Tofiq Zülfüqarovla sensasiyalı MÜSAHİBƏ: "Demokratlar COP29-a qədər..."
Azərbaycan hökuməti Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsindən çıxarılmasına razılıq verib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov açıqlamasında deyib. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da təsdiqləyib. Onun sözlərinə görə, İrəvan və Bakının qarşılıqlı razılığı əsasında regional kommunikasiyalar haqqında maddə sülh sazişi layihəsindən çıxarılıb.
Kommunikasiyalar blokdan açılmadan sülh sazişinin mümkünlüyü, Zəngəzur dəhlizi olmadan Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsi ilə bağı yaranmış çoxsaylı sualları “Cümhuriyət” qəzetinə müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:
- Azərbaycan sülh sazişində kommunikasiyaların blokdan açılmasına böyük önəm verib. Bu baxımdan, strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsinin mətnindən çıxarılmasına Azərbaycan nə üçün razılıq verdi?
- Mən Azərbaycanın Zəngəzur dəhlizindən imtina etməsi barədə fikirlə razı deyiləm. Azərbaycan Zəngəzur dəhlizindən imtina etmir. Sadəcə olaraq, ilkin çərçivə sazişi üzərində iş aparılır. Yəni bu, yekun sülh sazişi deyil. Zəngəzur dəhlizinə dair razılaşma 2020-ci il 10 noyabr tarixli Bəyanatda öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, həmin bəyanatda məsələnin siyasi tərəfləri deyil, hərbi-texniki mövzular müzakirə olunub. İndi isə sülh prosesinin ikinci mərhələsidir.
Tərəflər gələcək danışıqlar üçün prinsipləri müəyyənləşdirməyi qərara alıblar. Müxtəlif istiqamətlərə aid müzakirələr də bu prinsiplər çərçivəsində aparıla bilər. Bura delimitasiya və demarkasiya prosesi, humanitar məsələlər, siyasi məsuliyyət, sülh prosesinə mane olan hüquqi problemlərin həlli və sair treklər üzərində danışıqlar daxildir. İndi həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsinin mətninin 80-90 faizinin razılaşdırıldığını bildirir. Bunu nəzərə alaraq, sülh prosesinə müsbət təkan vermək üçün daha çox qısa və mahiyyətcə yekun sülh sazişi deyil, bəyannaməyə oxşayan bir sənədin imzalanması mümkün ola bilər.
Bəziləri bunu COP29-a qədər, bəziləri isə COP29 çərçivəsində imzalanmasını təklif edirlər. Bu razılaşmaya nail olmaq üçün tərəflər fikir müxtəlifliyi olan mövzuları çərçivə sazişindən çıxartmağı vacib hesab ediblər. Yoxsa Zəngəzur dəhlizi yaddan çıxmayıb. Təbii, biz istərdik ki, çərçivə sazişində Zəngəzur dəhlizinə dair hansısa bənd yer alsın. Amma ermənilər bunu istəmir. Belə olan halda biz deyirik ki, Zəngəzur dəhlizini mətndən çıxaraq. Onsuz da 10 noyabr Bəyanatında bu məsələ mövcuddur. Digər tərəfdən, baş nazirlərin müavinləri səviyyəsində başqa format da var. Gələcəkdə lazım gələrsə, bu format çərçivəsində də danışıqları davam etdirmək olar.
Lakin regional kommunikasiyaların açılması məsələsinin müvəqqəti sənədə daxil edilməməsi bunun yekun sənəddə öz əksini tapmayacağını ifadə etmir. Bu mümkün deyil. Qərb siyasətçiləri çərçivə sazişini şişirdərək səhvən sülh müqaviləsi kimi təqdim edir.
- Azərbaycanın sülh sazişi ilə bağlı təqdim etdiyi 5 prinsipdən biri kommunikasiyaların açılmasını nəzərdə tutur. Həmin təklifdən imtina edilir, yoxsa qüvvədə qalır?
- Mənim qənaətimə görə, tərəflər bu prinsiplə bağlı razılığa gəlməyiblər. Azərbaycan bu mövzuda 10 noyabr sənədində müəyyən nəticələrə nail olub. İndi ermənilər istəyirlər ki, qeyd edilən məsələ başqa şəkildə öz həllini tapsın. Görünür, Ermənistan kommunikasiyaların açılması ilə bağlı məsələnin çərçivə sazişinə 10 noyabr Bəyanatında olduğu kimi daxil edilməsini istəmir.
Fikir ayrılığı digər mövzularda da ola bilər. Məsələn, Azərbaycan və Ermənistan bir-birinin sərhədlərini qarşılıqlı şəkildə tanımaq niyyətini nümayiş etdirir. Amma söhbət hansı sərhədlərdən gedir? Sərhədlər hələ müəyyən olunmayıb. Delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Azərbaycan məntiqi baxımdan deyir ki, sərhədlərin tanınmasını prinsip kimi çərçivə sazişinə salmaq olar. Ancaq ermənilər razılaşmır və bunu yalnız Almatı Bəyannaməsi çərçivəsində mümkün hesab edir. Halbuki Almatı Bəyannaməsində sərhədlərə aid iki kəlmə söz yazılıb.
Onlar bu sənədi bir cür başa düşür, biz başqa cür. Bu da Ermənistanın etirazı üçün əsas ola bilməz. Yəni bir çox mövzular prinsip kimi qəbul olunmaq üçün hələ hazır deyil. Ola bilsin ki, prosesə siyasi təkan vermək üçün bəzi ölkələrin təzyiqi, daha doğrusu, çağırışları ilə COP29-a qədər müsbət nəticə əldə etməyə çalışırlar. Lakin bu, sülh müqaviləsi deyil. Söhbət bəyanata bənzəyən prinsiplərdən gedir.
Azərbaycan Prezidenti də demişdi ki, bu, üç-dörd səhifəlik qısa bir sənəddir. Ermənilər də Zəngəzur dəhlizi məsələsini istəmir, nə edək... Onlar öz maraqlarına uyğun mövzuları sənədə salsınlar. Azərbaycanın da öz tələbləri var. Ermənilər gedib Qərbdə təbliğat aparırlar ki, Azərbaycan danışıqları qəsdən uzadır. Azərbaycan da deyir ki, Ermənistan Konstitusiya referendumundan yayınmaqla sülhə mane olur. Əgər belə deyilsə, çərçivə sazişinə Ermənistan konstitusiyasında sülhə mane olan maddələrin ləğvinə dair bəndin salınmasına razılıq versinlər. İndi tərəflər bir-birini ittiham edirlər. Azərbaycan sülhü hamıdan çox istəyir. Ermənistan isə təzyiq altında sülhə gedir.
- Hansı tərəfin təzyiqi altında?
- ABŞ COP29-a qədər tərəflərin hansısa sənədi imzalamasına nail olmaq istəyir. Ona görə də təzyiq Vaşinqtondan gəlir. ABŞ-də seçkilərə qədər bir sənədin imzalanmasına nail olunmasını istəyirlər. Çünki nə Ukraynada, nə də Yaxın Şərqdə ciddi irəliləyiş baş verib. Demokratlar COP29-a qədər və ya həmin tədbir çərçivəsində bir çərçivə sazişinin imzalanmasını təşkil etməyə çalışırlar. Sonra da deyəcəklər ki, baxın, biz sülhə nail olmuşuq.
- Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirir ki, kommunikasiyaların açılması sülhün və iqtisadi inkişafın mühüm hissəsi olaraq. Bu da “Sülh kəsişməsi” layihəsində öz əksini tapıb.
Prezidentin köməkçisi Elçin Əmirbəyov isə bildirir ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin olunması məsələsi gələcəkdə ayrıca müzakirə olunacaq. Yəni Azərbaycan Zəngəzur dəhlizi məsələsinin müqavilədən çıxarılmasına razılıq verməsi müqabilində gələcəkdə Naxçıvanla əlaqə yaratmaq üçün “Sülh kəsişməsi” layihəsinə dəstək verə bilərmi?
-Xeyr, bunun baş verəcəyinə inanmıram. Ermənistan kommunikasiyaların Zəngəzurdan deyil, başqa istiqamətlərdən keçməsinin tərəfdarıdır. Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi birmənalıdır. Rusiya, ABŞ, İran, Türkiyə və digər ölkələrin Zəngəzurla bağlı müxtəlif maraqları var. Azərbaycanın isə mövqeyi çox sadədir. Vaxtilə bolşeviklər qanunsuz şəkildə Zəngəzuru Ermənistana verməklə Azərbaycanı iki hissəyə bölüblər. Bizim də məqsədimiz Sovet dövründə mövcud olmuş ədalətsizliyi aradan götürmək və buna son qoymaqdır. Digər qanunsuzluq ondan ibarətdir ki, Azərbaycan Göyçə gölündən məhrum olub. Halbuki, bolşevik işğalından qabaq Azərbaycanın sərhədləri Göyçə gölünün ortasından keçirdi. Biz sülh məsələsində konstruktiv mövqedə olduğumuzu göstərməliyik.
- Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri, ABŞ hərbçilərinin Zəngəzura yerləşdirilməsi kimi hadisələrlə Azərbaycanın Zəngəzur dəhlizi məsələsindəki kompromis addımı arasında bir əlaqə görürsünüzmü?
- Şoyqunun səfərinin detallarını dəqiq deyə bilmərəm. Amma İran Şimal-Cənub dəhlizinin reallaşmasını müxtəlif bəhanələrlə uzadır. Lakin Azərbaycan, Rusiya və İran dövlət başçıları Astara-Astara-Rəşt dəmir yolu xəttinin inşası məsələsini bir neçə dəfə müzakirə ediblər, sənədlər də imzalanıb. Sovet dövründə Azərbaycan Culfası ilə İran Culfası arasında dəmir yolu xətti fəaliyyət göstərirdi. Bunu yenidən gündəmə gətirmək Şoyqunun marağında idi. Çünki Rusiya cənub istiqamətində tranzit imkanlarını genişləndirmək istəyir.
Bu yolda Azərbaycan Rusiya üçün ən vacib tərəfdaşdır. Yəqin ki, Şoyqu bununla bağlı hansısa mesajları rəsmi Bakıya çatdırıb. Konstruktiv dialoq əsasında öz maraqlar balansını əldə edə biliblər. ABŞ hərbçilərinin Ermənistana gətirilməsi isə İran-İsrail qarşıdurması ilə bağlıdır. Hamıya məlumdur ki, İrəvanda ABŞ-nin böyük səfirliyi var. Orada 2000 nəfərə yaxın işçinin olduğu bildirilir. Aydındır ki, ora kəşfiyyat mərkəzidir. Məncə, indiki gərgin vəziyyətdə Zəngəzura müəyyən avadanlıqların gətirilməsi də bu məqsədə xidmət edir.
Zəngəzurda amerikalıların yerləşməsi mənasız addımdır. Çünki bu regionda Qərbin ən böyük dayağı NATO üzvü olan Türkiyədir. Ona görə də orada hərbçilərin yerləşdirilməsi məndə şübhə doğurur. Amma Ermənistana da bəzi avadanlıqların verilməsi istisna olunmur. Lakin biz bundan təşvişə düşməməliyik.
- 10 noyabr Bəyanatının siyasi taleyi necə olacaq? Çünki həmin sənədin 9-cu bəndi Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin olunmasını nəzərdə tutur. Əgər Ermənistan indiyə qədər bundan yayınırdısa, sözügedən razılaşmadan sonra ümumiyyətlə, əməl etməyəcək.
- Regional kommunikasiyaların açılması məsələsi çərçivə sazişinə daxil edilmirsə, deməli, Azərbaycan əvvəlki razılaşmaya üstünlük verir. Ermənistan bunu istəmir. Əgər yeni bir razılaşma yoxdursa, deməli, əvvəlki qüvvədə qalır.
- Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə bildirib ki, Azərbaycanın Zəngəzur dəhlizi məsələsini sülh sazişi layihəsindən çıxarılmasına razılıq verməsi müqabilində Ermənistan konstitusiyasına dəyişiklik edilməsinə nail olmaq istəyir...
- Bu məsələdə razılaşma əldə etmək olar. Yəni çərçivə sazişində qeyd edilə bilər ki, gələcəkdə sülhə mane olan hüquqi qərarlar ləğv edilməldir. Ermənistan belə bir öhdəlik götürməlidir. Azərbaycan Ermənistandan konstitusiyasını dəyişməyi tələb edəndə, onlar bizi sülh istəməməkdə ittiham edirdilər. İndi Azərbaycan kiçik güzəştə getməklə müvəqqəti sənədə imza atmağa razılıq verib. Əsas məsələlər bu sənəddə əksini tapmayıb, amma öhdəliklər prinsip kimi təsbit oluna bilər.
Müşfiq Abdulla
"Cebheinfo.az"