq?

- Nə MHP-nin, nə də İYİ Partiyanın prezidentliyə namizədi var. Onların hər ikisi də başqa bir partiyanın milliyətçi olmayan namizədini dəstəkləyirlər. Yəni bir türk milliyətçisinin Rəcəb Tayyib Ərdoğanı və Kamal Kılıçdaroğlunu dəstəkləməsi üçün hansısa bir səbəb yoxdur. Bir türk milliyətçisi ancaq türk milliyətçisini dəstəkləyər. Yəni MHP-nin İdarə Heyəti Ərdoğanı, İYİ Partiyanın İdarə Heyəti isə Kılıçdaroğlunu dəstəkləyə bilər. Amma əsas seçicilər ancaq bir milliyətçi namizədi dəstəkləyərlər. 

- Bəziləri düşünürlər ki, Türkiyədəki seçkilərdə müxalifət uğur qazansa Azərbaycan-Türkiyə münasibətləri əvvəlki kimi olmayacaq. Hətta “Şuşa Bəyannaməsi”nin belə kağız üzərində qalacağını iddia edənlər var. Siz müxalifəti təmsil edən biri olaraq bu iddiaları necə dəyərləndirirsiniz?

- Hətta Ermənistan mətbuatında bəzi xəbərlər var ki, guya Rəcəb Tayyib Ərdoğan iqtidardan getsə, Azərbaycan yalnız qalacaq. Əksinə, biz iqtidara gəlsək, Azərbaycanı indikindən daha çox dəstəkləyəcəyik. Xarici siyasətimizin ən önəmli ölkələrinin başında isə Azərbaycan gələcək. 

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana münasibəti hamıya bəllidir. Ərdoğan iqtidarı bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyir. Bəs siz hansı yeni hədəfləri ortaya qoyacaqsınız? Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etməsi üçün hansı addımları atacaqsınız?

- Əgər Azərbaycanın da razılığı olarasa, ortaq gümrük sisteminə keçid edə bilərik. Çünki Avropa İttifaqının hazırda bu nöqtəyə gəlməsi gömrük birliyi ilə başladı. Gömrükləri yavaş-yavaş ortadan qaldırsaq və tək bir gömrük sisteminə keçsək, iqtisadi cəhətdən eyni rifahı yaşayacağıq. Həmçinin, vətəndaşlarımız eyni şərtlər və eyni qiymətlərlə qarşılaşacaqlar. Yəni gömrük birliyindən başlayaraq Azərbaycanla bərabər bütün türk dünyası ilə öncəliklə iqtisadi inteqrasiyanı təmin etmək istəyirik. Azərbaycan ilə Türkiyə arasında siyasi və hərbi inteqrasiya onsuz da var. Buna pozmağa heç kimin gücü çatmaz. Əlbəttə ki, hərbi olaraq Azərbaycanın yanındayıq. Biz isə bunu daha da irəliyə aparmağı planlayırıq. Hərbi məsələlərin detallarını demək istəmirəm, amma çox yaxşı planlarımız var.

Sizin mətbuat orqanları vasitəsiylə Azərbaycanda yaşayan və səsvermə haqqı olan vətəndaşlarımıza da səslənmək istəyirəm. Azərbaycanla Türkiyə münasibətlərinin daha da inkişaf etməsini və türk dünyası arasında iteqrasiyanın formalaşmasını istəyirlərsə, bizə səs vermələrini istəyirik. 14 mayda Azərbaycandakı konsulluqlarda səs verəcək vətəndaşlarımızı “ATA İttifaqı” və Sinan Oğana səs veməyə dəvət edirəm.

Elmir Mustafa
Cebhe.info