Razi Nurullayev: “Əli Kərimlinin göstərdiyi ucuz şou heç nəyə  yaramadı” - MÜSAHİBƏ

Razi Nurullayev: “Əli Kərimlinin göstərdiyi ucuz şou heç nəyə  yaramadı” - MÜSAHİBƏ

Ölkə gündəmi kifayət qədər zəngindir. 

Siyasi partiyaların qeydiyyat prosesi, referendum iddiaları, bölgədəki gərginlik və digər məsələlər gündəmin əsas mövzularıdır. Bütün bunlarla bağlı Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev Cebhe.info-nun suallarını cavablandırıb.

-Razi bəy, partiyaların qeydiyyat məsələsindən başlamaq istəyirəm. Proses necə keçdi, razı qaldınızmı?

-“Siyasi partiyalar haqqında” Qanun müzakirə edilməyə başlayanda bizim təkliflərimizdən biri üzvlərin sayının 10 min olması idi. O zaman bu, mənə çox asan görünürdü. Çünki bizim o zaman bəyan etdiyimiz 16 min üzvümüz var idi. Eyni zamanda, digər partiyalar 50, 100, 160, 200, 300 min üzvlərinin olduğunu deyirdi. Hesab edirdim ki, o partiyalar üçün də 10 min üzv formal bir məsələ olacaq.

Amma artıq bu prosesə başlayanda gördüm ki, çoxları bu işin öhdəsindən gələ bilməyəcək. Bu, onu da göstərdi ki, siyasi partiyalar çox ciddi bir qurumdur və onlara ciddi yanaşmaq lazımdır. İndi bu sınaqdan biz də keçdik və digər keçənlərin hamısını da təbrik edirəm. Proses normal keçdi. 

-Qanun layihəsinə partiyaların münasibəti birmənalı olmadı. Bəzi partiyalar bu qanunun onlara qarşı hazırlandığını iddia edirdilər. Amma qanuna etiraz edənlər də qeydiyyatdan keçdi. 

-Əvvəllər çox təəssüflər olsun ki, hər hansı bir təşəbbüs irəli sürüləndə, o təşəbbüsün iştirakçısı olmayanlar özlərinə qarşı “sui-qəsd”,  pərdəarxası hərəkət görürlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası, onun sədri Əli Kərimli, Milli Şura, bəzi vaxtlar digər partiyalar da başladılar ki, bu, onlara qarşı atılmış addımdır, qanunu onlara görə dəyişirlər ki, guya qeydə almasınlar, incitsinlər. Amma nə baş verdi? Heç də onların dediyi kimi olmadı. Əksinə, normal bir yanaşma oldu və onlar da qeydiyyatdan keçdi.

Onların da göstərdiyi ucuz şoular heç nəyə  yaramadı. Ona görə də ümumiyyətlə, prosesi normal hesab edirəm. Bu prosesin nəticəsində siyasi partiyalar öz gücünü bilməklə yanaşı, həm də öz üzvlərinin siyahısına bir düzən verdilər. İndi hər kəs bilir ki, nə qədər üzvü var, telefon nömrəsi nədir və nə ilə məşğuldur.

Amma indi sual da ortaya çıxır. 50, 100, 160 min üzvüm var deyənlər, məsələn, elə Əli Kərimli də, mən də o partiyada olanda deyirdik ki, 180 min üzvümüz var, bəs niyə Ədliyyə Nazirliyinə heç olmasa 60 min üzv siyahısı təqdim etmədi? Bu gün də 5 min yox, 30-50 min üzv siyahısı ilə qeydiyyatdan keçərdilər.

Belə görünür ki, uzun illər hamısı yalan danışmaqla məşğul olublar. Amma bu gün artıq bütün siyasi partiyalar bərabərləşdi. Heç kim deyə bilməz ki, mən filankəsdən güclüyəm, xalqa daha yaxınam, hörmətim daha çoxdur. Bu gün siyasi partiyaların hamısının eyni şəkildə 5 min üzvü var. Onu da güc-bəla ilə toplaya biliblər. Ona görə də indi hamı öz bəyanatına da, danışığına da, müsahibələrinə də çəki düzən versin.

-Artıq qeydiyyat prosesiniz bitdi, sonrakı mərhələ üçün Milli Cəbhə Partiyasının hansı planları var? Hansı addımları atmağı planlaşdırırsız?

-Təbii ki, “Siyasi partiyalar haqqında” Qanun üzərimizə müəyyən məsuliyyət və öhdəliklər qoyur. Onun üçün də biz hazırda partiyanın nizamnaməsini və proqramının dəyişilməsi ilə məşğuluq. Müəyyən bəndlər var ki, onlar çıxarılacaq və yeniləri əlavə ediləcək.

Bildiyiniz kimi, Milli Cəbhə Partiyası sosial-demokrat ideologiyasını seçib və bu da nizamnaməyə daxil ediləcək. O cümlədən, bizim nizamnaməmizdə Qarabağ probleminin həll olunması ilə bağlı bənd var idi, onu çıxaracağıq.

Yəqin ki, onun əvəzinə Zəngəzura və Qərbi Azərbaycana, Ermənistanın indiki ərazilərindən qovulan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması ilə bağlı müəyyən müddəalar əlavə edəcəyik. Təbii ki, partiya quruculuğu ilə də məşğul olacağıq. Partiya bundan sonra da dövlətçiliyin yanında olacaq, ümumilli məsələlərdə iqtidarı müdafiə edəcək. Milli Cəbhə Partiyası günü-gündən güclənməyi qarşısına məqsəd qoyub.

-“Siyasi partiyalar haqqında” Qanun yeni gündəmə gələndə sonrakı mərhələdə referendumun keçiriləcəyi və proporsional seçki sisteminin bərpa olunacağı ilə bağlı iddialar səslənirdi. Son günlər bu iddialar tez-tez gündəmə gəlir. Sizin bu barədə fikirləriniz maraqlı olardı, referendum keçirilməli, proporsional seçki sistemi bərpa olunmalıdırmı?

-Açığı Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı elə bir əlahiddə fikrim və oturuşmuş yanaşmam yoxdur. Əgər bununla bağlı müzakirələr aparılacaq və qərar veriləcəksə, bunun da öz üstünlükləri var. Amma bu gün referendum keçirilməlidirmi? Bu suallara bu gün cavab verə bilmirəm.

Çünki bu məsələdə çox danışılıb, dartışılıb, amma hələ ki, gördüyümüz kimi, rəsmi heç bir qərar yoxdur. Referendumun keçirilməsi üçün müəyyən bir stabillik, bəzi məsələlərdə aydın fikirlilik lazımdır. Bu məsələlərin həll olunmasında isə hesab edirəm ki, həm də Qarabağ məsələsi maneə yaradır. Biz Qarabağda separatizmin kökünü kəsməliyik.

Ola bilsin ki, bu məsələlərdən də bəzi məqamlar referenduma çıxarıla bilər. Ona görə də bu məsələlərin nə zaman baş tutacağını hakimiyyət, iqtidar bilir. Cənab Prezident bu məsələlərdən daha çox məlumatlıdır. Ona görə də biz bu məsələni tələsdirməyi təklif etməkdən çəkinməliyik. Lazım olacaqsa, keçiriləcək və biz də referendumla bağlı öz fikirimizi ortaya qoyacağıq. Bu gün isə bununla bağlı konkret fikrə malik deyilik. 

-Qarabağ məsələsinə toxunmuşkən, bu gün baş verənlərlə bağlı da fikirlərinizi bilmək istəyirik. Bölgədə müəyyən gərginlik var və Azərbaycan indiki durumda hansı addımları atacaq və ya atmalıdır?

-Azərbaycan bu gün doğru addımlar atır. Qarabağla bağlı düşünülmüş hərəkətlər edir. Qarabağda yaşayan ermənilərin, separatçıların və eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını heçə çıxarır. Onlara yardım lazım idisə, Azərbaycan və Rusiya ora yardım göndərir. Amma ermənilər Azəbaycanın yardımını qəbul etmirlər.

Belə görünür ki, onlar oyunpozanlıqla məşğuldurlar, separatizmi dərinləşdirmək istəyirlər. Azərbaycan da onların boynunda olan halqanı daha da darlaşdırmaqla məşğuldur.

Belə görürəm ki, orada separatizmə dəstək verən etnik ermənilər və separatçılar Azərbaycan qanunlarına tabe olmasalar, Azərbaycan mütləq şəkildə Xankəndinə qoşun yeritməlidir. Bununla bağlı da artıq aydın və konkret fikirlər var. Sadəcə olaraq yəqin ki, bir neçə gün də onlara zaman veriləcək, konkret olaraq reinteqrasiya ilə bağlı Azərbaycanla danışıqlar aparsınlar. Artıq onların keçirdiyi qondarma seçkini də bütün dünya pislədi. 

Vilayət Muxtar
Cebhe.info