Razi Nurullayev: "Nəqliyyatda qiymət artımı olsa, sosial narazılıq yaranacaq" - MÜSAHİBƏ 

Razi Nurullayev: "Nəqliyyatda qiymət artımı olsa, sosial narazılıq yaranacaq" - MÜSAHİBƏ 

Son illər paytaxtın ictimai nəqliyyat problemi həlli olmayan məsələyə çevrilib.

Bir neçə ildir ki, Bakıda eyni vəziyyət hökm sürür, yəni vətəndaşlar uzun müddət dayanacaqlarda gözləməli, avtobuslar isə gec gəldiyi üçün sərnişinlər bir neçə avtobusu “yola salmalı” olurlar. Eləcə də tıxaclarla bağlı saatlarla avtobusun içində yolun açılmasını, mənzil başına nə vaxt çatcaqlarını gözləyirlər. Hətta müvafiq qurumlar özləri də hər gün gecikən avtobuslarla bağlı statistik rəqəmi təqdim edir.

Son vaxtlar bu sahədə vəziyyət o həddə çatıb ki, Nazirlər Kabinetində iclas keçirilsə də, nəticə hələ görünmür. Artıq bir müddətdir ki, bu sahəyə məsul qurum olan Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Ancaq ictimai nəqliyyatla bağlı problemlərlə barədə hansı quruma müraciət etsək də, təhvil-təslim prosesinin davam etdiyi deyilir.

Xarici ölkələrdə ictimai nəqliyyatla bağlı müəyyən güzəştlər tətbiq edilir. Məsələn, Lüksemburq 2020-ci ictimai nəqliyyatdan pulsuz istifadəni tətbiq edən ilk ölkə olub. Bundan başqa Estoniyanın paytaxtı Tallində də bu qayda tətbiq edilir.

Eləcə də bir çox ölkələrdə bəzi vətəndaşlara ictimai nəqliyyatda müəyyən güzəştlər tətbiq edilir. Məsələn, Türkiyədə yaşı 65-dən yuxarı olan vətəndaşlara verilən nəqliyyat kartları onların şəhər daxilində pulsuz daşınmasına imkan verir.

Yaxud “sosial kart akbil” adlanan kartlar yaşlılara, veteranlara və şəhid qohumları olan insanlara verilir ki, dövlət tərəfindən verilən bu “akbil” əyalət və rayonlarda pulsuz ictimai nəqliyyat xidmətləri təqdim edir. Müxtəlif bölgələr isə ayrı-ayrılıqda tələbələr üçüb güzəştlər tətbiq edir.

Bugünlərdə Ordunun Altınordu rayonunda ictimai nəqliyyatdan istifadə edən tələbələrə 48 faiz endirim edildiyi bildirilib. Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Hilmi Gülər ictimai nəqliyyatdan istifadə edən və “Ordumkartı” olan tələbələrin daha əvvəl 4,80 lirə olan ictimai nəqliyyat haqqını 2 lirə 50 qəpiyə endirdiklərini bildirib.

Ancaq ölkəmizdə nəinki ictimai nəqliyyatın problemi həllini tapmır, güzəştdən söhbət belə gedə bilməz. Bu sahədə mövcud problemlərlə bağlı müsahibimiz millət vəkili Razi Nurullayevdir:

- İctimai nəqliyyat probleminə dəfələrlə toxunulsa da, hələ də heç bir yenilik müşahidə edilmir. Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilməsindən uzun müddət keçsə də, məsələ həllini tapmır. Bu problem nə vaxta qədər davam edəcək?

- Ölkədə ictimai nəqliyyatla bağlı ciddi problemlər var və bunu hər kəs bilir, hətta dəfələrlə Milli Məclisdə bu məsələ qaldırılıb. Bu günə qədər də nəqliyyatla bağlı məsuliyyətli qurumun tam olaraq sənədləşdirilib, digər quruma təhsvil verilməsinin başa çatmaması problemlərin daha da dərinləşməsinə səbəb olub.

Başqa ölkələrdə tıxacların qarşını alan səbəblərdən biri də ictimai nəqliyyatın effektiv işləməsidir. Bizim ölkəmizdə isə ictimai nəqliyyatın effektiv işləməsindən söhbət gedə bilməz. Gecikmələr, tıxaclar, avtobusda sərnişinlərin bəzən qapıdan tutub asılı vəziyyətdə getməsi, hətta “pik” saatlarında gördüyümüz mənzərə Hindistanı xatırladır. İnsanlar az qalır ki, avtobusların üzərində də getsin və bunun üçün onları qınamaq da olmaz.

Çünki insanlar 8-10 saat işləyir, işə tez çatmaq, yaxud işdən sonra da evinə tez çatıb ailə qayğıları ilə məşğul olmaq istəyir. Ancaq saatlarla tıxaclarda qalır, avtobus gözləyir, əsəbləri pozulur. Bu baxımdan da bəlkə də 20 ildən çoxdur ki, ictimai nəqliyyatın effektiv işləməsi üçün konkret addımlar atılır, dövlət tərəfindən subsidiyalar, vəsaitlər ayrılır, minlərlə vədlər verilir, ancaq bu problem həllini tapmır. Sanki bu məsələlər gündən-günə daha da qəlizləşir. Hökumət bununla ciddi məşğul olmalıdır.

- Bəzən bu problemlə bağlı bildirirlər ki, paytaxtın mərkəzində yerləşən ali təhsil ocaqları, müəssisələr ictimai nəqliyyatın hərəkətinə mane olur, tıxac yaradır. Doğrudanmı həmin obyektlərin şəhərin mərkəzindən köçürülməsi bu sahədə mövcud problemi aradan qaldırar?

- Bu təkliflərdə müəyyən əsaslar ola bilər. Ancaq bu təklifi verərkən düşünmək lazımdır ki, bir universitetin mərkəzdən kənara çıxarılıb, yerləşdirilməsi, infrastrukturunun yaradılması üçün böyük büdcə vəsaitləri, ən azı 4-5 il vaxt lazımdır. Mərhələ-mərhələ, 2-3 ildən bir hansısa universitetin köçürülməsi ilə bağlı qərar qəbul oluna bilər.

ümumiyyətlə, bu, büdcənin üzərində böyük yükdür. Universitetlərin özlərinin isə öz kabpuslarını, binalarını şəhərdən kənarda tikmək üçün maddi imkanı yoxdur. Ona görə də bu təklifi vermək sadəcə təklif xatirinədir. Kim onu hansı qərarla, hansı pulla köçürəcək? İctimai nəqliyyatın problemini isə yaxın vaxtlarda həll edib bitirmək lazımdır. Biz məsələnin həllini universitetlərə bağlasaq, bu, 15-50 il çəkər.

- Daşıyıcı şirkətlər bildirdilər ki, nəqliyyat probleminin həllini qiymət artımında görürlər. Sizin fikrinizcə, nəqliyyatda qiymət artımı problemin həllinə gətirib çıxaracaqmı?

- Əslində ödənişin artırılması ilə bağlı tələb ona görə irəli sürülür ki, sərnişin daşınması ilə məşğul olan şirkətlərə işləmək, avtobusları yeniləmək, yeni avrobuslar almaq effektiv, səmərəli olsun. İndiki daşınma xərcləri ilə onlar böyük vəsait toplayıb, öz bazalarını yeniləməyə qadir deyillər. Məhz elə bu səbəbdən qiymətlərin artmasının qarşını almaq, daşıyıcı şirkətlərin qiyməti artırmaması üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan kifayət qədər vəsait ayrıldı ki, yeni avtobuslar alınsın və “Baku-Bus” MMC yaradıldı. Məhz dövlətin ictimai nəqliyyat parkının yenilənməsinə ayırdığı vəsait böyük rəqəmdir.

Əslində dünyanın heç bir ölkəsində dövlət özü ictimai nəqliyyatın alınması üçün pul xərcləmir. Əsasən onu özəl şirkətlər idarə edir, əgər dövlət idarə edirsə, ictimai nəqliyyatın qiymətini öz xərclərinə uyğunlaşdırır. Bu baxımdan götürsək, qiymətlə bağlı məsələyə düzgün yanaşmadır.

Digər tərəfdən götürsək, o qiymətlər artsa insanların onu ödəməyə imkanı varmı? Əlbəttə ki, yoxdur. Burada çox təzadlı bir məsələ yaranır. Bir tərəfdən ictimai nəqliyyat parkının yenilənməsi və xidmətin yaxşılaşdırılması üçün hazırkı qiymətlər sərf etmir, səmərəli deyil. Demək, dövlət büdcəsindən subsidiyalar ayrılmalıdır, ancaq bu subsidiyalar da effektivliyi təmin etmir. İkincisi isə demək vəziyyət bu şəkildə də davam etməli və insanlar da dözməlidir ki, “ucuz ətin şorbası olmaz”.

Məsələ orasındadır ki, bizim insanların yüksək qazancı yoxdur. Azərbaycan insanların əməkhaqqı o qədər yüksək olan ölkələr sırasında deyil. Zaman-zaman əməkhaqqı, müavinətlər artırılır. Eləcə də rəqabətli iş mühiti də yoxdur. İnsanların aylıq qazancı, dövlətin insanlara verdiyi müavinət və pensiyaların həcmi artırılacaq xərclərə uyğun gələrsə, o zaman təklif olunan artıma getmək olar. İndiki halda isə bu mümkün deyil, hökumət də bunu başa düşür. O ki qaldı özəl şirkətlərə, onlar qazanc güdür.

Onlar zamanında çox böyük pullar qazanıblar. Qiymətlər 20-30 qəpik olsa da, həmin vaxt həm benzin ucuz olub, həm sovet dövründən qalan keyfiyyətsiz avtobuslar, kiçik marşrutlarla işləyib, vergidən yayınıblar. Bir çox məsələlərə göz yumulub, kimlərinsə cibinə pul qoyublar, böyük pul qazanıblar.

Ancaq indi onlar da böyük pul qazana bilmədiklərinə görə narazıdırlar və avtobus parklarını yeniləmir, avtobusları təmir etmir, qiymətlərin artırılmasını tələb edirlər. Təbii ki, öz qazancını artırmaq istəyir, vətəndaşların isə onların qazancını artırmaq üçün ciblərində kifayət qədər qazanc yoxdur.

- Yeri gəlmişkən, bir sıra ölkələrdə, məsələn, Türkiyədə tələbələrə, təqaüdçülərə ictimai nəqliyyatda müəyyən güzəştlər var. Bizim ölkədə də bunun tətbiqi mümkündürmü?

- Niyə də mümkün olmasın? Azərbaycanın belə bir təcrübəsi yoxdurmu? Azərbaycanın tələbələrə, təqaüdçülərə, müəyyən həssas qruplara güzəştlər, bəzi kitabçalar təqdim etməklə ictimai nəqliyyatdan pulsuz istifadə kimi təcrübəsi hələ sovet dövründən var. Müstəqillik dövründə də bunlar tətbiq olunmuşdu.

Hazırda ölkədə kifayət qədər ictimai nəqliyyatdan istifadə edən və güzəştlər tətbiq olunacaq təbəqə var. Bu baxımdan özəl şirkətlər buna narazılıq edəcək. Onlar istəyəcəklər ki, xərci dövlət ödəsin. Əgər dövlət ictimai nəqliyyatda olan tarifləri qaldırarsa, özəl şirkətlər bununla razılaşa bilər. Ancaq indiki halda bununla razılaşmayacaqlar. Bu gün tələbələrin sosial vəziyyəti çox ağırdır, aldığı təqaüd çox azdır, valideynlərin dəstəyi onların tələbə kimi yaşamasına kömək etmir.

Dərsdən sonra işlmək imkanları da zəifdir. Onlar ancaq ofisiant işləyə bilərlər ki, hansısa restoranda bu sahədə çalışmaq üçün böyük rəqabət var. Bu baxımdan istəyərdim ki, bu cür təbəqələr müəyyənləşib, onlara ictimai nəqliyyatda güzəştlər tətbiq olunsun. Bununla yanaşı, düşünmək də lazımdır ki, sərnişin daşınması ilə məşğul olan şirkətlər buna razı olacaqmı?

Sərnişin daşınması ilə məşğul olan özəl şirkət həm öz xərclərini ödəməyə çalışır, həm də qazanc götürmək üçün işləyir. Əgər onlar olmayacaqsa, xidmət daha da aşağı düşəcək, avtobuslar sıradan çıxacaq, zamanında heç kim işə gedib mənzil başına çata bilməyəcək. Bu məsələnin kökü o qədər dərinləşib ki, həlli yollarını görmək olmur.

Həqiqətən də həlli yollarında biri kimi qiymət artımı olarsa, bu zaman da insanları məhv etmiş oluruq. Böyük sosial narazılıq yarana bilər. Ona görə də böyük bir susqunluq yaranıb. Bu gün hər kəs baxır ki, mövcud vəziyyəti irəli aparmaq lazımdır, insanlar da dözsün. Çünki indiki halda qiymətləri artırmaq mümkün deyil. İlk növbədə insanların qazancı, müavinəti, pensiyası artmalıdır. Nəqliyyat xərci də artanda insanlar narazılıq etməməlidir ki, bunu nə ilə ödəyəcəyəm.

- Belə görünür ki, ictimai nəqliyyatla bağlı mövcud problemlərin həllini aidiyyəti qurumlar bir-birinin üzərinə atmaqla məşğul olduqca, iclaslar nəticə vermədikcə vətəndaşlar əziyyət çəkməkdə davam edəcək?

- Bu dartışma o vaxta qədər davam edəcək ki, bir də görəcəyik ictimai nəqliyyatın tarifləri artırılıb. Çünki vəziyyət buna gedir. Bu məsələdə olan sosial narazılığı aradan qaldırmaq üçün hökumət ilk növbədə gecə-gündüz vətəndaşların qazancını artırmaq haqqında düşünməlidir. Daha çox pul kütləsi olan yerdə daha yaxşı həyat şəraiti olur.

Bu gün insanların cibində 1 qəpik yox, qiymətlər artırsa, insanlar bununla yaşaya bilməyəcək və sosial narazılıq yaranacaq. Ona görə də həm vətəndaşların da razı salacaq dərəcədə xidmətlərin keyfiyyətli olması üçün qiymət artımı olmalıdır. Qiymət artımın olmasından öncə vətəndaşların qazancı artırılmalıdır. İndiki məqamda da qiymət artımına getmək mümkün deyil. İnsanların qiymət artımına heç dözümü yoxdur.

Nigar Abdullayeva
Cebhe.info