Tofiq Zülfüqarov Bakının razılaşmayacağı planı açıqladı- MÜSAHİBƏ

Tofiq Zülfüqarov Bakının razılaşmayacağı planı açıqladı- MÜSAHİBƏ

Rusiya sülhməramlı qüvvələrin 2025-ci ildən sonra Qarabağda qalması üçün Azərbaycanla danışıqlara başlayıb. Lakin hərbi kontingentin Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsi üçün hər hansı səbəb yoxdur.

Ermənilərin böyük əksəriyyəti Qarabağı könüllü tərk edib, separatçı rejim ləğv edilib. Bölgədə münaqişə olmadığı üçün sülhməramlılar beş illik müddəti başa çatdıqdan sonra Azərbaycandan çıxmalıdır. 

Lakin Rusiya Xarici İşlər Nazirliyindən gələn açıqlamalar sülhməramlıların bölgədə saxlanılması üçün təxribatçı planların hazırlandığını göstərir. Sülhməramlı missiyanın mandatının təsdiq, yoxsa ləğv ediləcəyi ilə bağlı “Cümhuriyət”-in suallarına sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavab verib:

- Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva və Bakı ermənilərin Qarabağa qayıdışının perspektivlərini müzakirə edir. Zaxarovanın sözləri belə deməyə əsas verir ki, sülhməramlı kontingentin Azərbaycan ərazisində qalması üçün Rusiya erməniləri kütləvi şəkildə Qarabağa köçürmək niyyətindədir. Ümumiyyətlə, istər Rusiyanın, istər sülhməramlıların eməniləri Qarabağa köçürmək səlahiyyəti varmı? 

- Qanunla istənilən xarici vətəndaşın Azərbaycanda yaşaması üçün qaydalar var. Qarabağda yaşamış ermənilərlə bağlı xüsusi vəziyyət mövcuddur. Azərbaycan rəsmi olaraq bəyan edib ki, erməni əhalisi də Azərbaycan dövlətinin vətəndaşı kimi Qarabağda yaşaya bilər. Bu mövqedə dəyişikliyin olduğuna inanmıram. Azərbaycan dövləti bu məsələ ilə bağlı mövqeyini 2020-ci ildə, 44 günlük müharibədən sonra elan edib.

Sülhməramlılara gəlincə, onların səlahiyyəti və mandatı 2020-ci il 10 noyabr Bəyanatı ilə müəyyən edilib. Həmin sənəddə Azərbaycan, Ermənistan və vasitəçi qismində iştirak edən Rusiyanın öhdəliyi var. Üçtərəfli Bəyanatda heç bir bəndin ermənilərin köçürülməsi məsələsinə aidiyyəti yoxdur. Yəni Rusiya özbaşına, hansısa şərtlər irəli sürərək erməni əhalini Qarabağa qaytara bilməz. 

Ermənilərin qayıdışını təmin etmək üçün hansısa missiyaların olması istisna edilmir. Amma Azərbaycan bunun tərəfdarı deyil. Artıq vəziyyət tamamilə dəyişib. Azərbaycan Qarabağ bölgəsinin bütün ərazilərində öz qanunları çərçivəsində təhlükəsizliyi təmin etməyə hazırdır. Bu məsələdə Azərbaycana kiminsə köməyi lazım deyil. Azərbaycan Daxili İşlər Nazirliyi və digər orqanlar Xankəndi şəhərində və ətraf bölgələrdə fəaliyyət göstərir.

Ərazilər minalardan təmizlənir. Məndə olan məlumata görə, erməni əhalisi və yaraqlılar bölgəni tərk edərkən silahların bir qismini Azərbaycan ordusuna, digər qismini də sülhməramlılara təhvil verib. Mən hesab edirəm ki, artıq həmin bölgədə sülhməramlılara ehtiyac yoxdur. 

Beynəlxalq qanunlara uyğun olaraq, Azərbaycan müəyyən proseduralardan sonra digər vətəndaşları kimi erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazırdır. Rusiya sülhməramlı qüvvələrinin orada qalması mənasızdır. Çünki onların missiyası təhlükəsizlik tədbirləri həyata keçirmək, silahlı insidentlərin qarşısını almaqdır. İndi isə buna ehtiyac yoxdur.

Erməni sakinlərin reinteqrasiyası da Azərbaycan qanunları çərçivəsində ola bilər. Azərbaycan bu istiqamətdə addımlar atır. Belə məsələlərdə sülhməramlılara ehtiyac yoxdur. Bölgədə müşahidəçilər qrupunun fəaliyyətinə də zərurət qalmır. Çünki vəziyyət Azərbaycan dövlət qurumlarının nəzarəti altındadır. Ümumiyyətlə, münaqişə indi sərhəd zonasına keçir. 

Şərti sərhəddə vəziyyəti tənzimləmək üçün indi Ermənistan hansısa addımlar atır və suveren hüquqları çərçivəsində hansısa qərarlar qəbul edir. Azərbaycan da sərhəddə və həmin ərazidə yaşayan insanların təhlükəsizliyini öz imkanları daxilində təmin etmək iqtidarındadır. 

Mən Zaxarovanın bəyanatının digər bir prosesə - sərhəd mövzusuna aid olduğunu istisna etmirəm. Rusiya tərəfi, konkret olaraq Sergey Lavrov xəritələrdən danışıb. O bildirib ki, 1975-ci ildə tərtib olunmuş və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılan xəritələri sərhədlərin delimitasiya və demarkasiya üçün əsas götürülə bilər. Oxşar bəyanatları Avropa İttifaqı və Fransa Prezidenti tərəfindən də eşidirik.

Bu, əslində Moskvaya göndərilmiş mesaj kimi başa düşülə bilər. Yəni Fransa istəyir ki, Rusiyanın vasitəçilik etdiyi görüşlərdə iştirak etsin. Lakin Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmir. Amma Ermənistan bu məsələdə israrlıdır. Fransa göstərmək istəyir ki, Rusiyanın missiyasını Ermənistanın istəyi ilə birgə həyata keçirə bilər. Yəni Makronun Rusiya ilə birlikdə addım atması birinci dəfə deyil.

Hələ 2021-ci ilin yanvar ayında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşü keçirilən zaman Makron zəng edərək müzakirələrə qatılmaq istədiyini bildirib. Hətta Makronun danışıqlarının bir hissəsinin mətbuatda dərc edilməsi qalmaqala səbəb olmuşdu. İndi Fransa öz imkanlarının məhdud olduğunu dərk etdiyi üçün Rusiyanı bu məsələyə cəlb etmək istəyir. Sonra da Qranada Bəyanatı vasitəsilə bu mesaj göndərildi. 

Mən hansısa mərhələdə Rusiyanın öz maraqları dairəsində olan bəzi məsələləri Fransa ilə birgə həll edəcəyini istisna etmirəm. Yəni siyasi izolyasiyaya çıxmaq üçün sərhəddə Avropa İttifaqının və Fransanın müşahidə missiyasının mövcudluğunu qəbul etsin. 

- Deməli, Rusiya Qarabağdakı sülhməramlı qüvvələrin Azərbaycan-Ermənistan sərhədində yerləşdirlməsini istəyir...

- Sülhməramlı kontingentin Qarabağda qalması üçün heç bir əsas yoxdur. Hazırda münaqişə sərhəddədir. Ona görə də Rusiya və Fransa arasında qapalı təmasların olduğunu istisna etmirəm. Şərti sərhədin Ermənistan hissəsində Rusiya hərbçiləri var, Avropa İttifaqının müşahidə missiyası yerləşdirilib, bəzi məsələlər İranla müzakirə olunur. Ona görə də Rusiyanın hansısa mərhələdə Fransanı həmin sərhəd bölgəsinə buraxmağa razılıq verəcəyini istisna etmirəm. Amma Azərbaycanın bununla razılaşacağı sual altındadır. 

- Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiyanın sülhməramlılar vasitəsilə erməniləri Qarabağa qaytarmağa və onların təhlükəsizliyini təmin etməyə hazır olduğunu deyib. Erməniləri kütləvi Qarabağa qaytarmaq sülhməramlıların missiyasına daxildirmi?

- Xeyr, sülhməramlı kontingentin belə bir mandatı yoxdur. Mandatı əvəz edən Bəyanatın mətnində bunu əks etdirən fikirlər yer almayıb. Əgər bu hazırlıq Rusiya Xarici İşlər Nazirliyi tərəfindən görülürsə, onun ünvanı Azərbaycan tərəfidir. Azərbaycan ermənilərin qaytarılması üçün kömək lazım olsa, müraciət edər. Ancaq indiki mərhələdə bunun əsasları yoxdur. Sadəcə olaraq, Ermənistan başqa qüvvələrdən kömək almağa hazırdır və buna başlayıb. Gələcəkdə onlar sərhədçilər kimi də qələmə verə bilərlər. 

Rusiyanın sərhəd qoşunlarının Ermənistanda yerləşdirilməsinə dair müqavilədə qeyd edilir ki, bu silahlı qüvvələr MDB-nin sərhədlərini mühafizə etmək məqsədilə yerləşdirilib. Yəni bu müqavilə Azərbaycanla şərti sərhəddə aid deyil. Ona görə də Ermənistan 44 günlük müharibədən sonra müraciət edərək Rusiyadan sərhəddə müşahidə məntəqələri qurmağı xahiş edib.

Sonra Avropa İttifaqının müşahidə missiyasını Azərbaycanla şərti sərhəddə cəlb edib. Bütün bunlar Ermənistanın problemlədirdir. İndi məsələ Fransanın və Rusiyanın orada necə dil tapmasından asılıdır. Biz görürük ki, Ukrayna müharibəsinə baxmayaraq, Qərb ölkələri ilə Rusiya arasında təmaslar üçün müxtəlif formatlar var. Makronun və Lavrovun xəritələrlə bağlı bəyanatları tərəflər arasında hansısa fikir mübadiləsinin olduğunu göstərir. Çünki xəritələr indi siyasi aforizmə çevrilib. Yəni hər kəsdə mobil telefon var.

Əgər Baş Qərargahda saxlanılan xəritələrin masştabı vaxtilə məxfi saxlanılırdısa, indi hər birimizin telefonunda “Google Map” və “Google Earth” proqramları var. Müxtəlif dövlətlərin bundan da müasir proqramlar var. Fransanın Azərbaycana satdığı peykdə buna aid xidmətlər mövcud idi və İkinci Qarabağ müharibəsində bundan istifadə olunub. İndi Makron Qranadada oturub 1975-ci ilin xəritələrindən danışıb. Yəni bunlar üst-üstə düşməyən yanaşmalardır. Lavrov Rusiyanın əhəmiyyətini göstərmək üçün deyir ki, bizdə belə xəritələr var.

O, yaxşı başa düşür ki, Fransanın hərbi imkanları bölgədə bu missiyanı həyata keçirmək üçün yetərli deyil. ABŞ-nin başı seçkilərə qarışıb. Əfqanıstandan sonra ABŞ-nin hansısa ölkəyə hərbi kontingent göndərəcəyinə inanmıram. 

Ona görə də hamısı ümid edir ki, rus hərbçiləri orada olduğu halda, özləri maşınlarda gəzib Minsk Qrupunun vaxtındakı oyunları davam etdirəcəklər. Rusiya isə istəyir ki, sülhməramlıları hər iki tərəfdən sərhəddə yerləşdirsin. Biz də buna razılıq verməyəcəyik. Ona görə də sülhməramlıların böyük hissəsi Rusiyaya qayıdacaq, kiçik hissəsi yəqin ki, Ermənistanda olan Rusiya sərhədçilərinə qoşulacaq. Azərbaycanın buna ehtiyacı yoxdur. 

- Sizcə, Rusiya-Azərbaycan danışıqları  nə ilə nəticələnəcək? 

- Rusiya xarici işlər nazirinin müavini təmasları danışıqlar kimi təqdim edib. Amma bu təmaslar texniki xarakter daşıyır və danışıqlara ehtiyac yoxdur. Danışıqlar yalnız sülhməramlıların müddətinin bitməsinə altı ay qalmış fəaliyyətinə xitam verilməsi barədə Azərbaycanın müraciətindən sonra ola bilər. 

- Mariya Zaxarova Rusiyanın Azərbaycana Qarabağda birgə patrul xidməti həyata keçirməyi təklif etdiyini deyib. Patrul mandatı ilə sülhməramlıların Qarabağda qalması mümkündürmü? 

- Bizə lazım deyil. Azərbaycan Daxili İşlər Nazirliyinin funksiyaları həmin bölgədə təhlükəsizliyi tamamilə təmin etməyə imkan verir. Bizim patrula ehtiyacımız yoxdur. Öz patrulumuz var. Gedən ermənilər də qayıtmaq istəmir. Qayıdan olsa da, onların kimliyi qanunla və diqqətlə araşdırılmalıdır. Bəlkə onlar hərbi cinayətkardır? Bəlkə sonradan işğal altındakı ərazilərə qanunsuz köçürülüb? 

- Azərbaycan Prezidenti demişdi ki, ermənilər Qarabağa qayıdarsa, azərbaycanlı əhali də Ermənistandakı yurdlarına dönməlidir. 

- Əgər azərbaycanlılar Qərbi Azərbaycana qayıdarsa, o zaman Rusiya sülhməramlıları da gedib Ermənistanda patrul fəaliyyəti göstərər. Əgər Rusiya ermənilərin qaytarılması məsələsini qaldırsa, qarşılıqlı prinsip əsasında buna baxmaq olar. 

- Amma Rusiya müxtəlif bəhanələrlə sülhməramlıları Azərbaycan ərazisindən çıxartmaq istəmir..

- Əslində, məqsəd başqadır. Ermənilər iddia edirlər ki, sülhməramlılar bizi qorumur və gərək orada beynəlxalq sülhməramlı missiya olsun və bölgəyə əlavə kontingent cəlb edilsin. Qanunla bu, yalnız Azərbaycanın razılığı əsasında mümkündür. Azərbaycan nə üçün buna razılıq verməlidir?

Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirib və 2025-ci ildə çıxıb getməlidir. Əgər ermənilər təhlükəsiliklərinə təminat istəyirsə, qarşılıqlılıq prinsip gündəmə gəlir və beynəlxalq missiya Qərbi Azərbaycandan köçənlərin də öz vətənlərində təhlükəsizliyini təmin etməlidir. 

Müşfiq Abdulla
"Cebhe.info"