Razi Abbasbəyli: “Ölkəmizdə 5 milyondan çox insan...” - MÜSAHİBƏ

Razi Abbasbəyli: “Ölkəmizdə 5 milyondan çox insan...” - MÜSAHİBƏ

Dövlət Statistika Komitəsi bu ilin məşğulluq və işsizlik barədə göstəricilərini açıqlayıb.

Belə ki, 2024-cü il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 217,9 min nəfər olub.

Məhz qeydiyyata alınmış işsiz şəxslərin 41,8 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 435 manat olub.

Bildirək ki, bəzi iqtisadçı ekspertlər statistik göstəricilərin həqiqəti əks etdirmədiyini deyrlər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-nun suallarını cavablandırıb.

Onunla olan müsahibəni oxuculara təqdim edirik:

- Razi bəy, Azərbaycanda fəal işçi qüvvəsi nə qədərdir?

- Ölkəmizdə 5 milyon 250,2 min işçi qüvvəsi var. Çalışanların sayı 4 milyon 963,5 min nəfər təşkil edir. Azərbaycanda işsizlik nisbəti isə 5,5 faizdir. Dövlət büdcə təşkilatlarında çalışan işçiləri sayı 1 miyon 300 min nəfərdir. Qalan 3 milyon 600 min isə digər sektorda çalışan məşğul əhali sinifinə aid edilir. Lakin burada bir sıra şübhələr yaranır. Ümümiyyətlə, statistik məlumatlar hər zaman həqiqəti əks etdirməyib.

- Hazırda Azərbaycanda məşğul əhalinin sayı nə qədərdi?

- Ölkəmizdə çalışan fiziki və hüquqi şəxslərin ümumi sayını vergi ödəyicilərinin bazasından əldə edə bilərik. Belə ki, vergi ödəyən şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhz sahibkarlar vergi ödəyicisi kimi qeydiyyata düşür. Amma dövlət qurumlarında çalışam 1 miyon 300 min şəxsi çıxsaq, 3 milyon 600 min nəfərin faktiki olaraq rəsmi məşğul əhali olub-olmamasını araşdıra bilərik.

Lakin sahibkarları fəaliyyəti haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. Bildirilsə ki, nə qədər fiziki və hüquqi şəxs işə işçi kimi götürülüb, o zaman başqa bir mənzərə ilə qarşılaşarıq. Hazırda Məşğulluq Agentliyinin verdiy rəsmi statistikaya inansaq, o zaman ölkəmizdə bir nəfər də olsun işsiz olmamalıdır.

- Buradan da belə anlaşılır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı statistik rəqəmlər həqiqəti əks etdirmir?

- Xeyr. Bu rəqəmlər rəsmi rəqəmlərdir. 280 min işsiz kimi müraciət edib, işsiz kimi qeydiyyata düşmüş şəxslərdi. Qalan işsiz şəxslər isə işsiz kimi qeydiyyata düşmək istəməyənlərdir.

- İşsiz şəxslər nəyə görə qeydiyyata düşmək istəmir?

- Əvvəla ölkəmizdə işsizlərə hər hansısa bir müavinət verilmir. Eyni zamanda, işsiz kimi qeydiyyatdan keçənlərə də iş təklif olunmur. İnsanlar var ki, 5-7 ildir ki, işsiz kimi qeydiyyatdan keçib. Onlar bu günə kimi, nə işlə, nə də müavinətlə təmin olunublar. Lakin qanunvercilikdə yazılıb ki, işsiz bir şəxsi 1 il ərzində işlə təmin edilmirsə, o zaman ona müəyyən kompensasiyalar verilməlidir.

- Pandemiya dönəmində işsiz kimi qeydiyyata düşmək istəyənlərin sayı xeyli çox idi.

- Bəli. 2020-2021-çi illərdə işsizlərə birdəfəlik 190 manat müavinət müəyyən edilmişdir. Həmin dönəmdə 2 milyon 500 min adam 190 manat müavinəti almaq üçün Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciət edən işsiz şəxslərində 600 mininə birdəfəlik 190 manat ödənilmişdir.

- Bu gün ölkəmizdə işsizlərə müavinətlər verilsə, nə qədər insan işsiz kimi qeydiyyatdan keçər?

- Milyonlarla insan işsiz kimi qeydiyyatdan keçər. Məhz buna görə ölkəmizdə işsizliyə görə müavinət verilmir. Hazırda ölkəmizdə 5 milyondan çox insan məşğul əhali kateqoriyasına daxil edilməsinə heç kim inanmır.

Həsən Məmmədov
“Cebhe.info”