"Qarabağda yaşayan ermənilərin gələcəkdə qazla təmin edilməsi..." - MÜSAHİBƏ

"Qarabağda yaşayan ermənilərin gələcəkdə qazla təmin edilməsi..." - MÜSAHİBƏ

“Rus sülhməramlılarının məsuliyyət zonasında qaz təchizatının Azərbaycan tərəfindən təmin olunması bölgədə təsir imkanlarımızın genişlənməsinə münasib şərait yaradacaq”.

Bu sözləri Cebhe.info-ya müsahibəsində politoloq Anar Əliyev yaxın gələcəkdə Qarabağ ermənilərinin Azərbaycan qazı ilə təmin olunması ehtimalına aydınlıq gətirərkən bildirib.

Anar Əliyev öz müsahibəsində Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin ilkin mərhələsində qaz və elektrik təchizatının əhəmiyyət kəsb etməsi ilə bağlı öz fikirlərini bölüşüb.

-Anar müəllim, Qarabağ iqtisadi rayonunda olan ermənilərinin qaz təchizatı məsələsində Azərbaycanın ciddi addım atması üçün zəmin yetişibmi?

-Azərbaycan Qarabağdakı erməni azlığın reinteqrasiya prosesində real addımlar atmağa başlayıb. Bakının bu prosesdə maraqlı olduğu xüsusilə aydındır. Martın 1-də Xocalıda rus sülhməramlılarının qərargahında dövlət qurumlarımızın rəsmiləri, eləcə də millət vəkilizimin iştirakı ilə ermənilərin nümayindələri ilə görüşlər keçirildi. Bu görüşdə Qarabağda erməni əhalisinin sosial problemləri daxil olmaqla, bir çox məsələlər müzakirə edilib. Hesab edirəm ki, bu, Azərbaycanın postmüharibə dövründə atdığı ən uğurlu addımlardan biridir. Bütün maneələrə baxmayaraq, Azərbaycanın dövlət rəsmiləri ilə erməni nümayəndələr arasında görüşlərin keçirilməsi reinteqrasiya prosesinin başladığını və geriyə dönüşün olmayacağını görsədir.

Eyni zamanda, Azərbaycan dövlət olaraq öz erməni əsilli vətəndaşlarının- əlbəttə ki, Azərbaycan xalqına qarşı cinayət törədən şəxslər istisna olmaqla- nəinki yanında olmağa hazırdır, həmçinin onların separatçıların girovluğundan xilas edilməsi, birgəyaşayışın və sülh mühitinin formalaşması istiqamətlərində zəruri addımlar atmaq iqtidarındadır. Bu gün də Prezident Administrasiyasının erməni icmasının nümayindələrini Bakıda görüşə dəvət etməsi təqdirəlayiq addımlardan biri kimi qiymətləndirilməlidir.

Bütün bunlarla yanaşı, atacağımız addımlardan biri də Qarabağdakı erməni əsilli vətəndaşlarımızın sosial problemlərinin həlli, hətta onların qaz və elektriklə təmini məsələlərinə diqqətin ayrılmasıdır. Qaz təchizatı məsələsində ciddi addımlar atıb böyük uğurlar və nəticələr əldə edə bilərik. Qarabağda erməni əsilli vətəndaşlarımızın elektrik və qaz təchizatı ilə bağlı problemlərinin Azərbaycan tərəfindən həlli istiqamətində müzakirələr aparılmalı və planlı tədbirlər həyata keçirilməlidir. Bu günə qədər Xankəndidə yaşayan erməniləri qazla Ermənistan təmin edir. Qarabağda yaşayan ermənilərinin Ermənistandan asılılığının aradan qaldırılması üçün bu yöndə addımların atılması zəruridir.

-Sizin fikrinizcə, Qarabağda yaşayan ermənilərinin reinteqrasiya prosesinin ilkin mərhələsində qaz təchizatı nə dərəcədə realdır?

-Qarabağda yaşayan sadə erməniləri Ermənistanın və separatçıların, eləcə də erməni diaspor təşkilatlarının təsirindən xilas edib Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək lazımdır. Lakin bunun həyata keçirilməsi üçün bir sıra mühüm addımların atılmasına ehtiyac var. Bu məsələnin nəticəyönümlü olmasından ötrü erməni əhalisinin nümayindələri ilə Azərbaycan cəmiyyəti arasında əlaqələrin qurulması, xalq diplomatiyasına əsaslanan davranışların nümayişi, o cümlədən Qarabağ bölgəsindən olan nüfuzlu Azərbaycan ziyalılarının keçmiş erməni qonşuları ilə təmasların qurulmasına doğru addımlar atılmalıdır.

Bu mənada qarşı tərəfdə etimad mühitinin formalaşdırılması və reinteqrasiya prosesinin sürətləndirilməsində Qarabağda yaşayan ermənilərin qaz təchizatı məsələsinin həlli əhəmiyyət kəsb edir. Əgər yaxın gələcəkdə belə bir addım atılarsa, buna müsbət yanaşacağam.

-Bu yöndə ilk addımı atmaq üçün Azərbaycanın dövlət rəsmiləri rus sülhməramlıları, yoxsa erməni nümayindələrlə görüşməlidir?

-Hesab edirəm ki, qaz və elektrik təchizatının təmin olunması yönündə addımların atılması Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi təsir etməklə yanaşı, bölgədəki proseslərə təsir imkanlarını da genişləndirəcək. Bunun üçün bizim hər hansı tərəflə, xüsusilə rus sülhməramlıları ilə məsələhətləşmələr aparmağımıza qətiyyən ehtiyac yoxdur. Çünki BMT-nin nizamnaməsinə əsasən, rus sülhməramlı qüvvələri yalnız bölgədə sülh yaratma və ya yaranmış sülhün möhkəmlənməsi istiqamətlərində addımlar atmalıdır. Digər məsələlər, xüsusilə kommunal və sosial problemlərin həllində görüləcək tədbirlər sülhməramlı missiyasına heç bir aidiyyəti yoxdur. Rus sülhməramlıları ilə bu məsələ barədə hər hansı danışıqların aparılması üçün heç bir hüquqi zərurət də yoxdur.

-Azərbaycan bu məsələni gündəmə gətirdiyi zaman Ermənistan tərəfindən problemlər yaradıla bilər?

-Azərbaycan tərəfi öz addımlarını genişləndirdikcə və intensivliyini artırdıqca, habelə Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə görüşləri davamlı apardıqca həm erməni separatçıları, həm də Ermənistandakı cinayətkar hərbi-siyasi rəhbərlik, onlara havadarlıq edən beynalxalq güclər tərəfindən sabotaj xarakterli hadisələr gözləniləndir. Hesab edirəm ki, martın 5-də baş verən təxribat martın 1- də Xocalıda keçirilən görüşə qarşı mesaj idi. Ona görə ki, Qarabağda yaşayan sadə ermənilərlə Azərbaycan arasında reinteqrasiya prosesi nə qədər sürətlə və çevik həyata keçiriləcəksə, bir o qədər də cinayətkar qrupların maraqlarını təmin edən imkanlar daralacaq. Həmin qüvvələrdən təxribatların gözlənilməsi istisna deyil.

Yunis Abdullayev
Cebhe.info