Səməd Seyidov: “Azərbaycan və Cənubi Qafqaz üçün yeni tarixi dövr başlayıb” - MÜSAHİBƏ

Səməd Seyidov: “Azərbaycan və Cənubi Qafqaz üçün yeni tarixi dövr başlayıb” - MÜSAHİBƏ

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfər edib.

Səfər çərçivəsində dövlət başçısı Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer, kansler Olaf Şolz və digər yüksək çinli məmurlarla görüşüb. Görüşlərdə hər iki tərəf arasında ikitərəfli münasibətlərin bütün sahələri, xüsusilə iqtisadi və enerji təhlükəsizliyi ilə bağlı ətraflı müzakirələr aparılıb.

Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin Almaniyaya tarixi səfəri münasibətlərin inkişafına və şaxələnməsinə daha da müsbət təsir göstərəcək.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət rəsmilərinin Almaniya ilə apardığı məhsuldar müzakirələr hər iki dövlət arasında yeni razılaşmaların əldə olunmasına sövq edəcək. Məlumdur ki, Almaniya həmçinin Avropa İttifaqının Azərbaycanla enerji əlaqələrində əhəmiyyətli rol oynayır.

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Cebhe.info-ya müsahibəsində Azərbaycanın Avropa İttifaqı və Almaniya üçün xüsusi əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında potensialı barədə öz fikirlərini bölüşüb.

-Sizin fikrinizcə, Azərbaycan həm Almaniya, həm də Avropa İttifaqı üçün nə dərəcədə önəmli tərəfdaşdır?

-Azərbaycan hər iki tərəf üçün həddən artıq vacib və əhəmiyyətli tərəfdaşdır. Cənab Prezident Almaniyaya səfəri zamanı bu ölkənin dövlət rəhbərləri ilə görüşüb və onlarla ikitərəfli münasibətlərlə bağlı müzakirələr aparıb. Çox təəssüflər olsun ki, səfər zamanı Avropa Parlamentində Azərbaycan əleyhinə riyakarlığa və qərəzliyə əsaslanən qətnamə gündəmə gətirilib. Lakin Avropa Parlamentində bir çox ünsürlər, xüsusilə fransız deputatlar Azərbaycanın əhəmiyyətini, təqdirəlayiq rolunu və çəkisini aşağı salmaq niyyətində olsalar da, hətta ölkəmizə qarşı ittihamlar səsləndirsələr də, müzakirələrin sonunda onların bütün çabaları boşa çıxıb. Çünki bu prosesə cavabdeh olan Avropa İttifaqının komissarı onlara cavabında çox yaxşı başa saldı ki, Azərbaycan onlar üçün əhəmiyyətli tərəfdaşdır və ittifaq olaraq Azərbaycanla yüksək səviyyəli münasibətləri davam etdirəcəklər. Ermənilərin havadarları, demək olar ki, məyus qalıblar.

Cənab Prezidentin Almaniyada çox müsbət və yüksək səviyyədə qarşılanması, bu ölkənin rəhbərləri ilə səmimi görüşləri, o cümlədən Avropa İttifaqının ölkəmizə münasibəti ona dəlalət edir ki, həm Azərbaycan, həm də Cənubi Qafqaz regionu üçün artıq yeni tarixi dövr başlayıb. Bu tarixi dövrün iki əsas əlaməti var. Birincisi, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda ən güclü, qüdrətli dövlətə çevrilib. İkincisi, Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın və yerləşdiyimiz regionun iqtisadi əhəmiyyətinin artması Avropanın diqqətində xüsusi yer tutur. Yaddan çıxarmaq olmaz ki, Rusiya və İran sanksiyalar altındadır. Bu nöqtəyi-nəzərdən qitələrarası əlaqələrin formalaşmasında mühüm imkanlara malik olan yeganə ölkə Azərbaycandır.

-Avropa İttifaqının enerji təhlükəsiziyinin təmin olunmasında Azərbaycan nə dərəcədə önəmli potensiala malikdir?

-Azərbaycanın bu məsələdə rolu getdikcə artır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Avropanı enerji mənbələri ilə təmin etməklə yanaşı, Brüssellə bərabər yaşıl enerji üzrə layihələr həyata keçirir. Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstanın iştirakı, o cümlədən Avropa İttifaqının maliyyə və logistik dəstəyi ilə Qara dənizin altından yaşıl enerjini təmin edən elektrik kabellərinin çəkilməsi həm Avropa, həm də Cənubi Qafqaz regionu üçün yeni perspektivlər açacaq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, eləcə də yaşıl enerjinin işə salınmasına böyük töhfə vermək iqtidarındadır.

-Azərbaycan və Avropa İttifaqı arasında enerji münasibətlərinin inkişafında Almaniyanın rolunu necə qiymətləndirərdiniz?

-Hesab edirəm ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji münasibətlərində Almaniyanın rolu xüsusi əhəmiyyət kəsb edir. Burada söhbət təkcə Azərbaycanın enerji resurslarının Almaniyaya çatdırılmasından getmir. Nəzərə almaq lazımdır ki, Almaniyada texnologiya ən yüksək səviyyədə inkişaf edib, həm də Almaniya Avropanın sənayesində ən aparıcı rol oynayan ölkədir. Bununla bərabər, Almaniya nəinki iqtisadi, hətta siyasi cəhətdən də Avropa İttifaqında qüdrətli ölkə hesab olunur. Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olması hər iki dövlət üçün həddən artıq əhəmiyyətlidir.

-Sizcə, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında Almaniya Fransanı əvəz edə bilər?

-Avropa İttifaqının xüsusiyyəti ondan ibarətdir ki, Brüssel ittifaqa üzv olan bütün ölkələrin mövqeyini öz xarici siyasətində ehtiva edir. Biz Avropa İttifaqının təklif etdiyi Brüssel formatına müsbət mövqe sərgiləyirik. Təəssüflər olsun ki, Paşinyan dünənki mətbuat konfransında bu formatdan narazılığını bildirib. Bu, ona dəlalət edir ki, Paşinyan yenə də öz sözünün üstündə durmur, vədlərinə əməl etmir. Ölkəmizin rəhbərliyi Avropa İttifaqının təşəbbüsü ilə aparılan sülh danışıqlarında Almaniyanın hər hansı rolunu yüksək qiymətləndirə bilər.

Lakin Azərbaycan-Ermənistan sülh prosesində Avropanın hər hansı ölkəsinin vasitəçilik ehtimalı ilk növbədə ciddi şəkildə müzakirə olunmalıdır. Gördük ki, vasitəçilik missiyasını aparan Fransa açıq şəkildə tərəf tutaraq Ermənistanın yanında oldu. Məhz buna görə Fransa sülh danışıqları prosesindən kənarlaşdırılıb. Hər hansı ölkə bu sülh prosesində vasitəçilik etmək niyyətindədirsə, ilk növbədə öz neytral mövqeyini büruzə verməlidir. Hesab edirəm ki, bu prosesdə Avropanın hər hansı ölkəsinin vasitəçilik etməyindənsə, Avropa İttifaqının formatı daha münasibdir. Ayrı-ayrı ölkələr obyektiv və qərəzsiz mövqeyə əsaslanan yanaşmalarını irəli sürsələr, daha yaxşı olar.

Yunis Abdullayev
Cebhe.info