Rüsum artarsa, boşanma azalacaq? - MÜSAHİBƏ

Rüsum artarsa, boşanma azalacaq? - MÜSAHİBƏ

Rəsmi statistika göstərir ki, Azərbaycanda boşanmalar hər il artır.

Təkcə cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halları qeydə alınıb. 

Dünya ölkələrində boşanmaların azaldılması istiqamətində müəyyən addımlar atılır. Məsələn, Rusiyada evli cütlüklərin boşanmazdan əvvəl psixoloqla məsləhətləşmələri istiqamətində qanun layihəsi hazırlanıb. 

Qeyd olunur ki, deputat İqor Antropenko Dövlət Dumasına təqdim etmək üçün qanun layihəsi hazırlayıb. Sənədə görə, azyaşlı uşaqları olan ər-arvad boşanmazdan əvvəl psixoloji məsləhətləşmədən keçməlidirlər. 

Həmçinin, ər-arvaddan birinin boşanmağa razı olmadığı cütlüklər üçün məsləhətləşmələr məcburi olacaq.

Bundan əvvəl Tatarıstan Respublikasında uşaq hüquqları üzrə müvəkkili İrina Volınets Dövlət Dumasına Rusiyada boşanma və tənhalıq təbliğatının qadağan edilməsi təklifi ilə çıxış edib. O, bu təşəbbüsü ölkədə sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm addım adlandırıb.

Bundan əvvəl, Federasiya Şurasının boşanma haqqının səkkiz dəfə - beş min rubla qədər artırılmasını təsdiqlədiyi bildirildi. Dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Maraqlıdır ki, Azərbaycanda da bunabənzər addımın atılması boşanma statistikasını azalda bilər? 

"Cebheinfo.az" məsələ ilə bağlı mediator Fərhad Mehdiyevlə müsahibəni təqdim edir:

– Fərhad bəy, Azərbaycanda evli cütlüklərin boşanmazdan əvvəl psixoloqla məsləhətləşməyi boşanmaların sayını azalda bilər?

– Cütlüklərin evlənməmişdən əvvəl psixoloqla məsləhətləşməsi boşanmaların sayında 10-15% fərq göstərə bilər. Yəni bu, heç bir halda 20%-i keçə bilməz. Çünki boşanma səbəblərinə baxanda, heç də onların hamısı konkret bir səbəblə əlaqəli olmur. Elə olsaydı, psixoloqların təsiri daha çox olardı. Bir çox hallarda cütlüklər arasında kritik bir məsələ olur, onlar bir şəkildə barışsalar da, məsələnin yaraları qalır.
 
Bu da münasibətə təsirini göstərir və bir müddət sonra tərəflər arasında münasibət tamamilə zərər görür. Bu, çox sıx görürən boşanma konyukturasıdır. Lakin qeyd edim ki, çox yaxşı psixoloji xidmət olsa, 20% az göstərici deyil, yaxşıdır.

– Psixoloji xidmət olarsa, ödənişini vətəndaşlar ödəyər?

– Vətəndaşlar üçün psixoloqa ödəniş vermək bir az sıxıntılı məsələdir. 

Bəllidir ki, ölkədə dövlət rüsumları, mediasiya var. Bir də pullu bir psixoloji məcburiyyət gətirmək uyğun olmaya bilər. Çünki ailəsi dağılan şəxslərin maddi vəziyyəti o qədər də yaxşı olmur.

– Dövlət rüsumunun artırılması boşanmaların sayını azalda bilər? Yoxsa boşanmaq istəyən mütləq bir yolunu tapıb boşanacaq?

– Boşanmalar üçün dövlət rüsumu artsa, nikahların sayında az da olsa, azalma müşahidə edilər. Onsuz da insanlar boşanmanın problemli tərəflərini bilir. Əlavə olaraq dövlət rüsumu da artsa, bu, təbii ki, nikaha daxilolmada azalma yarada bilər. Bununla yanaşı, dövlət rüsumu artarsa, kasıb ailələr boşanmaya müraicət edə bilməyəcəklər. Bu da məişət zorakılığı olan yerlərdə zorakılığın artmasına şərait yarada bilər. Dövlət rüsumu artarsa, hüquqi yardımlar da genişləndirilməlidir.

Ləman İsmayıl
"Cebheinfo.az"