Professor Koç: “Cənubi Azərbaycandakı proseslər yaxından izlənilir” - MÜSAHİBƏ

Professor Koç: “Cənubi Azərbaycandakı proseslər yaxından izlənilir” - MÜSAHİBƏ

Hazırda qardaş Türkiyədə əsas gündəm seçki olsa da, digər mühüm məsələlər də öz aktuallığını qoruyur.

Bunların başında isə heç şübhəsiz ki, təhlükəsizliklə bağlı məsələlər gəlir. Türkiyənin uzun illərdir terrorizmə qarşı necə qətiyyətli mübarizə apardığını hər kəs bilir. Lakin çox təəssüflər olsun ki, müxtəlif terror qruplaşmalarının xain hücumları nəticəsində qardaş ölkəmiz bir çox şəhid verib. Türkiyənin terrorizmə qarşı mübarizəsi bu gün belə Suriya və İraqda da davam edir.

üstəlik, bölgədə yeni müharibə ehtimalı da hər keçən gün artır. Yunanıstan və Türkiyə arasındakı gərginliyin artması da bəzən müharibə ehtimallarının səslənməsinə gətirib çıxarır. Bununla yanaşı, Ermənistanın və İranın Azərbaycana qarşı təxribatları isə regiondakı vəziyyəti daha da gərginləşdirir. Bütün bu məsələlərin fonunda təhlükəsizlik regionun əsas prioritet məsələlərindən birinə çevrilib.

Biz də Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında məhz bu mövzuları müzakirə etdik. Qonağımız Çağ Universitetinin professoru Murat Koçdur.

- Hazırda Türkiyən bir çox istiqamətdə təhdidə üzləşir. Hətta bəzən müharibə ehtimalları da səsləndirilir. Sizcə, hazırda Türkiyənin təhlükəsizliyinə təhdid hansı səviyyədədir?

- Türkiyə sadəcə bugünlərdə deyil, tarix boyu yerləşdiyi coğrafi bölgəyə görə bir çox dəfə təhlükəsizlik riski ilə qarşı-qarşıya qalıb. Demək olar ki, coğrafiya bizim taleyimizdir. Yəni ölkəmiz qurulduğu gündən indiyə kimi bir çox təhdidlə qarşılaşıb. Bu gün ölkəmizin Anadolu yarımadasının cənubundakı qeyri-sabit ölkələrdən qaynaqlanan terror təhdidi ilə qarşı-qarşıyadır. Bunda sadəcə həmin ölkələrin deyil, eyni zamanda onlarla münasibətləri inkişaf etdirən ölkələrin də payı çoxdur. Məsələn, ABŞ PKK/PYD terror qruplaşmaları ilə əlaqələri, Rusiyanın Suriyada özünəyaxın hökumət qüvvələri bərabər hərəkət etməsi, İranın isə bölgədəki şiə və paramiliter ünsürləri ilə təmasları var. Həmçinin, bəzi ölkələrin vəkilliyini edən vasitəçi qruplaşmalara görə bölgəmizdə terror dalğası var.

Bunun xüsusilə Suriya və İraqdan qaynaqlanan nöqtələri var. Amma bundan daha önəmlisi bölgədə nümayəndəlik edən dövlətlər var. Onların da başında Ermənistan gəlir. Ermənistan sadəcə Türkiyəyə deyil, həm də qardaş Azərbaycana da təhdid yaradan bir ölkə olaraq çox açıq şəkildə ortaya çıxır. Bunlarla yanaşı, terror qruplaşmalarını dəstəkləyən qüvvələr də var. Onlar Avropa İttifaqına daxil olan ölkələrin kəşfiyyat xidmətləri balansında olaraq ön plana çıxırlar. Nəticədə, bu gün gəldiyimiz nöqtədə Türkiyənin ətrafında olan balanssızlıq və bundan qaynaqlanan dövlətlərin ölkəmizə qarşı ortaya qoyduqları düşmən mövqeyi fonunda terror qruplaşmaları təhlükəsizliyimizə ciddi təsir göstərirlər.

- Bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- 2016-cı ildə Türkiyədə çevrilişə cəhdin ardından Suriyada 4 bölgədə əməliyyatlara başladıq. İndiyə qədər İraqda da yeni əməliyyatlar keçirilir. “Fırat Qalxanı”, “Zeytun Budağı” “Barış Bulağı” və İdlibdəki əməliyyatların hamısında Türkiyə dövləti hər bölgəyə çox sayda əsgər göndərdi və terrorçulara böyük zərbələr vurdu. Həmçinin, Kandildə də əməliyyatlar həyata keçirdik. Ancaq bölgədə terror qruplaşmalarına birbaşa və ya dolayı yolla dəstək verən ölkələr var. Türkiyə bu ölkələrə qarşı da diplomatik hücumlar başlatdı. Burada İranı xüsusi qeyd etmək istəyirəm. İran son dönəmlərdə İraqda çox sayda terror qruplaşmasını dəstəkləyən, “çirkli pulları” təmizə çıxaran və bir çox qanunsuz fəaliyyətlə məşğul olan bir qruplaşma ilə bərabər hərəkət edir. Həmçinin, Türkiyə Süleymaniyyədən uçuşları və hava məkanından istifadəni qadağan etdi. Fikrimcə, Türkiyə terrora qarşı mübarizədə iradəsini ortaya qoyacaq geniş konsensusu ehtiva edən beynəlxalq təşkilatlara müraciət etməlidir. Bu nöqtədə Rusiyanın, İraqın oyuna daxil olması və Suriya ilə münasibətləri düzəltməyimiz lazımdır. Həmçinin, məcbur da olsa İran da bu məsələnin içərisinə daxil olmalıdır. Azərbaycanın da bu məsələdə Türkiyəyə dəstək verəcək “kilid ölkə” olacağına inanıram.

- Son vaxtlar Türkiyə ilə Yunanıstan arasında ciddi gərginlik var. Hətta müharibə ola biləcəyi ilə bağlı da iddialar səsləndirilir. Müharibə baş verə bilər?

- Müharibə nəzəriyyəsinə görə ancaq bərabər gücə sahib olanlar güclərini ortaya qoya bilərlər. Lakin hazırda ABŞ Yunanıstana dəstək versə də, Türkiyə ilə Yunanıstanın hərbi güclərinin tarazlanma ehtimalından söhbət belə gedə bilməz. Həm əhali sayına, həm işçi gücünə, həm də texniki qabiliyyətlərinə görə Türkiyə öndədir. üstəlik, ölkəmizin inkişaf etmiş mili müdafiə və silah sənayesi var. Yunanıstanın isə belə bir bacarığı yoxdur. Onlar sadəcə Fransanın ikinci əl təyyarələrini alır və ABŞ-ın verdiyi silahlardan istifadə edərək fərqli bir siyasət apararaq həyatda qalmağa çalışırlar. Yunanıstan Birinci Dünya müharibəsində olduğu kimi böyümə planlarını böyük güclərin üzərindən aparmağa çalışan bir ölkə görüntüsü yaradır. Hətta bu halı ilə Ermənistana çox bənzəyir. Bu cəhətdən Yunanıstanın Türkiyə ilə baş etməsi mümkün deyil. Türkiyənin iqtisadi, diplomatik və hərbi sahədə də üstünlüyü var. Ona görə də Yunanıstanın belə bir variantı seçəcəyini düşünmürəm. Amma ABŞ anti-Rusiya siyasəti apararaq bölgədəki varlığını gücləndirmək üçün gələcəkdə Montrö boğazlar konvensasiyasını pozmaq üçün yeni qapını Yunanıstanın üzünə açmaq istəyir. ABŞ-ın Aralıq dənizindəki balansı pozmaq üçün bu ehtimalı da həyata keçirə biləcəyinin altını cızmaq lazımdır.

- Türkiyənin xarici siyasətinin əsas mərkəzində olan ölkələrdən biri də Suriyadır. Türkiyənin təhlükəsizliyi ilə bağlı problemlərin əsas mənbəyi də məhz bu ölkədən qaynaqlanır. Rəsmi Ankaranın Suriya ilə bağlı strategiyası necə olacaq?

- Həm mövcud hökumət, həm də müxalifət suriyalıları qonaq etməyimizin artıq çox uzun olduğunu düşünür. üstəlik, Türkiyə buna görə iqtisadi, sosial və təhlükəsizlik baxımından çox sayda problemlə qarşılaşdı. Bu gün gəldiyimiz nöqtədə isə həm iqtidar, həm də müxalifət suriyalıların ölkələrinə geri qaytarılmasında həmfikirdirlər. Bununla bağlı addımlar da atılır. Lakin Suriyada hələ də sabitliyin olmaması çox ciddi bir problemdir. Hətta Türkiyənin sabitlik yaratdığı Suriya ərazilərində belə ciddi toqquşmalar yaşanır. Yəni atışmaların olduğu yerə bu insanları göndərmək doğru deyil. Bu sadəcə Suriyanın yaxşı niyyətlə qaçqınların geri qaytarılması planı ilə həyata keçirilə bilər. Bunun üçün də bəyannamə imzalanmalıdır. Əslində Moskvada keçirilən xarici işlər nazirlərinin iclasında da bu məsələ gündəmə gəldi. Fəqət Suriya Prezidenti Bəşər Əsəd son anda əlavə şərtlər irəli sürdü. O, son addımları ilə sanki İranın sözçülüyünü edir və bölgədəki bir çox diplomatik kanalı da qapadır. Bu səbəbdən Rusiya, Türkiyə, Suriya və İran arasında dördtərəfli işbirliyi siyasəti həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, ABŞ və İraq da proseslərə müdaxilə edərək bölgədə sülhün yaranmasının əngəlləməyə çalışır. Bu səbəbdən də proseslər olduqca ləng gedir. ümumiyyətlə, Suriyanın yeni konstitusiyasında da qaçqınlarla bağlı bənd olmalıdır. Köklü dəyişikliklər baş verməli və ölkədə sabitlik olmalıdır. Lakin hazırda bunu deyil, çox sayda təxribatçının prosesin içində olduğunu görürük.

- Son günlərdə Azərbaycanla İran arasında da gərginlik var. Türkiyədə bu məsələyə necə yanaşıldığını və sizin bu barədəki fikirlərinizi öyrənmək istərdim...

- Məncə, son dönəmlərdə Qərbi Asiyadakı ən ciddi və potensial toqquşma riski meydana gəlib. Çünki küncə sıxışdığını hiss edən İran, qarşısında isə mübarizəsində sonuna qədər haqlı olan Azərbaycan və daim qardaşının yanında olan Türkiyə var. Bütün bu baş verənlərə isə fürsət kimi baxan bir Ermənistan var. Kənardan da ABŞ, Rusiya və İsrail baş verənləri izləyir. Onların hamısı bölgədə İranın zəifləməsi üçün mütləq toqquşma olmasını istəyirlər.

Yəni İranda hakimiyyət dəyişikliyini və yenidən Pəhləvilərin iqtidara gətirilməsini hədəfləyirlər. Fəqət Rusiya bu plana müsbət yanaşmır. Bununla yanaşı, Laçın və Zəngəzur dəhlizi ilə reallıqları fonunda Azərbaycan xalqı artıq dözmək istəmir. Çünki müharibəni qazanmasına rəğmən sülh tərəfdarı Azərbaycandır, amma hələ də 10 noyabr Bəyanatının bəndləri yerinə yetirilmir. İran isə düşünür ki, Zəngəzur dəhlizi açılsa, bölgədən və Çinin Orta dəhlizindən kənarda qalacaq. Molla rejimi həmçinin İranın parçalanacağını belə düşünür və buna görə türkləri ən böyük təhdid olaraq görürlər. Ona görə də bu təhdidə qarşı bir cəbhə yaratmaq, Ermənistan və Rusiya ilə birlikdə hərəkət edərək bölgədəki mövcudluğunu gücləndirməyi baxımından hər cür çılğınlığı edə bilər. Lakin nə Azərbaycan, nə də Türkiyə bu məsələyə biganə qala bilər. Bölgədə Ermənistanı təhdid etmək və İrana addım atdıracaq şəkildə hərbi işbirliklərinə daha çox üstünlük verilməsinin lazım olduğu bir dönəmdən keçirik. Çünki qonşularımız başqa dildən anlamır.

- Lakin İran-Azərbaycan gərginliyi yaşanarkən Türkiyə rəsmilərindən bu məsələ ilə bağlı mövqe yoxdur. Sizcə, Türkiyə bu gərginlik fonunda hansı addımları atmalıdır?

- Hesab edirəm ki, bununla bağlı mütləq şəkildə Şuşa Bəyannaməsi kimi bir bəyannamə imzlanmalıdır. Xüsusilə sərhədlərin təhlükəsizliyi və üçüncü tərəflərin sadəcə sülh istiqamətində prosesə daxil ola biləcəyini dair bir bəyannaməyə ehtiyac var. Bunun Türkiyədən tərəfindən təklif edilməsi lazımdır. Şuşa Bəyannaməsinin bənzəri Türkiyədə, digəri isə Bakıda imzalanmalıdır. Bu məsələ gündəmə gətirilməli və bu istiqamətdə addımlar atılmalıdır. Həmçinin, Türk Dövlətləri Təşkilatı da bu gərginliklə bağlı ortaq bir açıqlama verməlidir. Bu təşkilat özündə 315 milyonluq türk dünyasını özündə ehtiva edir. Ərəblər və amerikalılar belə mütəffiqliklərindən illərcə istifadə ediblər. Biz isə eyni kökdən və milliyətdən olan dövlətlərin ittifaqı olduğumuz üçün Türk Dövlətləri Təşkilatı bölgədə çox önəmli bir təsir yaradacaq. Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm.

- Bildiyiniz kimi, Cənubi Azərbaycandakı soydaşlarımız öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparırlar. Necə düşünürsünüz, yaxın zamanda Cənubi Azərbaycan müstəqillik əldə edə bilərmi?

- Belə bir deyim var ki, cücə 21 gündə yumurtadan çıxır. Ancaq bir gün tez və ya gec olsa həmin cücə ölür. Yəni təbiətin qanunu deyir ki, hər şey mütləq zamanı gələndə icra edilməlidir. Hazırda Cənubi Azərbaycanla bağlı bütün məsələlər yaxından izlənilir. Məncə, Cənubi azərbaycanlılar müstəqillikləri uğrunda xeyli məsafə qət ediblər. Amma beynəlxalq hüququ da nəzərə alaraq doğru zamanı dəqiq seçmək və emosional davranmamaq lazımdır.

Azərbaycan kimi Cənubi Qafqazın böyüyən gücü və gələcəkdəki lideri olacaq, habelə türk dünyasına çox önəmli dəstək verən bir ölkəni diqqətli şəkildə toqquşma ehtimalına doğru aparmamaq lazımdır. Çünki İran toqquşmanı raket və nüvə silahının istifadə olunduğu müaharibəyə çevirə bilər. Ona görə də regional ittifaqların güclənmədən İranın parçalanması və ya toqquşmanın yaşanması ehtimalı ilə bağlı bəyanatlarda çox diqqətli olmaq və doğru zamanı gözləmək lazımdır.

- Azərbaycan və Ermənistan arasında gərginlik çoxdur. Erməni təxribatının davam etməsi nəticəsində ötən həftələrdə şəhidlər verdik və əsgərlərimiz əsir götürüldü. Belə bir vəziyyətdə sülh müqaviləsinin imzalanma ehtimalını necə dəyərləndirirsiniz?

- Məncə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması çox uzaq bir ehtimaldır. Çünki Zəngəzur dəhlizi hələ açılmayıb. Böyük bir türk dünyasının birləşməsi istiqamətində bu addımın atılması və sülh müqaviləsinin imzalanmasının önündəki ən böyük əngəl Rusiyadır. Amma Ukrayna müharibəsi fərqli istiqamətdə cərəyan edərsə, burada da bəzi məsələlər dəyişə bilər. Əgər Rusiya Ukraynada böyük bir məğlubiyyət yaşasa, Qarabağda türklərlə qarşı-qarşıya gəlməmək üçün Ermənistanı sülhə məcbur edə bilər. Fəqət İran da buna göz yummaq istəmədiyinə görə bölgədəki gərginlik davam edəcək. Yəni belə bir prosesin davam etdiyi yerdə qısa zamanda sülh müqaviləsinin imzalanması üçün heç bir ümid görünmür.

- Bölgədə gərginlik yaradan ölkələrdən biri də Fransadır. Son zamanlarda Fransanın Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi təpki çəkir. Rəsmi Paris bütün məsələlərə ikili standarlardan yanaşaraq, açıq şəkildə Ermənistanı dəstəkləyir. ümumiyyətlə, Fransa nə üçün belə addımlar atır?

- Avropadakı iqtisadi vəziyyət və Almaniyanın yüksəlməsinə görə Fransa öz iqtisadiyyatını gücləndirməyə çalışır. Bu həmlələr Çinə qədər gedib çıxır. Yəni yeni ticari və iqtisadi müqavilələr imzalamaqla fransız xalqı içərisindəki gərginlik də azaldılması hədəflənilir. Bu, Fransanın yeni xarici siyasətinin tərkib hissəsi olub.

Rəsmi Paris uzun illərdir Ermənistanla münasibətlərini daha çox inkişaf etdirir. Bununla yanaşı, Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyəti və bölgədə kəşfiyyat məlumatları əldə etməyə çalışmasını da bilirik. Prezident Emmanuel Makronun dönəmində isə Fransanın bu təxribatçı fəaliyyətləri pik səviyyəyə çatdı. Fransa Afrikadan istifadə etdiyi kimi Ermənistandan yapışaraq Cənubi Qafqazı da əldən buraxmaq istəmir. Əks təqdirdə, onların buradakı mövqeyini Almaniya ələ keçirəcək. Ona görə də bu, Fransa üçün qəbuledilən hesab olunur. Hətta bu, Makronun şəxsi çabalarına çevrilib. O, Fransadakı erməni diasporunu yanına alaraq bölgədə siyasi manevrə çalışır. Fransanın Türkiyə və Azərbaycan əleyhində siyasət aparmasının əsas səbəbi də sırf Ermənistandır. ASALA kimi terror qruplaşmasının uzun illər haradan dəstəkləndiyinə və PKK-nın hansı fransız şirkətlərindən istifadə etdiyinə baxdıqda, hər şey açıq şəkildə görünür.

Elmir Mustafa
Cebhe.info