“Survivor”ın iştirakçısı: “Mənimlə idman etmək istəyən hər kəsi Bakıda gözləyəcəyəm” - MÜSAHİBƏ

“Survivor”ın iştirakçısı: “Mənimlə idman etmək istəyən hər kəsi Bakıda gözləyəcəyəm” - MÜSAHİBƏ

Cebhe.info-nun “Türk Ulduzları” rubrikasının növbəti qonağı “Survivor 2014” yarışmasının iştirakçısı Akın Saatçi olub.

Pilates məşqçisi olan məşhur həmçinin, aktyorluq da edir. O, “Kuzey Rüzgarı”, “Baba Ocağı”, “Adanalı”, “Deli Saraylı”, “Alemin Kıralı” və “Uçurum” kimi seriallarda rol alıb.

- Karyeranıza “Çempionlar Liqası” kimi heyəti olan “Kuzey Rüzgarı” serialı ilə başlamısınız. Həmin dönəm o qədər məşhur aktyorun olduğu seriala necə seçildiniz?

- O dönəmdə Boğaziçi Universitetində oxuyurdum, qrup yoldaşlarımdan birinin qardaşı olan Baykut Badəm “Kuzey Rüzgarı” serialının ssenaristi idi. Bir gün dərsə hazırlaşmaq üçün toplananda o məndən “belə bir serialda oynamaq istəyərsən?” deyə soruşdu. Bunun da səbəbi var idi. Çünki mən universitetə motosikletlə gedib-gəlirdim. Ssenaridəki obraz da məhz motosikletli, idmançı və hətta adı da Akın idi. Yəni heç bir təcrübəm olmamasına rəğmən canlandıra biləcəyim bir obraz idi. Beləliklə, təklifi qəbul etdim və aktyor karyerama başladım.

- “Kuzey Rüzgarı”, “Baba Ocağı”, “Adanalı”, “Deli Saraylı”, “Alemin Kıralı” və “Uçurum” kimi seriallarda rol alsanız da sanki hədəflədiyiniz səviyyədəki seriallarda çəkilməmisiniz. Bunun səbəbi nədir?

- Mən aktyorluq karyeram boyunca bir tərəfdən də digər işlərimi edirdim. Yəni aktyorluğu çox sevməmə rəğmən, mənim üçün həm idman, həm də əsl peşəm olan məşqçilik və müəllimlik hər zaman daha öndə idi. Səhər saat 5-ə qədər çəkiliş edib sonra heç yatmadan saat 6-da özümə məxsus idman zalına məşqçilik etməyə gedirdim. Buna görə seriallarla müqavilə imzalayanda da “Mütləq öz işimə davam edərəm, müəyyən saatlarda çalışmaram” deyirdim. Təbii ki, bu da seriallar üçün çox uyğun deyildi. Hətta bir neçə dəfə baş rol üçün təklif aldım, amma idmandan uzaqlaşmaq istəmədiyim üçün qəbul etmədim.

Bu da çox təbiidir. Nəticədə, o boyda layihə və çox sayda insan mənim işlərimə görə özlərini tənzimləyə bilməz. Mən də həyatda ən sevdiyim işi etdiyim üçün aktyorluğa tam olaraq keçid edə bilmədim. Amma indi geriyə dönüb baxanda qərarımdan çox razı olduğumu deyə bilərəm. “YouTube” və “Instagram”da çox izləyicim olduğuna görə yenə də serial təklifləri gəlir, amma həqiqətən heç vaxtım olmur.

- İzləyicilərin böyük bir qismi sizi “Survivor” yarışması ilə tanıdı. Yarışma dövrü sizin üçün necə keçdi?

- Çox çətin idi. Bəzi insanlar bilmədən orada yemək verildiyini, yataq və ayaqyolu olması kimi fikir yürüdürlər. Lakin qəti şəkildə deyirəm ki, həyatımın ən çətin dövrü idi. Əksinə, kamera arxasında görünən çətinlikdən artığı var idi, əskiyi yox idi. “Survivor”dakı aclıq, yuxusuzluq və davaların hamısı realdır. Başqa iştirakçılar daha sonra nə deyib bilmirəm, amma mənim yaşadıqlarım gerçək idi.

- 2023-cü ildə və ya başqa mövsümlərdə sizi yenidən “Survivor”da görə bilərik?

- Əslində 2023-cü ildə iştirak etməyim çox çətindir. Çünki 20 aylıq bir qızım var və onun ən gözəl dönəmlərini qaçırmaq istəmirəm. Həmçinin, öz işlərimin də çox olduğunu deməliyəm.

- Bəs qatıldığınız mövsümdən başqa “Survivor”dan təklif almısınız?

- Acun Ilıcalı çox yaxşı bir insandır. İş yerimin açılışına da gəlmişdi və orada məni “All Star” mövsümünə dəvət etmişdi. Amma o zaman getmək üçün hazır deyildim. Hətta hələ də hazır olmadığımı düşünürəm. Bəlkə 2024-cü ildə yenidən “Survivor”a gedərəm.

- İstanbulda bir idman salonunuz olduğunu bilirik. Aktyorluq edən biri olaraq bu, çətindir, yoxsa aktyorluq geri planda qalıb?

- İdman zalım var, amma əsas peşəm məşqçilər yetişdirməkdir. O, daha böyük məsuliyyət tələb edir. Ona görə də qızım və işim xaricində heç bir şeyə vaxt ayıra bilmirəm.

- Türkiyənin əfsanəvi seriallarından hansında çəkilmək istəyərdiniz?

- Əgər bir serialda çəkilsəydim, bunun tarixi serial olmasını istərdim. Türk tarixindəki önəmli liderlərdən və ya onların yanındakı mühüm şəxslərdən birini canlandırmaq istəyərdim. Hətta buna görə pul da istəmədən, könüllü şəkildə oynayardım.

- Azərbaycana gəlmisiniz? ümumiyyətlə, ölkəmizlə bağlı hansısa xatirələriniz var?

- Mən tez-tez Azərbaycana gəlirəm. Yəni oradakı məşqçilərlə görüşmək və təlimlər vermək üçün gəlirəm. Oradakı bütün xatirələrim çox gözəldir. Hər gələndə məni çox gözəl şəkildə qonaq edirlər və özümü evimdəki kimi hiss edirəm. Azərbaycanda olanda özümü xarici bir ölkəyə getmiş kimi hiss etmirəm. Həmçinin, Azərbaycan yeməklərini də çox sevirəm. Onu da qeyd edim ki, fevral ayında da 10 günlük Bakıya gələcəyəm. Oradakı pilates məşqçilərinə təlim keçəcəyəm və 1 günlük hamıya açıq bir çalışmamız olacaq. Məni görmək və mənlə idman etmək istəyən hər kəsi gözləyəcəyəm.

- Bəs Bakıda idman zalı açmaq hədəfiniz var?

- Əslində Bakıda bir zal açmaq istəyirəm. Amma mən ayın ən azı 10-15 gününü təlim keçmək üçün Avropaya və Amerikaya gedirəm. Yəni hər zaman işimin başında olmağım çox çətindir. Buna baxmayaraq, ortaq bir yer açmaq istəyən biri olsa, məmmuniyyətlə açaram. Beləliklə, Azərbaycana daha çox gəlmək fürsətim olar və çox da xoşbəxt olaram.

- Türkiyədə gələn il keçiriləcək prezident seçkilərində kimin namizədliyini dəstəkləyəcəksiniz?

- Kiminsə adını çəkmək yerinə sistem ilə bağlı bir seçim edəcəyəm. Mövcud prezident idarə üsuluna keçdiyimizdən bəri iqtisadiyyatımızın vəziyyəti pisləşib. Statistikalara və rəqəmlərə baxanda da bunu görə bilərik. Mənim bir idmançı kimi siyasətlə heç bir əlaqəm yoxdur. Ona görə də hansısa partiyanı dəstəkləmirəm, amma önəm verdiyim 2 məsələ var. Birincisi, iqtisadi cəhətdən son illərdə “sinifdə qalmışıq”. üstəlik, buna kiminsə “xeyr, çox yaxşıyıq” deyəcəyini də zənn etmirəm. Deməli, ilk olaraq bu sistemi daha yaxşı şəkildə düzəldəcəyini söyləyəcək namizədə səs verərəm.

İkincisi isə azadlıq və inkişaf etmiş mədəniyyətdir. Hazırda azadlıq və mədəniyyət cəhətdən Mustafa Kamal Atatürkün xəyal etdiyi və o günlərdə yaratdığı Türkiyənin çox uzağındayıq. Bu səbəbdən hansı namizəd türk mədəniyyətini pozmadan dünyadakı azaqlığa və mədəniyyətə çatacağımızı göstərsə, o da qazanacaq. Mənim 20 aylıq qızım var. Düşüncəm necə olsa, qızımı rahat oxuda bilərəm? Qorxmadan küçədə yeriyə bilməsi üçün nə lazımdır? İstədiyi yeməyi, içməyi, ayaqqabını ala bilərəm? Belə şeylərə diqqət edirəm. Amma bunlardan kənar rənglər və ya simvollar təəssüf ki, bizi ayırır.

Baxmayaraq ki, bizi gözəl hədəflər birləşdirir. Məncə, vətəndaşların da fikirləri mənimlə eynidir. Heç kim bəzədilmiş sözlərə, yollara və binalara baxmaq istəmir. İnsanlar daha yaxşı bir həyat yaşaya bilirlər, yoxsa əvvəlkindən daha çətindir? Bununla yanaşı, insanlar azad olub-olmadığını belə düşünürlər. Bu səbəbdən də bunları həll edəcək partiya və ya liderin qazanacağını düşünürəm.

Elmir
Cebhe.info