Türkiyəli ekspert: “Mühərrəm İncənin namizədliyini geri götürməsi...” - MÜSAHİBƏ

Türkiyəli ekspert: “Mühərrəm İncənin namizədliyini geri götürməsi...” - MÜSAHİBƏ

Türkiyədə seçkilər gündəmin əsas mövzusudur.

14 mayda həm prezident, həm də parlament seçkilərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Hazırda seçkilərdə kimin öndə olduğu ciddi müzakirə mövzusudur. Hər iki ittifaq da prezidentliyə namizədlərinin öndə olduğunu və parlament seçkilərində üstünlüyə sahib olacaqlarına inandıqlarını bəyan edirlər.

Bütün bu proseslər fonunda Məmləkət Partiyasının sədri Mühərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi siyasi gündəmi alt-üst etdi. Onun bu addımı xeyli diqqət çəkib. İncənin namizədlikdən geri çəkilməsinin proseslərin istiqamətini dəyişdirə biləcəyi ehtimal edilir. Buna rəğmən, seçkinin ikinci tura, yəni 28 maya qalıb-qalmayacağını da müzakirə mövzusudur.

Həmçinin, qardaş ölkədə keçiriləcək seçkilərin Azərbaycan-Türkiyə münasibətlərinə təsiri də diqqət mərkəzindədir. Xüsusilə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun son xəritə videosundakı “Türk yolu” adlandırdığı layihə ölkəmizdə çox sərt təpkilərə səbəb olub.

Bütün bu məsələləri Cebhe.info-nun “Siyasi Gündəm” rubrikasında müzakirə etdik. Qonağımız türkiyəli tanınmış siyasi şərhçi Alihan Limoncuoğludur.

- Alihan bəy, Məmləkət Partiyasının sədri Mühərrəm İncə sürpriz şəkildə namizədlikdən geri çəkildi. Bunu necə dəyərləndirirsiniz?

- Son bir neçə gündür ki, Mühərrəm İncənin namizədlikdən çəkilməsi gözlənilirdi. Əslində, Mühərrəm İncənin qazanma ehtimalı çox zəif idi. Xüsusilə, yalan da olsa dedi-qodular, saxta videolar və xəbərlər İncəni yordu. Onda psixoloji və fiziki narahatlıqlar meydana gəldi. Onu da nəzərə almaq lazımdır ki, sosial şəbəkələrdə Mühərrəm İncəyə namizədlikdən çəkilməsi ilə bağlı ciddi təzyiq göstərirdilər. Ona görə də bunun baş verməsi gözlənilirdi. ümumiyyətlə, bu seçkidə internet trolları xüsusilə sosial şəbəkələrdə çox aktivdirlər. Bəzi trolların isə əks-təsir yaratdığını düşünürəm. Məncə, siyasi partiyalar trollarına nəzarət etməlidir.

- Mühərrəm İncənin namizədlikdən çəkilməsindən sonra nə baş verə bilər? Onun səsləri kimə gedəcək?

- Onsuz da Mühərrəm İncənin səsi xeyli azalmışdı. Hətta 2 faizdən belə aşağı düşdüyü deyilirdi. Onun səslərinin isə hər üç namizədə yönələcəyini düşünürəm. Buna baxmayaraq, çox böyük bir dəyişiklik olacağını zənn etmirəm. Həmçinin, onun səsləri Ərdoğan və Kılıçdaroğlu arasında iki yerə də bölünə bilər. Amma İncənin səslərinin yarısından çoxu Kamal Kılıçdaroğluna getsə, bu iş birinci turda bitər.

- Türkiyə seçki ilə bağlı son mərhələyə gəlib. Son vəziyyətin təhlili nə göstərir? Hansı namizəd prezident olmağa daha yaxındır?

- Hal-hazırda iki namizəd ön plana çıxsa da, mütləq bir favorit yoxdur. Onlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğludur. Mübarizənin də onlar arasında başa-baş keçəcəyi proqnozlaşdırılır. Mən də eyni fikirdəyəm. Hesab edirəm ki, kimin qalib olduğu çox az bir fərqlə bəlli olacaq. Böyük ehtimalla, xalqın böyük əksəriyyəti də mənim kimi düşünür.

- İndiyə kimi seçkinin ikinci tura qalma ehtimalının çox yüksək olduğu deyilirdi. Mühərrəm İncə namizədlikdən çəkildikdən sonra bu ehtimalı necə dəyərləndirirsiniz?

- Məncə, seçkinin ikinci tura qalma ehtimalı hələ də çox yüksəkdir. Mühərrəm İncənin namizədlikdən çəkilməyi Sinan Oğanın üçüncü namizəd olaraq təkbaşına ortaya çıxmasına səbəb olacaq. Hər şeyə rəğmən seçkinin ikinci tura qalması gözlənilir.

- Sinan Oğanın şanslarını necə qiymətləndirirsiniz?

- Sinan Oğan hər iki koalisiyaya da qoşula bilər. Ona görə də Sinan Oğanın yaxşı bazarlıq edəcəyini düşünürəm. Özü onsuz da hər iki tərəflə görüşəcəyini açıqlayıb.

- 14 mayda həm də parlament seçkiləri keçiriləcək. Hər iki ittifaq da parlamentdə üstünlüyə sahib olacağına inanır. Sizcə, “Cümhur İttifaqı”, yoxsa “Millət İttifaqı” Türkiyə Böyük Millət Məclisində üstün olacaq?

- Mən iki ittifaqın da parlamentdə üstünlüyə sahib olacağına düşünmürəm. Məncə, “Cümhur İttifaqı”ndan daha çox millət vəkili seçiləcək. Təxminən 280 nəfər olacağını ehtimal edirəm. “Millət İttifaqı”ndan isə 260 və ya 270 millət vəkili seçilə bilər. Qalanlarının isə Xalqların Demokratik Partiyasından (HDP) seçiləcəyini gözləyirəm.

- Necə düşünürsünüz, bu seçki Türkiyə-Azərbaycan münasibətlərinə hansısa formada təsir edə bilər?

- Hazırda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında lider diplomatiyası dediyimiz çox yaxşı münasibətlər qurulub. Məncə, eyni münasibətlər Kamal Kılıçdaroğlu ilə qurulmaya bilər. Bu cəhətdən, seçkinin Türkiyə-Azərbaycan münasibətlərinə bir az neqativ təsir etmə ehtimalı mövcuddur. Amma Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tək millət olan iki ölkə xalqının bir-birinə duyduğu məhəbbətdən dolayı heç bir zaman ümumi olaraq mənfiyə doğru getməz.

- Kamal Kılıçdaroğlunun xəritə videosu ölkəmizdə çox böyük təpkiyə səbəb oldu. Çünki “Türk yolu” adlandırılan sözügedən xəritədə Azərbaycan yox idi. Bununla bağlı nə düşünürsünüz?

- Təəssüf ki, Kamal Kılıçdaroğlunun videosunda problem var. Onun məsləhətçilərinin başında olan ünal Çeviköz nədənsə eyni şeyi Qarabağın işğaldan azad edildiyi müharibədə də etmişdi. Açığı, bunun səbəbinin nə olduğunu bilmirəm. CHP-lilər bu suala cavab verməlidir.

Elmir Mustafa
Cebhe.info