Razi Nurullayev: "Dövlət qışda insanlara əlavə ödəniş etməlidir ki..." - MÜSAHİBƏ

Razi Nurullayev: "Dövlət qışda insanlara əlavə ödəniş etməlidir ki..." - MÜSAHİBƏ

Laçın yolunda azərbaycanlı ekoaktivistlərin aksiyası 26 gündür davam edir.

Aksiyaların hansı effekti oldu? Qarabağla bağlı prosesin gedişatı nə yerdədir? Azərbaycan antiterror əməliyyatı keçirəcəkmi? Eyni zamanda, ötən gün minimum pensiya və əməkhaqqı artırıldı. Bu artımlar bahalaşmanı kompensasiya edəcəkmi?

Bu və digər məsələlərlə bağlı Cebhe.info-nun suallarını Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev cavablandırıb.

-Razi bəy, Xankəndi-Laçın yolunda keçirilən ekoaksiyalar effekt verdimi? Necə düşünürsüz, bu aksiyalar nə qədər davam etməlidir?

-Laçın yolunda keçirilən aksiya təbii ki, effekt verib. Artıq bütün dünya bir daha əmin oldu ki, Azərbaycan Qarabağ, özünün ərzi bütövlüyü məsələsində qətiyyətlidir, heç bir güzəştdən söhbət gedə bilməz. Ermənistan Qarabağ üçün status istəyirdi, bu məsələdə ermənilərin dost ölkələri də onlara kömək göstərirdi. Bir daha sübut olundu ki, Azərbaycan bu məsələdə də qətiyyətlidir, öz torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.

Digər bir vacib məsələ isə Ruben Vardanyanın Qarabağda peyda olması ilə bağlıdır. Artıq birmənalıdır ki, Vardanyanı Azərbaycan qəbul etmir. Onunla heç bir söhbət aparıla bilməz. Vardanyan rədd olub getməlidir. Artıq Vardanyan da başa düşdü ki, onunla heç kim söhbət aparmayacaq və o, Qarabağda qızıl çıxarmaqla varidatını artıra bilməyəcək.

Bütün dünya da, Rusiya da bildi ki, Azərbaycan Vardanyanla danışıqlar aparmaq niyyətində deyil. Bu aksiya həm də onunla yadda qaldı ki, Ruben Vardanyanı ermənilərin gözündən saldı. Ermənistan hakimiyyəti ilə qondarma rejim arasındakı uçurumu daha da dərinləşdirdi, aralarnda nifaq və düşmənçilik yaratdı. Bu baxımdan hesab edirəm ki, Laçın yolundakı aksiya öz məqsədlərinə çatmaqdadır.

-Qarabağdakı separatçıların çıxışlarından, davranışlarından açıq şəkildə görünür ki, ermənilər maksimum dərəcədə sülhdən qaçmağa cəhd göstərirlər. Təxribatlar törədir, atəşkəsi pozurlar... Azərbaycan bütün bunların qarşısını almaq üçün antiterror əməliyyatları keçirə bilər və ya keçirməlidirmi?

-Azərbaycan antiterror əməliyyatı keçirməyə hər zaman hazırdır. Sadəcə olaraq, müəyyən bir məqam olmalıdır. Bu məqam ortada olan kimi, Azərbaycan addımlar atır. Bu, məsələn, ötən aylarda keçirilən əməliyyat idi, ikinci mərhələdə isə məqam yetişdi və Azərbaycan Ermənistanın təhlükə yaratdığı bütün yüksəklikləri nəzarətə götürdü.

Demək olar ki, artıq həmin yüksəkliklərdən Ermənistan bütövlükdə nəzarətdədir. Ona görə də artıq ora qayıdacaq keçmiş məcburi köçkünlərimizə ermənilər heç bir təhlükə yarada bilməz. Laçın şəhərini və yolu Azərbaycan vaxtından əvvəl azad etdi. Bunun özü də qiymətləndirilməlidir. Yəni Azərbaycan imkan düşən kimi bunları edir. Hesab edirəm ki, müəyyən bir məqamın, zamanın yetişdirilməsi üzərində iş gedir. Ondan sonra artıq Azərbaycan antiterror əməliyyatını da keçirəcək. Bu, mütləq şəkildə baş verəcək.

-Belə bir fikir var ki, Rusiya-Ukrayna müharibəsinin gedişatı Qarabağ məsələsində önəmli rol oynayacaq... Rusiya uduzsa, bu, Qarabağ məsələsində və ümumilikdə bölgədə nəyi dəyişəcək?

-Rusiya-Ukrayna müharibəsinin də Qarabağdakı proseslərə hansısa yöndə təsiri ola bilər, amma mən bunu əsaslı saymıram. Çünki Azərbaycan artıq Rusiya ilə mövqeyini kifayət qədər müəyyənləşdirə bilib. Rusiya da bilir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Rusiya bunun üçün müəyyən cəhdlər etdi, sonuncu görüşdə də cənab Prezident birbaşa Putinin üzünə dedi ki, Qarabağ məsələsi bitib, artıq bunu müzakirə etməyə ehtiyac yoxdur. Yəni mesajlar qətiyyətli verilib.

Hesab edirəm ki, Azərbaycan 5 ilin tamamında Rusiya sülhməramlılarının mandatını dayandıra bilər. Gözləntilərim bundan ibarətdir. Amma təbii ki, Rusiya artıq əvvəlki gücündə deyil, xeyli zəifləyib, nüfuzdan düşüb. Ukrayna ilə müharibədə də uduzması təbii ki, Rusiyanın əl-qolunu kifayət qədər bağlaya bilər. Digər tərəfdən isə əgər Rusiya məğlub olarsa, indiki Putin iqtidarının da hakimiyyətini davam etdirməsi real görünmür. Amma sonrakı hakimiyyət də imperiya, millətçilik hissləri üzərində olacaqsa, o zaman problemlər davam edə bilər. Əgər yeni hakimiyyət Avropa ilə əməkdaşlıq yolunu tutarsa, inkişaf yolunu seçərlərsə, o zaman hesab edirəm problemlər də olmayacaq.

-Bir az da sosial məsələlərə toxunmaq istəyirdim... Pensiyaların, maaşların minimum həddi artırıldı... Bu artım bahalaşmanı kompensasiya edirmi?

-Cənab Prezidentin sərəncamı ilə əmək pensiyaları, müavinətlər, minimum əməkhaqları artır. Bu, sevindirici xəbərdir. Təbii ki, nə qədər artım olsa da, bu, insanların ehtiyacını ciddi şəkildə ödəyə bilməz. Sadəcə olaraq bütün bunlar insanların problemlərinin yüngülləşdirilməsi məqsədini güdür ki, bunu da alqışlamaq lazımdır. Hazırda cənab Prezident Nazirlər Kabinetinə məsələlərin həlli ilə bağlı 10 gün zaman verib və onlardan cavab gözləyir.

Təklif edirəm ki, Nazirlər Kabineti Prezidentə verəcəyi tövsiyələrin içərisində hər bir rayonda 3-7 min arasında sosial durumu ağır olan insanlar haqqında da məlumat da yer alsın. Çünki onlara yardım olunmasa, onlar dolana bilməzlər. Onun üçün də hesab edirəm ki, həmin o təbəqənin də dövlət tərəfindən sosial paket halında yardım alması çox yaxşı olardı. Hər bir rayonda belə insanlar var.

Deputat olaraq insanlarla görüşürəm və bunları görürəm. İnsanların ünvanlı sosial yardım almaqla bağlı da problemləri var. Çünki indiki qanunun tələb etdiyi sənədlər var ki, insanlar onu ala bilmir. Bunu parlamentdə də demişəm. Onun üçün də rayonlardakı 3-7 min arası insanların da dövlət tərəfindən sosial yardım alması Nazirlər Kabinetinin təkliflərinin içində olarsa, insanlara çox kömək etmiş olardı.

-Sizin təklifləriniz maraqlı olardı... Maaşların, pensiyaların hansı ölçüdə artırılması sosial baxımdan qənaətbəxş olardı?

-Təbii ki, artımlar daha da çox olmasını istərdik. Amma bunu deməklə də olmur. Hökumət, Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar bilir ki, dövlət büdcəsinə nə qədər vəsait daxil olur. Gəlirlərimiz nə qədərdir, hansı vəsitələrdən daxilolmalar olacaq və bunun müqabilində Nazirlər Kabineti təkliflər verir ki, pensiya, müavinətlər nə qədər artırıla bilər.

Düşünürəm ki, Neft Fondu və dövlətin digər maliyyə qaynaqları hesabına xüsusilə də qış aylarında insanlara əlavə ödənişlər etmək yaxşı olardı. Hansı ki, yanvar, fevral, mart, aprel aylarında insanların kommunal xərcləri daha çox olur, onları qarşılamaq üçün dövlət büdcəsindən kənar qaynaqlar hesabına əlavə ödənişlər edilə bilər. May ayından isə kommunal xərclərin azaldığı, nüsbətən ucuzlaşma baş verdiyi üçün insanların sosial durumu qaydaya düşür.

Vilayət Muxtar
Cebhe.info